"Bizdə müəllimlərlə şagirdlər arasında qəribə bir sədd var" - Gənc müəllimlə MÜSAHİBƏ

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Heydər Əliyev müəllimlər haqqında deyirdi: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”.

Metbuat.az bildirir ki, bu əlamətdar gün münasibəti ilə ölkəmizin gənc müəllimlərindən biri ilə söhbətləşmək istədik. Müsahibimiz isə Qobustan qəsəbəsi 195 saylı orta məktəbdə “Tarix” fənnini tədris edən gənc müəllim Azər Quliyevdir.

İlk öncə bu gün münasibəti ilə təbrik edirəm.

Minnətdaram. Belə bir gündə biz müəllimləri yada saldığınız üçün təşəkkür edirəm.

Bizə özünüz və iş həyatınız barədə danışardınız.

Mən 1988-ci ildə Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişəm. 3 ildir ki, məktəblərdə və özəl kurslarda müəllim kimi fəaliyyət göstərirəm.

Bu peşəni özünüz istəyərək seçmisiniz yoxsa həyat belə gətirib?

İlk vaxtlar həyat belə gətirdi ki, seçməli oldum. Amma, bugünki günümdə mən hədsiz dərəcədə sevinirəm ki, həyat belə gətirib. Çünki doğrudanda qürurverici və insanı riqqətə gətirən bir peşədir. Bu peşəyə təkcə gəlir mənbəyi kimi deyil, bütün varlığınla yanaşanda və sevdiyi peşə ilə məşğul olanda insana çox qəribə hisslər verir və mən bu hisslərə görə çox sevinirəm ki, sırf bu peşəni seçmişəm.

Necə düşünürsünüz, şagirdlər üçün gənc müəllimlərlə dialoq qurmaq daha asan olur, ya əksinə, yaşlı müəllimlərlə?

Fikrimcə gənc müəllimlərlə daha asan olur. Çünki, gənc müəllimlərə uşaqlar daha həvəsli olurlar. Gənc müəllim görəndə özlərini daha məsuliyyətli, daha doğma, daha yaxın hiss edirlər. Müəllimlər də öz növbəsində bu səmimiyyətə qarşılıq verəndə aralarında güclü bir dost münasibəti yaranır, hansı ki, tədrisdə bu çox vacibdir. Hər şeydən vacib səmimiyyətdir.

Sizin üçün şagirdlərlə ünsiyyətdə yaş faktoru problem yaratmır ki?

Əksinə, mən bacardığım qədər bu faktordan istifadə etməyə çalışıram. Bizdə müəllimlərlə şagirdlər arasında qəribə bir sədd var. Mən çalışıram ki, bu səddi bir qədər yumşaldım. Çünki, şagirdlər nə qədər səmimi və xoş münasibət görürlərsə, daha da ürəyli və həvəsli olurlar dərslərə qarşı.

Deyirlər ki, sovet vaxtı müəllimə Allah kimi baxardıq, elə bilirdik müəllim yemək yemir, yatmır. İndi isə belə deyil. Sizcə nə dəyişib?

Deməzdim ki, Allah kimi baxırdılar, sadəcə müqəddəs şəkildə münasibət var idi. Onun özünün də özəlliyi, gözəlliyi var idi. Sözsüz ki, müəllimin nüfuzuna müsbət təsir edirdi. İndiki gün bir az vəziyyət fərqlidir. Məncə, o münasibətlərdə də mənfi cəhətlər var. Şagirdlərin müəllimi müqəddəs görmələri yaxşıdır. Amma onu bir örnək kimi, nümunə kimi görməlidirlər.

Pis şagird olur, yoxsa pis müəllim?

Hər iki variant var. Sırf desək ki, pis müəllim olmur, ya pis şagird olmur, yanlış olar. Həm pis şagirdlər olur, həm də pis müəllimlər. Sadəcə, pis şagird anlayışı bundan yaranır ki, şagirddə təkcə müəllim faktoru yox, ailə faktoru da, cəmiyyət faktoru da rol oynayır. Müəllimdə isə həmçinin, təkcə savad deyil, şəxsiyyət faktoru da önəm daşıyır, cəmiyyətdəki nüfusu və planları da. Müəllim işini sırf gəlir mənbəyi olaraq düşünürsə, şagird ondan nə öyrənəcək? Yaxud müəllim də var ki, bütün varlığını qoyur peşəsinə, maddiyatdan öncə onu maraqlandıran şagirdlər olur. Bu da bir başqa variantdır.

Sizcə ölkəmizdə gənc müəllimlər üçün hansı çətinliklər və problemlər var?

Çətinliklər deyəndə ilk əvvəl başlayır maddi çətinlik. Bir çox ölkələrdə - istər qonşu Türkiyə, Almaniyada müəllimlərə xüsusi bir önəm verilir. Həmişə Atatürkün bir məsəlini çəkirəm mən, Mustafa Kamaldan soruşurlar ki, nazirlərin maaşı nə qədər olsun? Deyir, müəllimlərin maaşını ötməsin. Maddi məsələyə önəm verilməlidir. Başqa ciddi problemin olduğunu düşünmürəm. Gənc müəllimlərin işə qəbulu tamamilə şəffaflaşdırılıb, istənilən adam öz savadına güvənərək, imtahanlardan keçərək layiq olduğu yerə gedib çıxa bilər.

Azərbaycan müəllimini necə görmək istərdiniz?

Mənim fikrimcə, hər bir millətin təhsil sistemi o millətin milli düşüncəsinə uyğun qurulmalıdır. Azərbaycan müəllimi Azərbaycançılıq əqidəsi, Azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir müəllim olmalıdır ki, bu ideyanı uşaqlar arasında da təbliğ edə bilsin. Fərq etmir tarix müəllimisən, riyaziyyat müəllimisən, ilk öncə məsələ əqidədən başlamalıdır. Çünki, insanın savadından öncə onun şəxsiyyətidir.

Təhsil sahəsində gənc nəsillə yaşlı nəslin fikir ayrılığı olurmu?

Ümumiyyətlə, yaşlı və cavan nəsil arasında belə hallar bütün dövrlərdə olub. Istər Azərbaycanda, dünyanın başqa yerində daim qocalar və cavanlar problem var. Lakin qocaların da içində elələri var ki, onlar istəyirlər bizə dəstək olsunlar, kömək etsinlər – yəni böyüklüyə layiq insanlardır. Elə insanlar da var ki, onlar bacardıqları qədər çalışırlar maneə olsunlar. Elə bilirlər ki, onların yerini tutacaqsan.

Bu gün münasibəti ilə həmkarlarınıza nə demək istəyirsiniz?

Bu gün münasibəti ilə bütün əqidə yoldaşlarıma bu böyük, şərəfli yolda uğurlar arzulayıram. Həqiqətən də, biz seçilmiş insanlarıq. Bütün həyatımız boyu, bütün varlığımızı qoyaraq çalışmalıyıq ki, bizlərdə milli qeyrət olsun. Həsən bəy Zərdabi bir xeyriyyə fondu yaradır. Bu vaxt bir erməni də belə bir fond yaradır və gəlirlər Qarabağa. Qarabağda Zərdabini çox xoş qarşılayırlar, yedirib içirirlər. Məsələ gələndə müsəlman uşaqların təhsil almasına, hərəsi bir kənara çəkilir. Amma ermənilərdə əksinə, tarix boyu bu belə olub. Bu vaxt bir Mkrtıç adlı kəndli gəlir, erməni xeyriyyəçisinə bütün illik qazancını verir. Zərdabiyə isə yardım edən olmur. Bu hadisədən sonra Zərdabi “Molla Nəsrəddin”də belə yazır: “Bir dənə Mkrtıçda olan milli qeyrət bizim bütün Qarabağ bəylərində yoxdur”. İndi mən də bu müqəddəs gündə bütün müəllimlərmizə milli qeyrət arzulayıram.

Zaman ayırdığınız üçün təşəkkür edirəm.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR