Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirilib

Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirilib
13:57 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, okytabrın 8-də Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ikinci Azərbaycan xalq mahnıları festivalının açılış mərasimi olub.

Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının layihəsi olan festival Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  iştirakı ilə keçirilir.

Açılış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov diqqətə çatdırdı ki, "Azərbaycan xalq mahnıları" festivalı artıq ikinci ildir  keçirilir. Ümumilikdə ölkəmizdə hər zaman iri miqyaslı tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Bütün bu nailiyyətlərin, uğurların arxasında dövlətimizin qayğısı durur. Onu da qeyd etməliyik ki, bu gün ölkəmizin milli incilərinin, milli folklor musiqimizin təbliğatı istiqamətində ölkəmizin birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə bu milli sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur. Təşkil etdiyimiz  bu festivalda, xalq mahnılarımızın nə qədər zəngin kökə malik olduğunun bir daha şahidi oluruq.

Daha sonra festivalın ilk konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri (bədii rəhbər Xalq artisti Adil Bağırov) ansamblının müşayiəti ilə zamanın axınından süzülüb gələn, dildən -dilə , könüldən -könülə hoparaq bu günümüzdə də sevilən xalq mahnılarımızı Xalq artistləri Teymur Mustafayev, Zabit Nəbizadə, Əməkdar artistlər Təhmiraz Şirinov, Gülüstan Əliyeva, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva və digər sevilən ifaçılar təqdim etdilər. Mövzu və məzmun müxtəlifliyi, musiqi və poetikliyi ilə bir-birindən rəngarəng repertuar tamaşaçıların alqış sədaları ilə mükafatlandırıldı.

Qeyd edək ki,  Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir. Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində oktyabrın 10-da festivalın növbəti konsertini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri təqdim edəcəklər.  Beynəlxalq Muğam Mərkəzində günorta saatlarında universitetin tələbə və müəllim heyəti "Apardı sellər Saranı", " Yar bizə qonaq gələcək", "Aşıqəm kimə yalvarım" , "Gör nə məlahətlisən" deyib, məlahətli ifaları ilə könülləri xoş edəcəklər.  12 oktyabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində AMK nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında xalq mahnıları, saat 19:00-da isə instrumental ifada xalq mahnıları konsertində  tanınmış sənətkarlar, xalq artistləri olan instrumental ifaçılarımızın çıxışları olacaq. Festivalın bağlanış mərasimində 13 oktyabr saat 19:00-da isə BMM səhnəsində  "Muğam Televiziya Müsabiqəsinin" laureatları olan gənc xanəndələrin ifası təqdim ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/793128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR