“Azərbaycan”ın növbəti payız görüşü

“Azərbaycan”ın növbəti payız görüşü
18:29 21 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan” jurnalının 10-cu sayı oxucuların görüşünə "Xüsusi buraxılış" layihəsi ilə gəlib.

Trend-in məlumatına görə, bu dəfəki təqdimat dramaturgiya ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda yazıçı Anar “Şəhərin yay günləri” pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Bu dəfəki görüş qış gecəsində baş tutub - Yanvarı qana boyayan hadisələr ərəfəsində.

“Şəhərin qış gecələri” köhnə tanışlarla görüşdən nələr vəd edir? Maraqlıdır.

Əli Əmirlinin yeni pyesi də kövrək nostalji vəd edir. Xatirələrdə zamanın izləri haralara gedib çıxmır?.. Sumqayıta sevgili deyən qadının duyğularına nəvəsi necə baxır? “Sevgilim Sumqayıt” Baxdığımızı Görməyi təlqin edir.

Firuz Mustafa “Payız meşəsində vals” birpərdəli pyesində “rəqs meydançası”nı Qarabağda – döyüş səhnəsində “qurub”.

Mehman Musabəyli polyak dramaturqu Slavomir Mrojekdən tərcümə etdiyi “Yay günü” əsərini təqdim edir.

Jurnal bu bölümündə yeni bir imza təqdim edir: Nabat Hüseynova. Gənc dramaturq debütünə “Gümüş əsr” dövrünün personalarını dəvət edib.

İsa Həbibbəylinin 70 yaşı. Ədəbiyyatşünas Təyyar Salamoğlu bu rubrikada “Ədəbiyyat nəzəriyyəçiliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri – metodoloji məsələlərin həllinə doğru”məqaləsi ilə Akademikin humanitar düşüncənin sərhədlərini genişləndirən səmərəli fəaliyyətindən söz açır.

Unudulmaz Vaqif Səmədoğlu yaradıcılığında sözlə musiqinin sintezini görmək və göstərmək! Professor Rüstəm Kamalın “Valsın son akkordu...”essesinin məramını belə də adlandırmaq olar.

Tənqidçi Nərgiz Cabbarlı bu dəfə “Ədəbi söhbətlər”inə “evin içindən” İntiqam Qasımzadəni dəvət edib.

Günel Natiq “Ədəbi talelər”də Heminqueyin izinə düşüb.

Ədəbi prosesdə maraqlı imzaları bu dəfə Vaqif Yusfli və Günay Qarayeva təqdim edirlər. Tural Anaroğlunun “Yad planetli“ kitabından söz açılırsa, jurnalda ilk hekayəsi dərc olunmuş Xanım Aydının “Sərçə”si diqqət çəkib.

Əşrəf Veysəlli, Kəramət, Rizvan Nəsiboğlu,Vəliyulla Novruz, Dayandur Sevgin, Xutra Ramazan oxucuları jurnalın “Poeziya” bölməsində gözləyirlər.

Vüsal Nuru da “Kitab rəfi”ni yeniləyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3136709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR