6 şor satan qadını həbs etdilər

Yazının müəllifi : Ehsan Hacıyev

Mətni işləyib təqdim edən: Xanəmir Telmanoğlu

Yazı, Metbuat.az saytının "Arivdən" layihəsi çərçivəsində təqdim olunur:

Əməli köməklik üçün milis polkovniki Abdulla Əliyevin rəhbəriyi ilə Şamaxıda olub ordan da Göyçay rayonuna getmişdik. Göyçay RDİŞ-də rəis, milis potpolkovniki Rəcəb Quliyev SƏDM xətti üzrə əməliyyat inspektoru Maarif Osmanov idi. Mövcud qaydaya əsasən, keçən ilin müvafiq rübləri cari ilin rübləri ilə müqayisədə miqdarına görə çox olmalı idi. SƏDM xətti üzrə əvvəlki ilin altı ayına nisbətən altı iş olduqca az gəlirdi.

Şöbə rəisini və Osmanovu rəhbərimiz töhmətlədi və vəziyyətdən çıxmalarının vacibliyini tapşırdı.


Həmin günü biz mehmanxanada yatıb səhər şöbəyə gələrkən növbətçi otağının qarşısında kolxoz bazarında şor - pendir satan altı nəfər qadının oturduğunu gördüm. Yuxarı qalxdıq. SƏDM xətti üzdə əməliyyat inspektoru Osmanov çox şən, özündən razı halda polkovnikə məruzə etdi ki, ehtikarlıq üzrə cinayətin sayını stabil etmək üçün altı iş gətirmişəm. Düzdü, hamısı Azərb. SSR CM-ni 153m. maddə 1-ci hissəsilə ixtisaslaşmalı olacaq. Bu vaxt rəis də gəlib işin qaydaya düşdüyünü sevincək xəbər verdi. Əliyev də bu işdən məmnun qalıb onlara təşəkkür etmək istəyərkən icazə alıb söhbətə müdaxilə etdim. Zənnim lap düz çıxdı. Mənim gördüyüm qadınlar ehtikar kimi şöbəyə gətirilmişdi. Odur ki, mən Əliyev yoldaşa izahat verdim. Dedim ki, mənə aidiyyatı olmasa da, çox üzr istəyirəm, onların tutduqları altı qadını mən neçə il bundan əvvəl həmin kolxoz bazarında şor -pendir satdığını tez tez görürəm. Nə üçün onlar bu günə kimi tutulmayıb? Bu gün bizim gəlişimizə töhvə edirlər ki, bizi də özlərinə oxşatsınlar? Siz göstəriş verin, elə bu gün Göyçayda 7-8 haldan ən samballı SƏDM üzrə cinayət işi açım. Hansı ki, özləri daha çox belə cinayətkarları yaxşı tanıyırlar. Onlar elə həmin qadınları da yaxşı tanıyırlar və bilirlər ki onlara cinayət işi başlanıb. Məhkəmə məsuliyyətinə versələr də hakim heç vaxt onlara həbs cəzası verməyəcək. Şöbənin rəhbərliyi sizin və qarşıda keçiriləcək kollegiyanın təmbehindən qurtulacaq. Bu qurbanlıq qadınları da razı salacaqlar ki, o bazar, o da siz, gedin alverinizlə məşğul olun. Sizi tutsaq da, heç bir təqsirniz yoxdur. Bu günə kimi niyə sizə heç dəymirdik, yenə də arxayın olun. O da bir iş idi. Bakıdan bir polkovnik yanında da səkkiz nəfər gəlmişdi. Onların qorxusundan sizi tutmalı olduq. Bax, yoldaş polkovnik, bu bizim göyçək xalqın haqq payımız qarşısında və nazirliyin qiyməti.

Elə sözümü deyib yenicə qurtarmışdım ki, Əliyev rəisi və Osmanovu layiqincə təmbeh etdi. Mənim tamamilə ətraflı və məntiqli izahımdan razı qalı. Təcili qadınların azad edilməsi barədə göstəriş verdi.

Əməkdaşlardan hansısa qadınların buraxılmasında mənim mövqeyimi onlara danışar.

Sonralar keçmiş qayda üzrə Göyçay kolxoz bazarına bazarlığa gedərkən həmin arvadlar mənə çox ehtiramla yanaşır, nə lazım olduğunu soruşar, kimdən nəyi almağıma öz məsləhətlərini verərdilər.

12 mart 1988-ci il tarixdə təqaüdə çıxdıqdan bir müddət sonra yoldaşlarla yenə də yolum Göyçay kolxoz bazarına düşdü. Yolda bazara gedərkən alverçi qadınlar barədə yol yoldaşlarıma söhbət etmişdim. Biz kolxoz bazarına girəndə mən həmin alverçi qadınları öz köhnə yerlərində köhnə qaydada oturub alverlə məşğul olduqlarını gördüm. Qadınlar məni görən kimi qalxdılar və hörmət əlaməti olaraq mənə dil-ağız etməyə başladılar.

Bu vaxt yoldaşlar gülməyə başladılar. Qadınlar yoldaşlarımın gülmələrinin səbəbini soruşduqda dedim ki, sizin haqqınızda onlara danışmışam – deyib, əlavə etdim ki, ay bacılar, sizin üstünüzdə mən təqaüdə çıxdım, siz isə hələ də öz yerinizdəsiniz. Bu sözə də qadınlar ürəkdən güldülər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR