Əli Həsənov: "Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür"

Əli Həsənov: "Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür"
23:33 4 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan xalqını radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 6 noyabr Televiziya və Radio Gününə həsr olunmuş tədbirdə çıxış edən Əli Həsənov radio və televiziyanın Azərbaycan tarixi və ictimai-sosial həyatındakı əhəmiyyətinə toxunub:

Teleradio işçilərini Azərbaycanda teleradio fəaliyyətinin yaranmasının 93 illiyi münasibətilə təbrik edirəm. Sizin qarşınızda çıxış etmək mənim üçün çətindir. Biz öyrəşmişik ki, siz səhnədə çıxış edəsiniz, biz isə zalda əyləşib sizə tamaşa edək. Bu dəfə isə əksinə, bir siyasətçi teleradio işçilərinin, mədəniyyət və incəsənət xadimlərinin qarşısında çıxış edir. Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür. Teleradio fəaiyyəti ilə məşğul olan insanlar Azərbaycanın mədəniyyət, incəsənət tarixinin salnaməsini yazıblar. Eyni zamanda, yaradıcılıq laboratoriyası, strukturu kimi özlərini və Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini formalaşdırıb, təmsil ediblər. Onların ən yaxşı nümunələrini dünyaya tanıdıblar. Azərbaycanın bəstəkarlıq nümunələri, musiqi əsərləri, eyni zamanda, televiziyaların studiyalarında, bədii kollektivlərində formalaşıb inkişaf edir. Bütövlükdə, teleradio kampaniyası həm də bir filarmoniya funksiyasını həyata keçirir. Biz siyasətçilər üçün teleradio fəaliyyəti Azərbaycanın siyasi-ictimai fəaliyyət salnaməsini yaratmaq baxımından mənbədir. Biz bütün dövrlərdə teleradio fəaliyyətinə Azərbaycanda baş verən hadisələrin salnaməsini yaradan qurum kimi baxırıq”.

Prezidentin köməkçisi qeyd edib ki, Ümumilli lider Heydər Əliyev hər zaman Azərbaycanda teleradio fəaliyyətinə və orada çalışanlara yüksək qiymət verib: “O, bütün jurnalistləri fədakar əmək sahibləri kimi dəyərləndirib. Ulu öndər deyirdi ki, jurnalistlik fəaliyyəti təkcə peşəkarlıqla irəli getmir. Jurnalist olmaq üçün təkcə savad və istək kifayət etmir. Jurnalist olmaq üçün fədakarlıq tələb olunur. Müstəqillik dövründə Azərbaycanda teleradio sahəsi xüsusi inkişaf edən sahələrdən birinə çevrilib. İndi ən yaxşı kameralar, ən müasir texnologiyalar, avadanlıqlar və studiyalarla iş görülür. Bu gün, demək olar ki, bütün telekanallarımız HD formatında yayım edir. Televiziyalarımızın hamısı öz fəaliyyətlərini rəqəmsal sistemdə qurublar. Həm vizual, həm texniki təminat cəhətdən nəinki ölkəmizin, həm də Cənubi Qafqazın, postsovet məkanının, o cümlədən, dünyanın ən qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq gücünə malikdirlər. Ümumilli lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, Azərbaycanın informasiya sahəsində, söz, mətbuat azadlığı sahəsində də siyasəti yenidən qurdu. 1998-ci ildə informasiya fəaliyyəti üzərində bütün tənzimləyici dövlət struktur və mexanizmlərini ləğv edərək azad söz mühiti yaratdı. Həmin vaxtdan bu günə qədər Azərbaycan mediası, o cümlədən, teleradio sahəsi, sözün həqiqi mənasında, sürətlə inkişaf edir, bölgənin qabaqcıl media nümunələrindən birinə çevrilir. Prezident İlham Əliyevin dövründə - 2003-cü ildən etibarən bütün qurumlar HD sisteminə keçid edib. Teleradio fəaliyyəti dünyanın qabaqcıl texnologiyaları, ayrı-ayrı studiyaların qurulması, yaradıcılıq fəaliyyətində tətbiq olunan digər avadanlıqların tətbiqi, serial çəkilişi və digər sahələrdə rəqabətədavamlı qabiliyyətə gəlib çıxıb”.

Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda üç yüzdən artıq real şəkildə fəaliyyət göstərən qəzet və jurnal, əllidən artıq teleradio kampaniyası, əlliyə qədər informasiya agentliyi, dörd yüzdən artıq kifayət qədər izləyicisi və oxucusu olan internet portalı fəaliyyət göstərir: “Sosial şəbəkələrdə Azərbaycan əhalisinin nə qədər aktiv olduğu göz qabağındadır. Cəmi on milyon əhalisi olan ölkənin vətəndaşlarının səksən iki faizi internet istifadəçisidir. Hər gün sosial şəbəkədə üç milyondan artıq insan Azərbaycanda və Yer kürəsində baş verən hadisələri izləmək və birbaşa münasibət bildirmək imkanına malikdir. Bax, əsl informasiya, mətbuat, söz azadlığı, siyasi plüralistik cəmiyyət budur. Bir sözlə, teleradio fəaliyyəti ilə məşğul olan insanlar, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqının milli, mənəvi, mədəni tarixi salnaməsini yaradıblar. Bu gün Azərbaycanı bölgələrdə və dünyada təmsil edirlər. Onların vasitəsilə dünya Azərbaycan xalqının mövcud həyatı, mədəniyyəti, musiqisi və mədəniyyət tarixi ilə tanış olur”.

Prezidentin köməkçisi bu bayram günündə teleradio əməkdaşlarına yaradıcılıq uğurları arzulayıb: “Arzu edirəm ki, bundan sonra teleradio sahəsində yalnız yaxşı şeylər eşidək. Yetişməkdə olan gənc nəsli Azərbaycanım milli-mənəvi dəyərləri, Azərbaycan dilinin saflığı, Azərbaycanın milli birliyinin qorunmasına təşviq istiqamətindəki fəaliyyətinizin şahidi olaq”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR