Həzrət Qasimin şəhadəti

Həzrət Qasimin şəhadəti
21:47 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

O gecə hamı İmama (ə) öz vəfadarlığını elan edəndən sonra dedilər ki, biz sizdən heç bir zaman ayrılmayacağıq. İmam (ə) buyurur: "İndi ki, belədir, bilin ki, biz qətlə yetiriləcəyik".

Hamısı dedi: "Əlhəmdulillah! Allaha bu cür tövfiqə görə şükür edirik. Bu, bizim üçün bir müjdədir".

Məclisin kənarında əyləşən oğlanın 13 yaşı var idi. O, fikirləşirdi ki, bu ölüm ona da aiddir, yoxsa yox? Üzünü əmisinə çevirib, dedi: "Əmican, mən də sabah şəhid olanların içərisindəyəmmi?".

Deyilir ki, bu zaman İmam (ə) bir qədər tərəddüd edir və ona cavab verə bilmir. Sonra buyurur: "Qardaşoğlu! Sən əvvəl mənim sualıma cavab ver və sonra mən sənin sualına cavab verərəm. Ölüm sənin üçün necə bir şeydir?".

Qasim deyir: "Mənim üçün baldan da şirindir. Sən əgər mənə desən ki, sabah öləcəksən, bu, mənim üçün bir müjdə olar".

Bu zaman İmam (ə) buyurur: "Bəli, qardaşoğlu! Ancaq böyük bir bəlaya düçar olandan sonra, çox çətin-çətin bir bəlaya".

Qasim dedi: "Allaha şükür olsun ki, belə bir hadisə baş verəcəkdir".

Aşura səhnəsidir. Əli Əkbərin (ə) şəhadətindən sonra bu 13 yaşlı yeniyetmə İmamın (ə) xidmətinə gəlir. Hələ həddi-büluğa çatmamışdır, boyu kiçikdir və qılınc və nizə böyük insanlar üçün düzəldiyindən, onun üçün çox böyük görünürdü.

Dedi: "Əmican! Mənim növbəmdir, icazə verin, meydana gedim". Aşura günü heç kəs İmamın (ə) icazəsi olmadan meydana getmirdi. O, ağlamağa başladı. Əmisi ilə Qasim qucaqlaşıb ağladılar. Qasim Həzrətin (ə) əllərini öpməyə başladı. Ancaq İmam (ə) icazə vermək üçün dilini aça bilmirdi. O, əllərini açdı və buyurdu: "Gəl, qardaşoğlu! İstəyirəm, səninlə xudahafizləşəm".

Qasim əllərini Həzrətin (ə) boynuna saldı və onu qucaqladı. O qədər ağladılar ki, halsız olub düşdülər.

Bu yeniyetmə öz atına mindi və meydana tərəf çapdı. Ömərin ordusundan olan hədis yazan nəql edir ki, biz bir uşaq gördük ki, ata minmişdi. Başına zireh papaq yerinə, əmmamə bağlamışdı. Ayağında çəkmə deyil, adi bir ayaqqabı geyinmişdi. Ayaqqabısının bir bağı da açıq idi. Bu uşaq o qədər gözəl bir uşaq idi ki, Aya bənzəyirdi. Qasim bizə tərəf gələndə gözündən hələ də yaş axırdı. Vuruşmazdan əvvəl döyüşçü özünü tanıtmalı idi və hamı təəcüb edir ki, bu uşaq kimdir? İnsanların qarşısında dayanıb, fəryad çəkdi: "Ey insanlar! Əgər məni tanımırsınızsa, mən Həsən ibni Əli ibn Əbutalibin oğluyam!".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra Qasim meydana daxil olur və İmam (ə) öz atını hazır edir. Siz İmamın (ə) o anda çəkdiklərini bir düşünün! Necə də ağrılı və ürək yandıran bir səhnədir. O, Qasimin səsini eşidir və gözləyirdi. Qasim birdən fəryad çəkir: "Əmican!".

Hədisi nəql edən yazır ki, biz başa düşmədik ki, İmam (ə) hansı sürətlə atına minib, onun yanına çapdı. Qasim atdan düşən kimi ətrafını 200 düşmən əsgəri bürüdü. Biri Qasimin başını kəsmək istəyirdi. Ancaq İmamı (ə) görən kimi hamısı qaçdılar. Atlar o yan-bu yana çapırdı və tozdan göz-gözü görmürdü. Toz yatan kimi görürlər ki, İmam (ə) Qasimin başını qucağına almışdır. Qasim can verirdi və ağrının şiddətindən ayağını torpağa çırpırdı.

Əba Abdullah (ə) buyurdu: "Qardaşoğlu! Necə də mənim üçün ağrılıdır ki, sən fəryad çəkirsən, ancaq mən sənə cavab verə bilmirəm. Sənin yanına gəlirəm, ancaq sənin üçün bir iş görə bilmirəm, bu, necə də ağrılıdır!".

Allah bütün Kərbəla şəhidlərinə rəhmət etsin və bizlərə də onlara layiq olmağı inayət etsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/784981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR