"Qadına şiddətə yox" deyənlərə...

Böyük qardaşının geyimləri ilə böyüyən uşaqlar kimi, bizə də hər şey Türkiyədən keçir. Türkiyədə öldürülən qadınlara etiraz aksiyaları bizə də sıçrayıb. Halbuki, oradakı problemlə bizdəki problemlərin kökündə ayrı səbəblər durur.

İnsanlar problemlərə robot kimi, ilk baxışdan “cool” görünən axmaq sloqanlarla etiraz edirlər: “Qadına şiddətə yox deyək”, “Filankəs üçün susma!”. Pəəh!

Bir qız ölür, hamı profilinə onun şəklini qoyur. Təbi ki, bir müddət sonra unudulur, sonra yenə biri ölür, yenə eyni proses... Burada A.Eynşteynin sözü yada düşür: “Hər dəfə eyni şeyi edib fərqli nəticələr gözləmək dəlilikdir”.

Bu insanların çoxu sosial mediada yeni imic qazanmaq üçün belə edirlər, bu ayrı mövzu. Amma lap həqiqətən etiraz etdiklərini var saysaq belə, bu doğru etiraz yolu deyil. Doğrudanmı bu insanlar düşünürlər ki, onların yazdığı bir statusa nə vaxtsa bir kişi baxıb "gərək arvadı döymüyüm" deyə fikirləşəcək?

Qəribədir, oğulun anasını öldürdüyü cinayət xəbərləri cəmiyyətdə səda doğurmur, özlərini feminist adlandıran bu qadınlar heç səslərini çıxarmırlar. Amma arvadını öldürsə, hətta döysə, məsələ trend olur.

Bəlkə də var, amma mən hələ bir savadlı, intellektual, kitab qurdu feminist görməmişəm buralarda. Feministlərin çoxu açıq-saçıq geyinən, sərbəst həyat yaşamaq istəyənlərdi, azadlığı açıq geyimdə, gəzib-tozmaqda görənlərdi. Sənin ələ gələn savadın yox, fərli karyeran yox, əlbəttə qapazaltı olacaqsan.

Əvvəla şiddət elə şiddətdir, qətl də qətldir. Cins ayrı seçkiliyinin nə mənası var bu məsələdə? Kişi öldürüləndə normaldır guya? Hər il 15-18 yaşlı yeniyetmə oğlanlar arasında yüzlərlə bıçaqlanma hadisəsi olur. Biri durub "Yox" demir. Sanki bunların nəslində hamı qadındır, oğlan uşağı yoxdu.

Ayrı vaxt hüquq bərabərliyi tələb edənlər kişilərin öldürülməsinə normal baxır, qadın öldürüləndə “virtual şivən” qoparır?

Qaldı ki, qadınların şiddətə məruz qalmasına. Məktəbli qızlar kley iyləyir, İçərişəhərin küçələrində 15 yaşlı qızlar sevgililəri ilə siqaret çəkirlər. Biri durub səsini çıxarmır. Orta məktəblərin demək olar hamısında sevişmək üçün gizli tin-bucaqlar var, neçə-neçə yeniyetmə qızın taleyi “həll olur” o bucaqlarda. Həmin feministlər buna niyə göz yumurlar, yuma bilirlər? Universitetlərdə yanında oğlanı olmayan qız görmək ehtimalınız, əlində kitab olan qız görmə ehtimalınızla eynidir. Niyə susursunuz bəs?

Ona görə də, qadın olur savadsız, dünyagörüşü olmur. Nəticədə düzgün həyat yoldaşı da seçə bilmir. Sonra da döyülür, söyülür, öldürülür. Sonra da deyirsiniz “Filankəs üçün susma”. Bu saatdan sonra sussan nə olar, susmasan nə olar?!

İstənilən məsələdə günah həmişə hər iki tərəfdə olur. Qatildə 99% günah olsa, 1% öldürüləndə olur. Mən hələ təcavüzə məruz qalan hicablı görməmişəm. Görməmişəm ki, 2 diplomu olan, 3 dil bilən qadını əri döysün. Görəsən niyə?

Hə birdə, “feminstlər”imiz bilsin ki, bu cəmiyyətdə əri tərəfindən öldürülən qadınların sayı, məktəb vaxtı yatağa girən, toydan 2 gün əvvəl ginekoloq qapısında duran qadınların sayından min dəfə azdır. Yox deməyə belə həvəsiniz varsa, bunlara da deyin.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR