Məkkə müşriklərinin fitnəsi belə ifşa olundu

Məkkə müşriklərinin fitnəsi belə ifşa olundu
23:57 13 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: "Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür.

Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar, sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 217).

Bu ayənin nazil olması barəsində nəql olunur ki, Bədr döyüşündən əvvəl Allahın Rəsulu (s) Abdullah ibni Cəhəşi çağırır və ona bir məktub verir. Ona mühacirlərdən olan səkkiz nəfər verir. Əmr edir ki, iki gün yol gedəndən sonra həmin məktubu açsın. Abdullah da Həzrətin (s) buyurduğu kimi, iki gün yol gedəndən sonra məktubu açır.

Məktubda belə yazılmışdı: "Məktubu açandan sonra Nəxlə adlı yerə get ki, Məkkə ilə Taif arasında yerləşir. Orada Qureyşi izlə. Orada baş verənləri mənə xəbər ver".

Abdullah məktubda yazılanları onunla gedən mühacirlərə danışır və əlavə edir: "Peyğəmbər (s) məni sizi bu yolu getməyə məcbur etməkdən çəkindirmişdir. Ona görə də hər kim şəhadətə hazırdırsa gəlsin və istəməyənlər qayıtsınlar".

Lakin onların hamısı Abdullah ilə birlikdə gedirlər. O zaman ki, Nəxləyə çatırlar, Qureyşin karvanı ilə üzləşirlər ki, Əmr ibni Həzrəmi orada idi. Rəcəb ayının son günləri idi və onlarla vuruşmaq üçün məsləhətləşməyə başladılar.

Bəziləri dedi ki, əgər bu gün onlardan əl çəksək, Hərəmə daxil olacaqlar. Bu zaman onlara etiraz edə bilməyəcəyik.

Buna görə vuruşmağı qərara aldılar və igidcəsinə vuruşdular. Əmri məhv etdilər.

Karvanı isə iki nəfərlə birlikdə Həzrətin (s) xidmətinə gətirdilər.

Həzrət Peyğəmbər (s) onlara buyurur: "Mən sizə əmr etməmişdim ki, haram aylarda vuruşmayasınız?".

Mücahidlər peşman oldular və hamı onları qınamağa başladı. Müşriklər də bu fürsətdən istifadə edib, şayiə yaydılar ki, Peyğəmbər (s) haram ayda vuruşmağı halal elan etmişdir.

Elə bu zaman yuxarıdakı ayə nazil oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR