Məşhur politoloqumuzun oğlu almanları belə təəccübləndirdi - FOTO/VİDEO

Məşhur politoloqumuzun oğlu almanları belə təəccübləndirdi - FOTO/VİDEO
23:28 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hər zaman parlaq çıxışları ilə Azərbaycan və dünya səhnələri tamaşaçılarını ayağa qaldıran pianoçumuz Toğrul Hüseynli son günlərdə 1 həftə ərzində Almaniyanın 6 şəhərində möhtəşəm konsertləri ilə yaddaşlarda unudulmaz izlər buraxıb.

Publika.az xəbər verir ki, Almaniyanın aparıcı şəhərləri olan Berlin, Münhen, Ştutqart, Hannover, Bilefelt və Bonn şəhərlərinin böyük salonlarında baş tutmuş konsertləri ölkənin ən məşhur dirijorlarından biri olan, bədii rəhbər və baş dirijor, professor Heribelt Bayselin rəhbərlik etdiyi Bonn şəhərinin Klassik Filarmonik Orkestri müşayiət edib. Konsertin proqramı isə L.V.Bethovenin fortepiano və orkestr üçün 5 saylı Konsertindən təşkil olunub.
İlk konsert 2 oktyabr tarixində Almaniyanın Hannover şəhərinin ən böyük teatrı olan Aegi teatrının səhnəsində baş tutdu. Bu konsertə gələnlərin sayı 1400 nəfəri ötüb. Böyük izdihamla keçən konsertin dinləyiciləri pianoçumuzu təbrik edərək, onun kimi məharətli ifaçıdan böyük zövq aldıqlarını qeyd ediblər.

İkinci konsert 3 oktyabr tarixində Almaniyanın Bilefelt şəhərinin Robert Ötker zalında keçirilib. Bu zal tutumuna görə 1500 nəfərlik bir zaldır. Anşlaqla keçən konserti şəhərin yerli mətbuatı geniş işıqlandırıb və həmyerlimizin virtuoz, qeyri-adi parlaq istedada malik bir ifaçı kimi əks etdiribər. Onu da vurğulamaq yerinə düşərdi ki, bütün musiqi tənqidçiləri Toğrul Hüseynlini Azərbaycanlı gənc pianoçu kimi təqdim edir, bununla da Azərbaycanın beynəlxalq aləmdə necə nüfuzlu bir pianoçuya sahib olmasının altını qırmızı xətlə cızırdılar.

Qəzetdə qeyd olunur: “Bu pianoçunun adını yaxşı yadda saxlamaq lazımdır!!! Öz ifası ilə yüksək peşəkarlıq nümayiş etdirərək Bethovenin bədii strukturunun yüksək səviyyədə çatdıran bir pianoçunu dinləmiş olduq. Toğrul Hüseynlinin virtuoz pasajlarının heyrətamiz yüngüllüyü və bunu tamaşaçılara çatdırma məharəti onların davamlı alqışlarında əks olundu. Heyrətlənmiş publikanın arası kəsilməyən alqışları Hüseynlini bisə iki əsər ifa etməyə vadar etdi. Xüsusilə, Hüseynlinin “Şelkunçik” baletindən “Andante Maestoso” sunun ifası zamanı fortepianoda orkestr rənglərinin əlvan çalarlarının mahircəsinə çatdırılması, arfavari passajların yüksək məharət tələb edən yüngüllüklə ifası yaddaşlarda dərin iz buraxdı.
Bu pianoçunun adını insan özü üçün qeyd etməlidir!”.

Növbəti konsert hər kəsin çoxdan gözlədiyi bir konsert idi. Berlinin Konsert Haus konsert zalı həmin axşam böyük tamaşaşı axınına məruz qalmışdı. Qeyd etməliyik ki, bu zal nəinki Almaniyanın, həmçinin Avropanın ən aparıcı konsert zalları sırasındadır. Burada Marta Argerix, Denis Matsuyev, Boris Berezovski, Gidon Kremer kimi görkəmli musiqiçilər mütamadi olaraq çıxışlar edirlər. 2000 nəfərlik auditoriya qarşısında anşlaqla keçən bu konsertdə Toğrul Hüseynli 7 dəfə təkrar olaraq alqışlar sədası altında səhnəyə dəvət olundu. Bütün konsertlərdə olduğu kimi pianoçu bu konsertdə də bisə 2 fərqli əsərlər təqdim etmişdir. Onlar V.A.Motsartın “Türk marşı” (A.Volodosun işləməsi) və P.İ.Çaykovskinin “Şelkunçik” baletindən “Andante Maestoso” (M.Pletnyovun işləməsi) əsərləri idi. Həmyerlimizin möhtəşəm çıxışı tamaşaçıları heyran qoydu. Konsert Hausun icraçı direktoru Toğrul Hüseynlinin təbrik edərək ona şəxsən gül dəstəsi təqdim edib ayaqda alqışlayıb.
4-cü konsert 1990- cı ilə qədər Bonn şəhərinin Almaniyanın paytaxt olduğu dövrlərdə bir çox siyasi və dövlət tədbirlərinin keçirildiyi, möhtəşəmliyi və qədimliyi ilə seçilən Maritim otelinin Böyük zalında baş tutdu. Bu konsert də öz parlaqlığı ilə yerli mətbuatın səhifəsində işıqlandırılaraq pianoçumuzun yüksək peşəkarlığını, ifaçılıq keyfiyyətlərini, ifasının dərin məzmunluluğunu vurğulayıb.

5-ci konsert Ştutqart şəhərinin ən böyük zalı olan Liderhalle zalında keçirildi. 2000 nəfərlik əzəmətli konsert zalı pianoçumuzu dayanmadan alqışlayıb.

Sonuncu 6-cı konsert isə Almaniyanın üçüncü böyük şəhəri olan Münhenin ən qədim və gözəl zalı olan Herkules zalında keçirilib. Bu zal əfsanəvi Herkulesin xırda daşlarla işlənmiş qəhrəmanlıq rəsmləri ilə bəzədilmiş qeyri-adi memarlıq abidələri sırasındadır. 1500 nəfərlik auditoriya Toğrul Hüseynlinin ifasından heyranlıq duyaraq pianoçumuzu səhnədən getməsini istəmirdi. Yekun konsertin də bu cür uğurla nəticələnməsi dirijor, professor Heribelt Bayselin Toğrul Hüseynli haqqında söylədiyi fikirlərdə də öz əksini tapmışdır. “Siz fantasitik pianoçusunuz. Orkestri yüksək səviyyədə dinləyən və onunla peşəkarlıqla kontakta girməyi bacaran ifaçısınız. Siz bütün bu turnemiz boyunca keçirilən 6 konsertin hər birində yüksəklərdə idiniz... Sizinlə əməkdaşlığımdan böyük fəxarət hissi duydum!”.

Əlbəttə, sözsüz ki, gənc, istedadlı, öz üzərində yorulmadan, usanmadan çalışan pianoçumuz Toğrul Hüseynlinin bu qələbələri mədəniyyətimizin, istedadlı gəncliyimizin rövnəqlənməsində əvəzsiz xidmətlər göstərmiş Möhtərəm, cənab prezidentimiz İlham Əliyevin və Birinci Vitse Prezidentimiz, Hörmətli Mehriban xanım Əliyevanın dəstəyi və səyləri nəticəsindədir.

Biz də öz növbəmizdə pianoçumuza bu gərgin əmək tələb edən işində böyük uğurlar diləyir, növbəti parlaq çıxışlarının davamını gözləyirik. Oxucularımıza isə Toğrul Hüseynli haqqındakı yenilikləri izləmək üçün pianoçumuzun yeni yaradılmış saytının linkini təqdim edirik - http://togrulhuseynli.com/.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/295690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR