Azərbaycan legionu və Hitler Almaniyası - VİDEO

Azərbaycan legionu və Hitler Almaniyası - VİDEO
16:38 15 Sentyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski İkinci Dünya Müharibəsində Azərbaycan legionunun başçısı, ABŞ-ın "Azadlıq" radiosunun baş redaktoru olub.
 
 
Azərbaycan Milli Komitəsinin rəhbərlərindən olan Düdənginski 1908-ci ildə Şərur rayonunun Düdəngə kəndində doğulub. O, 1941-ci ildə almanlara əsir düşüb, bundan sonra legionerlərin tərkibində 804 saylı Azərbaycan piyada taburuna komandirlik edib. Vermaxtın mayoru kimi 1943-cü ildən Rozenberq tərəfindən tanınan "bütün azərbaycanlıların nümayəndəsi" olub. 1944-cü ildən Azərbaycan Komitəsinin rəhbəri kimi çalışıb və 1954-cü ildə Sovet xüsusi xidmət orqanının casusu tərəfindən qətlə yetirilib.
 
 
N.Yaqublu "Məmməd Əmin Rəsulzadə" kitabında yazırdı ki,  Fətəlibəyli Düdənginski müharibənin ilk illərindən almanlara əsir düşüb və Hitlerə müraciət edib legion yaratmaq istədiyini bildirib. Düdənginskinin bu təklifi əvvəllər şübhə ilə qarşılanıb.
 
 
M.Ə. Rəsulzadə Azərbaycan Milli Komitəsini yaratmışdı və danışıqların da bir predmeti vardı – Azərbaycanın müstəqilliyi. Amma Hitler: "Mən heç bir komitə tanımıram və heç bir müstəqillik qəbul etmirəm" deyərək Rəsulzadə ilə danışıqlara getmədi. Belə olan halda Rəsulzadənin Almaniyadakı siyasi fəaliyyəti qeyri-mümkün oldu və o, Rumıniyaya yerləşdi. Amma Fətəlibəyli-Düdənginski Almaniya dövləti ilə razılığa getdi.
 
 
Beləliklə, Rəsulzadə ilə danışıqların alınmadığını və Milli Azərbaycan Komitəsində yalnız bir nəfərin qaldığını görən almanlar X.Xasməmmədov qrupu ilə danışığa başladılar. Bu dialoqda azərbaycanlı "Qafqaz" qrupuna mənsub Fuad Əmircan, Abbas bəy Atamalıbəyov və Düdənginski olmuşdu.
 
 
Hitleri heç bir Milli Komitə maraqlandırmırdı. Hitler təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərlə bağlı "Rabitə" heyətləri qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da Düdənginski gətirilmişdi.
 
 
 
 
Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legionu Fransanın cənubundakı Rodess şəhərinə köçürdülər, İrtibah Qərargahının Paris filialı yaradıldı. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi isə ingilis-amerikan qoşunlarına təslim oldu.
 
 
Almanlar yaradılmış bütün legionlara etibar etmirdilər. O illərin arxiv materialları göstərir ki, onlar Qafqaz xalqları arasında ən çox azərbaycanlılara inanırdılar. Hətta Düdənginskinin komandanlığı altında azərbaycanlılardan təşkil olunmuş legionların bir sıra döyüşlərdə böyük qələbələr qazandığı haqqında bir çox faktlar var.
 
 
İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə Rəsulzadənin, Almaniyada isə Ə.F.Düdənginskinin rəhbərliyi altında müvafiq qurumlarda fəaliyyətə başladılar. Əllinci illərin əvvəlləri legionerlər üçün olduqca ağır bir dövr idi. Bu dövrün nə qədər acınacaqlı olması Ə.F.Düdənginskinin Ceyhun Hacıbəyliyə yazdığı məktublarda açıq- aydın görünürdü.
 
 
F.Ə.Düdənginski barəsində sonralar "NKVD" casusuna çevrilərək onu öldürməyə gələn Mikayıl İsmayılov yazırdı: “Abo  Düdənginski  (mən heç vaxt ondan əsl familiyasını soruşmurdum  - Düdənginskidir, yaxud Fətəlibəylidir) hərbi əsirlər düşərgəsindən azad edildikdən sonra OKV (Ali Baş Komandanlıq) ona Azərbaycan legionlarına komandanlıq etməyi təklif etdi (Almanlar Şərq xalqlarından belə legionlar təşkil edirlər: Türküstan, Azərbaycan, erməni, gürcü, şimali qafqazlı və s.)... Abo doğma Azərbaycanını ürəkdən sevirdi, lakin şovinist deyildi. O, alovlu və inamlı Qafqaz patriotu idi. Qafqaz bu gün çox ağır və kədərli günlərini yaşayır. İnanıram ki, bizim ümumi Qafqaz evimiz qardaşlıq dünyasına qayıdacaq və bu, Fətəlibəyliyə qoyulan ən yaxşı heykəl olacaq”.
 
 
Fəxrəndə Dəmirova


Xəbərin orijinal ünvanı: http://publika.az/p/150301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR