“İxrac İcmalı”nın iyul sayı təqdim edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayı təqdim edilib. 2020-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 911,9 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9 faiz azalıb.

Metbuat.az xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı(58,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı 7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlarixracı 11,4 milyon, çay ixracı 4,8 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 190,4 milyon ABŞ dolları təşkil edib. Xüsusilə, 2020-ci ilin iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon ABŞ dolları və ya 10 faiz artıb. Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 26,7 faiz olub.

Bu ilin iyun ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (99,3 milyon ABŞ dolları), Türkiyəyə (32,9 milyon ABŞ dolları), İsveçrəyə (24,6 milyon ABŞ dolları), Gürcüstana (6,2 milyon ABŞ dolları) və Ukrayna (5,1 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 39,2 milyon ABŞ dolları) birinci, təzə albalı və gilas (32,2 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –21 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Fruit Store" MMC, "Global Trade Group" MMC, "Sun Food" MMC,"Aqrovest" MMC, “Azagroeksport 2017” MMC, "Baku Steel Company".

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” MMC.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2020-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ-dir.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub. Bunun nəticəsində 2020-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyun ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 279,7 milyon manatlıq əməliyyat aparıblar.

“İxrac İcmalı”nda 2020-cu ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 319,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artıb. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 iyun tarixinə kimi (42 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindəndaxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 904,3milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 17 mln ABŞ dolları olub. 2020-ci ilin yanvar-iyun ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 81 mln ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR