Təhsil haqları azaldılacaqmı? - "Gələn ildən dövlət universitetlərində..." - MİLLƏT VƏKİLİ

Yaxın günlərdə 2-ci kurs tələbəsinin təhsil haqqını ödəyə bilməməsi üzündən evdən qaçması, bundan öncə tələbənin təhsil haqqı ucbatından intihar etməsi kimi olaylar göstərir ki, ölkəmizdə təhsil haqqları yüksəkdir. Həmçinin yüzlərlə tələbənin bu səbəbdən təhsildən imtina etməsi halları da mövcuddur. Bəs bu sahədə hansı islahatlar və güzəştlər mümkündür? Verilən təhsil illik təhsil haqqına uyğundurmu?

Metbuat.az məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Saytımıza danışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu sahədə müəyyən islahatlar mümkündür və gələcəkdə bunlar nəzərə alınacaq:

“Təhsil haqqının azaldılması avtomatik olaraq orada işləyən müəllimlərin əmək haqqlarının azaldılmasına gətirib çıxardacaq. Çünki, ödənilən təhsil haqqının müəyyən bir hissəsi pedaqoji kollektivin əmək haqqına ayrılır. Hesab edirəm ki, sadəcə olaraq əlçatan təhsil kreditlərinin verilməsi prosesinə başlamaq lazımdır. Ya bir təhsil fondu yaradılmalıdır, bir neçə yüz milyon manatlıq büdcə ilə, hansı ki, ehtiyacı olan ailələrə aşağı faizlə, uzunmüddətli kredit versin. Ya da banklar yalnız tələbə kontingenti üçün bu addımı ata bilərlər. İstənilən halda yəqin ki, Milli Məclisin büdcə müzakirələrində bu məsələlər yer alacaq. Bu proseslər gedir. Cənab prezidentin göstərişi ilə artıq gələn il dövlət universitetlərində oxuyan tələbələrin 50%-i dövlət hesabına təhsil alacaqlar. Gələcəkdə bu faizin artırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, insanların gəlirlərinin az olduğunu nəzərə alsaq, təhsil haqqları həqiqətən də yüksəkdir:

“Təhsil haqqlarının azaldılmasına əlbəttə ehtiyac var. Minimum əmək haqqını nəzərə aldıqda görürük ki, təhsil haqqı çoxdur. Düzdür bəzi dövlət universitetlərində, əsasən də regiondakı universitetlərdə bir qədər aşağıdır. Məsələn, Mingəçevir Dövlət Universiteti, Gəncə, Lənkəran, Sumqayıt və s. Kimi universitetlərdə təhsil haqqı münasibdir. Amma bəzi universitetlər var ki, təhsil haqqları 4 min, 5 min manat civarındadır və bu da ailələrin təhsil haqqını ödəyə bilməməsinə gətirib çıxarır. Bu səbəbdən bəzi tələbələr ali məktəbdən imtina edirlər, təhsili dayandırırlar, hamısı sırf bu maddi sıxıntı ucbatından. Ona görə də, təhsil haqqlarının azaldılmasına ehtiyac var. Cənab prezidentin Sərəncamı ilə bu il dövlət sifarişli yerlərin sayı artırılıb. Bu təhsilin əlçatımlılığını təmin etməyə hesablanmış bir addımdır. Bunu bizim universitetlərdə düşünməlidirlər. Məsələn tutaq ki, bir ailə 2 min manat, 1800 manat təhsil haqqını ödəyə bilmirsə, demək ki, burada sıxıntı var.

Təhsil haqqlarının yüksək olması bəzən başqa nəticələrə də gətirib çıxarır. Tələbələr Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələrə üz tuturlar. Düşünürlər ki, Azərbaycanda hər hansı bir təhsil müəssisəsinə 3500-4000 manat verincə, xaricdə daha prestijli universitetdə təhsil alaram. Ən yaxşı addım o olardı ki, universitetlər müəyyən güzəştlər tətbiq edərdilər, məsələn, topladığı bala görə güzəşt oluna bilər, yaxud semestr imtahanlarında uğurlu nəticə göstərən tələbələrə güzəşt edilə bilər”

Təhsil eksperti Elşən Qafarov isə qeyd etdi ki, verilən təhsil istənilən səviyyədə deyil, lakin təhsil haqqı yüksəkdir:

“Bu gün ölkədə 50-dən çox təhsil müəssisəsi olmasına baxmayaraq, elə bir müəssisə yoxdur ki, hər hansı beynəlxalq qrand layihəsi keçirsin, hər hansı elmi kəşf etsin, elmi araşdırma aparsın və oradan gəlir götürə bilsin. Ona görə də, gəlirlərinin əsas hissəsi təhsil haqqlarından formalaşır. Üstəlik təhsil səviyyəsinin lazımi səviyyədə olmamasına baxmayaraq, bu gün əksər ixtisasların təhsil haqqı 1800-2000 manatdır. Hətta bəzi universitetlərdə 5-6 minə gəlib çatır ki, bu da çox astronomik bir rəqəmdir. Bizim kolleclərdə illik təhsil haqqı 900 manat, Türkiyədə isə aparıcı universitetlərin illiyi 600 manatdır. Məhz bunun nəticəsidir ki, yaxşı oxuyan tələbələrimiz xaricə üz tutur. Düşünürəm ki, ölkəmizdə universitetlərin illik təhsil haqqı 500-600 manatdan, orta ixtisasların qiyməti isə 300-400 manatdan çox olmamalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR