Cəmilin Qasımı... - Arada güzgüyə bax

Cəmilin Qasımı... - Arada güzgüyə bax
16:03 10 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Naçalnik Kəblə Qasımdan soruşdu: “Budurmu bəyin tərifli atları”.

Kəblə Qasım “Bəli” deyə cavab verdi. Naçalnik axura tərəf getdi və Qurbanəli bəyi gördü:

- A.. a.. a.. rəfiq sən burda imişsən!

İndi Milli Şuraya sədrlik edən Cəmil Həsənli müəllim-bəy hər dəfə danışanda rəhmətlik Cəlilin Qurbanəli bəyi, hekayənin kulminasiyası sayılacaq axur səhnəsi və naçalnikin dediyi sözlər yada düşür.

- A.. a.. a.. Cəmil bəy, sən burda imişsən!

Cəmil müəllim-bəy də Qurbanəli bəy kimi gecə ziyafət mərasimlərində süfrə sahiblərinin hər istədiyini edib, gündüz tamam dəyişənlərdəndir. Dünən ziyafət mərasimdə süfrə sahiblərinə təriflər yağdıran müəllim-bəyin bu gün Əli Kərimlinin arxasında gizlənməsi o qədər də təəccüblü deyil. O da təəccüblü deyil ki, son günlər tarixçi, ziyalı, professor, keçmiş müşavir, prezidentliyə iddialı olan Həsənli “qonşu Qasımı” qabağa verməklə məşğuldur. Onun son statusuna baxsanız, anlayacaqsınız.

Hakimiyyət “trolları” ilə mübarizə apardığını iddia edən Həsənli nəql edir ki, qonşusu Qasım kişini payız çubuğun ucuna bir rezin parçası bağlayıb şirəyə yığışan qara milçək öldürürmüş, hələ onda milçək öldürən aparat kəşf edilməmiş imiş və bu işdə Qasım kişi çox irəli getmiş imiş, mal dilinə bənzəyən “silahın” işə salanda bir dəfəyə bir neçə milçəyi cəhənnəmə vasil edirmiş.

Rəvayəti danışıb başa çatdıran müəllim-bəy hakimiyyət “trolları” adlandırdığı şəxsləri, medianı və sosial şəbəkələrdə aktiv olan ictimai fəalları nəzərdə tutaraq, təklif edir ki, “Qasım kişidən fərqli olaraq biz gərək “personal” qaydada onları cəhənnəmə vasil edək”.

Diqqət edin, bu sözlərin müəllifi bu ölkənin prezidenti olmağa iddia edir...

Cəmilin Qasımı Cəlilin Qasımı deyil və prezidentliyə iddialı olan bir şəxsin “Qasımın” arxasına sığınaraq, milçək söhbəti ilə sosial şəbəkələrdə bəyənmə toplamağa çalışması Cəmillə Cəlilin, Azərbaycan cəmiyyətinin düşüncə səviyyəsi ilə bu kəslərin arasındakı uçurumu ortaya çıxarır.

Və bu uçuruma körpü salıb müəllim-bəyin diqqətinə “İndi kim olduğunu bilmək istəyirsənsə, keçmişdə kim olduğunu öyrən” kəlamını çatdırmaq və nəql etmək istəyirik ki, 14 il öncə bir bəy var idi, biri yox idi...

... 2005-ci il, parlament seçkiləri. AXCP məğlubiyyətini ört-basdır etmək üçün seçkidə qazandığı bir neçə mandatdan imtina etdi. Bu vaxt Cəmil Həsənli 9 illik sədr müavinliyi etdiyi partiyanı bir mandata dəyişdi və partiyadan istefa verdi. 9 il müavin postunu daşıyan “bəy” bir qələmdə silahdaş dediyi insanları sildi. Parlamentin kürsüsü deyəsən ona yaxşı təsir etmişdi. Vaxtilə hakimiyyətə olmazın ittihamlar irəli sürən Həsənli kürsünün istiliyində əriyərək muma döndü. Hətta yeri o qədər isti idi ki, 5 illik fəaliyyətini başa vuran Milli Məclis yeni seçkilərə gedəndə Cəmil Həsənli yerindən qalxmaq istəmirdi. Ona birtəhər başa saldılar ki, qayda budur, qalxmaq istəmədiyin kürsü səni yalnız 5 il daşıya bilər. Cəmil Həsənli də onu 5 il daşıyan kürsünün haqqını pis vermədi. Vaxtilə ittiham etdiyi iqtidarın müdafiəsinə qalxdı, – bu iqtidara çox da lazım olmasa da – silahdaş dediklərini ağ yuyub - qara sərdi və bütün bunları heç kim ondan istəmədiyi halda etdi. 2010-cu ildə məlum oldu ki, Cəmil Həsənli bütün bu canfəşanlığı kürsüsünü qorumaq üçün edibmiş.

... 2010-cu il, parlament seçkiləri. Parlamenti formalaşdıran seçicilər Cəmil Həsənliyə mandat tanımadı. Görünür, 5 il kürsünün istiliyinə alışan Həsənli özünə əziyyət verərək seçicinin görüşünə getmək üçün yerindən qalxmayıb. Vaxtilə bir mandata “silahdaşlarını” söyən tarixçi-siyasətçi, elə bir mandata görə vaxtilə onu isidən kürsüyə üz çevirdi. Silahdaşlarından bağışlanmağı diləyən Həsənli “Xaç atası” Korleonenin şəxsi vəkili Tom Hagendən daha çox iş gördü və Əli Kərimlinin “xaç atalığını” qazana bildi.

... 2013-cü il, prezident seçkiləri. Mandat ümidini itirən Cəmil Həsənli prezidentlik sevdasına düşdü. Həmin vaxt o, Əli Kərimli tərəfindən bağışlanmışdı və söymək üçün yeni hədəfi var idi. Milli Şuranın “vahid namizədliyinə” namizədliyi irəli sürülən sessiyada Cəmil Həsənli o qədər “səmimi” davranırdı ki, adamın 2005-ci ildə “mandat satqını” olduğuna inanmaq mümkün deyildi. Cəmil Həsənli düşdüyü prezidentlik eşqinə görə bu dəfə daha “böyük tender”ə əl atdı. Yox, nə AXCP, nə də iqtidarı satmadı. O, haqqında təriflər yağdırdığı Qərbi Rusiyaya dəyişdi.
Rusiyada hazırlanan ssenari ilə gündəmə gələn Milli Şuranın prezidentliyə namizədi oldu. Prezident seçkilərində eşqi daşa dəyən Həsənli “arxa çevirmək” prosesini çox da gecikdirmədi. Yenidən Rusiyanın layihəsində yer almaqla satdığı Qərbə üz tutdu. “Mən prezidentəm, seçkinin nəticələri ləğv olunur” deyə bağıra-bağıra getdiyi Vaşinqtondan suyu süzülə-süzülə qayıtdı. Hər halda “siyasi biznes” “saqqız biznesinə” bənzəmir.

Tarix də onun yaddaşına bənzəmir, yazdığı kitabları, atdığı imzaları, “don Korleonları”, mandatları və kürsüləri, rusları və ingilisləri unutmasın, bir də məsləhətdir ki, arada güzgüyə baxsın...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/292707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR