"Milli şura" üçün London, Bağdad nümunəsi - Və ya asayişi təmin etməyin Azərbaycan modeli

“Heç bir ölkədə ayrı-ayrı qurumların sərbəst toplaşmaq hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AXCP-“Milli Şura” cütlüyününü 8 oktyabr tarixli piketi barədə yazıb, sosial şəbəkədə paylaşdığı bu fikirlərinin isbatı üçün faktlar axtarmağa ehtiyac yoxdur. Yaşadığımız günlərdə dünyanın iki “əks-qütblü” ölkəsində, Böyük Britaniya və İraqda yaşananlar bu tezislərə əyani sübutdur.AXCP-“Milli Şura”-cütlüyünün Bakıda təşkil etdikləri aksiyalarla eyni gündə Londonda və Bağdadda da aksiyalar keçirilib.Amma London polisi və Bağdad hərbçiləri həmin aksiyaçılarla fərqli davranıblar. London polisi ətraf mühitin qorunması yolunda daha çox iş görülməsi tələbi ilə keçirilən nümayişlər zamanı vətəndaş itaətsizliyi göstərdikləri üçün 300-dən çox etirazçını həbs edib. Böyük Britaniyanın baş naziri Boris Conson polisin bu əməllərinə haqq qazandıraraq, aksiya iştirakçılarını "ipə sapa yatmayanlar" adlandırıb ( https://www.amerikaninsesi.org/a/londonda-300-d%C9%99n-%C3%A7ox-%C9%99traf-m%C3%BChit-f%C9%99al%C4%B1-h%C9%99bs-edilib/5114961.html?ltflags=mailer.) Nəzərə alaq ki, hələ London nümayişçilərinin tələbi siyasi deyil, ekoloji inkişafla bağlıdır. "Extinction Rebellion" adlanan qrup üzvləri siyasətçilərin karbon tullantılarının azaldılması ilə bağlı səyləri artırmalarını tələb edərlər. Həm də bu aksiyalar qlobal xarakterlidir: İngiltərə, Almaniya, Avstriya, Avstraliya, FransaYeni Zelandiya daxil olmaqla əksər ölkələrdə keçirilib. Amma Britaniyalı aksiyaçılar dinc aksiya şərtlərini bir az pozublar: Londonda yol hərəkətinin dayanmasına səbəb olublar. Polis də qarşılığında 319 nəfəri həbs edib. London, dünyanın demokratik ölkələrindən birinin paytaxdıdır. Ona görə də polisin asayişi pozan aksiyaçılara qarşı davranışı bir qədər “loyal” olub, cəmi 319 nəfəri həbs etməklə kifayətlənib.

İraqda isə asayiş pozucularına qarşı daha sərt davranıblar. İraq hərbçiləri hökümt əleyhinə etiraz edən insanlara qarşı silah işlədiblər. Nəticədə 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb ( https://www.amerikaninsesi.org/a/i%CC%87raq-prezidenti-etiraz%C3%A7%C4%B1lara-qar%C5%9F%C4%B1-h%C3%BCcumlar%C4%B1-q%C4%B1nay%C4%B1r/5114984.html?ltflags=mailer). Aksiya iştirakçılarına qarşı davranış o qədər acınacaqlı olub ki, İraq prezidenti Barham Salih özü hökümət əleyhinə etiraz edən qarşı hücumları qınayıb, bəyanat verib, zorakılıq törədən kəsləri cəzalandıracağını açıqlayıb.

Düzdür, aksiya iştirakçılarına qarşı silah işlətmək, öldürmək, yaralamaq, xəsarət yetirmək yanlış addımdır, qınanmalıdır. Amma istənilən halda beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar tətbiq edilməsi təcrübəsi mövcuddur. Kimisi bu sanksiyanın mədəni formasından, kimisi də ən qədar formasından faydalanır: fərq London polisinin və Bağdad hərbçilərinin sərgilədiyi münasibət qədərdir. Bu arada bir nümunəni də Azərbaycan polisi göstərdi.

AXCP –“Milli Şura” cütlüyü BŞİH ilə razılaşdırdığı piketin şərtlərini ilk andan pozdu. AXCP sədri, blogger Əli Kərimli sosial şəbəkələrdə vətəndaşlara müraciət edərək, onları 8 oktyabr aksiyasını “müşahidə etməyə” çağırdı. Bəllidir ki, məqsəd piketlər üçün razılaşdırılmış həddən artıq sayda adam toplamaq, şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq, say imkan verərsə, qarşıdurmaya getmək, bunun üzərində piar kampaniyası aparmaq idi. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları son ana qədər davam etdi, niyyətin heç də dinc aksiya keçirmək olmadığını göstərdi. Sonradan bu ehtimalı gücləndirən başqa məqamlar da ortaya çıxdı.Hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə olan küçələrdə, dalanlarda toplaşan insan qrupları göründü. Həmçinin, aksiya başlamamışdan əvvəl, aksiya üçün ayrılmış yerlərdən kənarda, insanların intensiv hərəkət etdikləri məkanlarda müxtəlif şüarlar səsləndirən qruplar ortaya çıxdı. Bunlar piket təşkilatçılarının hökuməti təxribata çıkmək üçün qurduqları oyun idimi? Yoxsa piket təşkilatçılarının iradəsindən kənar formalaşmış, onlardan bir vasitə olaraq istifadə etmək istəyən hansısa qüvvənin təmsilçiləri idilərmi?

Hər iki halda məsuliyyət piket təşkilatçılarının üzərinə düşür. Əgər polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətməkvə s bu kimi əməllər piket təşkilatçılarının özlərinin məkrli planları idisə, çox pis. Deməli, hələ də, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu qruplar ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışırlar. Əgər həmin nizamsız qruplar onların iradəsindən kənar formalaşıbsa, onda daha pis. Deməli, təşkilatçılar öz vədlərinə əməl edə bilmirlər, piketlərin dinc şəraitdə, zərərsiz ötüşməsini təmin etməyi bacarmırlar.

Hər nədirsə, 8 oktyabr piketiAXCP-“Milli Şura” idarəçilərininbacarıqsız və məkrli olmaları, təhlükəli oyunlara baş vurduqlarıfaktını bir daha üzə çıxardı.

Yaxşı ki, Azərbaycan polisi vəhakimiyyət qurumları adekvat davrandılar. Planlaşdırılan təxribatların qarşısı alındı. Nə Londonabənzər yüzlərlə adam həbs edilmədi, nə də İraqa bənzəraksiya iştirakçılarına zor tətbiq edilmədi. Təxribatçılar üsulluca zərərsizləşdirildilər, avtobuslara topladılıb evlərinə yola salındılar.

Bu da asayişi təmin etməyin Azərbaycan modelidir.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR