Cinayətkarın telefon dəftərçəsindən dövlət adamlarının nömrəsi çıxdı - Azərbaycanda cinayət işi - FAKT

MÜƏLLİFİ : Ehsan Hacıyev
Yazını işləyən: X. Telmanoğlu

Yazı metbuat.az saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur:

1980-ci ilin yazı idi. Rayon PK-nın 1-ci katibi Əsədov məni çağırdı, mən gedəndə Xalq Nəzarəti Komitəsinin sədri İzzət Əfəndiyev, Aqrosənaye birliyinin sədri Məhəbbət Həsənov, rayon XAS İK-nın sədri Şirəliyev onun yanında oturmuşdular. Əsədov mənə dedi:

- Qabaçöl kəndindən sizin bir nəfər agentiniz var, siz onun əli ilə çox adamın evini yıxmısınız, indi də onun özünün evi yıxılmalıdır. O bu saat gecə alveri edir, qanunsuz inşaat materialı satır, eyni zamanda da rayon rəhbərləri haqqında anonim məktublar yazır. De, görüm, onu neçə günə tuta bilərsən?

Burada katiblə sözümüz çəpləşdi, mən onun söylədiklərini qəbul etməyərək dedim:

- Milis şöbəsi agent saxlamır, Əli kişi adındakı adamı da mən tanımıram.

- Sən onu lap yaxşı tanıyırsan, heç 5 ay deyil ki, onların şikayətini həll etmisən. O da səni yaxşı tanıyır. Oğlu Leninqradda Meşə Sənayesi Texnikumunda oxuyur, dedi. Dedim:

- Hə, indi yadıma düşdü, onun o şikayəti qanuni həll edildi. Siz dediyiniz kişi də məndən narazı qaldı.

Haşiyə: Həmin hadisə belə olmuşdu, Əli kişinin Leninqradda oxuyan oğlu rayona gəlib evlənmiş, sonra evləndiyi qızı da özü ilə Leninqrada aparmışdı. Orada da onlar yola getməyib aralarında dava-dalaş düşmüşdür. Qız da başını götürüb qayıdıb yenidən ata evinə gəlmişdir. Onun dalınca gələn oğlan isə bizə və rayon PK-na şikayət ərizəsi vermişdir ki, gəlin evdən ev əşyalarını, qızıl zinət şeylərini və pulu oğurlayıb qaçıb atası evinə gedib. Ərizə icraatına daxil olan milis işçisi də qızın yaxşı qohumlarını və özünü çağırmış, hədə - qorxu gələrək qızın gətirdiyi şeylərin qaytarılmasını tələb etmişdir. Bu şikayətlə əlaqədar mən işə qarışdım. Tərəflərə qulaq asaraq məsələni öyrənib onlara barışıq təklif etdim. Bu zaman Əli kişi, “mən namussuz adam deyiləm, o gəlin gələndə də düzgün çıxmayıb, indi də sən onun bizimlə barışığını təklif edirsən”, - dedi. Onda mən də onlara cavab verdim ki, qız oğlunun kəbinli arvadıdır, o evdən götürdüyü şeyləri də, boşanmanı da siz ancaq məhkəmə yolu ilə həll edə bilərsiniz. Belə olduqda Əli kişi, “əri evdə olmayanda, qız evdən oğurluq edib qaçıb, əri də onun dalınca gəlib”, - dedi.

Mən də dedim ki, bu artıq başqa məsələdir. Bu məsələ üçün siz Leninqradda yaşadığınız ərazinin milis şöbəsinə müraciət edin, bunu onlar həll etməlidir.

Bax, mən onların şikayətini beləcə həll etmişəm. Özünün də əvvəllər kiminlə nə əlaqəsi olub, kimə nə agentlik edib, mənim onlardan xəbərim yoxdur. Dediyiniz faktları yoxlayarıq, onun əməlində cinayət tərkibi olarsa, onda, o, da cəzasını alar.

Söhbət bu yerə çatanda katib dedi:

- Lazım deyil, əlbəttə ki, Əli kişi sizə arxayın olub bildiyini edir. Mən özüm onun cinayətini tapıb verərəm, siz də istintaq edərsiniz.

Beləliklə, bu gün burada belə bir qeyri-qanuni tapşırıq qarşısında qaldıq. Sən demə, eyni təklif prokurora da edilib, ondan da qeyri-qənaətbəxş cavab alınıbmış.

Bu söhbətdən bir müddət keçmiş Əsədov mənim təcili rayon PK-na gəlməyimə tapşırıq verdi. Mən Əsədovun iş otağına gələndə əvvəlcə də sadaladığım yoldaşlar və prokuror Mustafazdə yenə burada idilər.

Əsədov üzünü bizə tutub dedi:

- Əli kişi bu saat öz evindədir. Özü də Tbilisi şəhərində başqa bir adla poçtdan teleqram vuranda onu görən olub. Evində də qanunsuz tikinti materialları və cecə arağı var. Bu saat gedib onu tutursunuz.

Mən, prokuror, Məhəbbət Həsənovla birlikdə kəndə gedib kənd sovet sədrini və hal şahidlərini götürüb Əli kişinin evinə getdik.

Əsədov haqlı imiş, onun agenturası bizdən yaxşı işləyirmiş.

Əli kişi evində xəstə yatırdı, onun bizə təqdim etdiyi həkim rəyi bizi dəhşətə gətirdi. Sən demə, Əli on beş gün imiş Bakı şəhərində xərçənglə əlaqədar xəstəxanada yatırmış. Onu evə buraxıb özünə də göndəriş vərəqəsi veriblər ki, bir on gün evdə yatandan sonra Şəki şəhər xəstəxanasında yatıb işıqla müalicəni davam etdirməlidir. Biz bir insan kimi Əli kişinin halına acıdıq, dil-ağız etdik. Sonra onun evinə, həyətinə baxdıq, həyətdə 150 dənə şifer, 40 litr cecə arağı olduğunu müəyyən etdik. O bizə şiferin Gürcüstandan alınması haqqında rəsmi sənəd təqdim etdi və gecə üçün də dedi ki, onu da Gürcüstandan almışam, Leninqrad şəhərində oxuyan oğlum var, ora gedəndə onun yanına pay aparacam. O ki, qaldı mənim evimdən götürdüyünüz teleqram kağızlarına, Tbilisi şəhərində oğluma teleqram vurarkən bir neçə dənə də ehtiyat üçün götürmüşəm.

Sözarası ona anonim ərizə və teleqram barədə sual verdikdə Əli kişi dedi:

- Məni elə də aciz adam hesab etməyin, məni respublikada çox adam tanıyır. Katibin də qarnını deşən elə budur, ona da fitva verən bu sizin yanınızdakı Həsənovdur. Onu da kənddə yanına gedib gəldiyi bir neçə adam var, onlar mənə qarşı qoyur. O ki, qaldı mənim anonimlə məşğul olmağıma, bunu mən heç özümə də sığışdırmaram .Bir halda ki, respublikada bir çox rəhbər işçinin qapısını da tanıyıram, iş yerini də bilirəm, hələ üstəlik telefon nömrələrini də, - deyərək, cib dəftərçəsini göstərib əlavə etdi. Amma nə edim ki, Allah kəndirimi kəsib, yeriməyə taqətim yoxdur.

Doğrudan da, onun cib dəftərçəsində respublikanın bir neçə rəhbər işçisinin telefon nömrəsi yazılmışdı.

Biz Əsədova vəziyyəti elə bu qaydada, gördüyümüz kimi məruzə etdik. Prokuror dedi:

- Cecə arağı çəkmək də, satmaq da bilirsən ki, cinayətdir, amma saxlamaq cinayət deyil. Həm də bu əməl üzrə nəzərdə tutulan maddə milisə aiddir.

Biz "Сecə" arağını ekspertə təqdim edib onun spirtli içki olması barədə rəy aldıq, Azərbaycan SSR CM 155-ci maddəsinə əsasən cinayət işi qaldırıb istintaq aparılmasına başladıq.

Katib bizə tez-tez zəng edib, nə üçün hələ də Əli kişinin həbs olunmamasını soruşurdu.Əli kişi isə Şəki xəstəxanasında yataraq müalicə olunurdu. Şəkiyə xəstəxanaya gedərkən özü avtomaşında uzanmış halda ikən milis şöbəsinə gəlmək istəmiş, oğlu gətirmişdi. Oğlu mənim yanıma gəlib dedi:

- Atamı Şəki xəstəxanasına aparıram, deyir, gör rəis oradadırsa, bir onunla görüşüm. İcazə verirsinizsə, gedim atamı gətirim. Bu zaman mənim yanımda başqa bir vətəndaş da vardı, onu çölə çıxardıb özüm gedib Əli kişi ilə avtomaşında görüşdüm. Əli kişi dedi:

- Oğul, sən mənim günümü görürsənmi, gedirəm, bəlkə də heç geri qayıtmadım, mənim oğluma bir xata olmaz ki? Dedim:

- Əli kişi, oğlunla heç kimin işi yoxdur.

Azərbaycan SSR CM-nin 155-ci maddəsi üzrə cinayət işi sənin üstünə qaldırılıb. Təki sən sağ ol, mən o cinayət işini onsuz da xitam etdirəcəm. Bunu heç ürəyinə salıb narahat olma. Get, Allah sənə yaxşı yol versin.

Mən bundan sonra bəzi şeyləri öyrənə bildim. Belə ki, sən demə Əli kişinin keçmişdə rəhbər işçilərlə yaxınlıq etməsini bütün rayon bilirmiş. Hətta kənddə vurulub öldürülən bir nəfər qaçağın da ölümünü o qaçağın qohumları Əli kişidən görürmüşlər. Guya hökumət adamlarının tapşırığı ilə Əli kişi 1937-ci ildə həmin qaçağı vurub öldürübmüş. Məhəbbət Həsənov da Balakən rayonuna vəzifəyə gələn gündən bu öldürülmüş qaçağın qohumları ilə gedib gəlir, onlarla yaxınlıq edirdi. Hal-hazırda isə aranı qarışdırıb Əli kişidən hayıf almaq üçün fəallıq göstərən, Əsədovu da necə deyərlər “atdan qaldıran” elə Məhəbbət Həsənovdur.

Növbəti böyük bir tədbirdə, rayon mədəniyyət evinin klubunda keçirilən iclasda Əsədov yenə ağzını açıb gözünü yumdu, nə üçün Əli kişini hələ də həbsə götürməmisiniz, niyə qərar verməmisən - deyə prokurora dəhşətli hücum etdi. Prokuror çox qısa dedi:

- O hələ xəstədir, sağalıb gələr, sonra bu məsələni həll edərik. Əsədov dönüb mənə əmr etdi:

- Elə bu gün adam göndər, onu xəstəxanadan gətirdib basın qoduqluğa, yaramazları az müdafiə edin. Siz xalqa xidmət edirsiniz, bir ovuc yaramaza, quldura, satqına yox. Dedim:

-Yoldaş Əsədov, Əli kişinin heç bir cinayəti yoxdur.

O, o dəqiqə sözümü kəsib Əli kişi ilə onun evində olan söhbətimizi olduğu kimi danışıb iclas iştirakçılarına müraciət etdi:

-Ay adamlar, bəs satqınlıq, müdafiə necə olur, siz deyin.

Adamlar hamısı fikrə dalmış kimi lal dinməz oturmuşdular. Bu azmış kimi o bir də müraciət edərək:

- Mənə bir yaxşı fikir verin, mən-rayonun katibi deyirəm, Əli kişini həbsə almaq lazımdır, Hacıyev isə onu şöbəyə gətirdib özü də gedib yolda onunla görüşüb rayondan qaçırır. Siz buna nə ad verərsiniz?

Mən axır ki, durub hadisəni olduğu kimi danışmağa fürsət tapdım. Həm sözə katibin tez-tez təkrar etdiyi, xoşu gələn bir cümlə ilə başladım:

- Özünüz deyirsiniz sağlam bədəndə sağlam ruh olar. Yoldaş katib, Əli kişinin keçmişi necə olub, günahı öz boynuna, bəlkə də. bu elə həmin zülümlərin bəhrəsidir ki, qismətinə düşüb.

Əli kişi nə qədər qatı cinayətkar olsa belə, xəstəlik tarixinə baxanda onu həbsə almağa heç bir qanun yol verməz, əgər həbsə alınsa belə, o yenə də xəstəxanaya yerləşdirilib yanına da keşikçi qoyulmalıdır. Ola bilsin ki, Əli kişi heç Şəki xəstəxanasından qayıtmasın. Onun sidik kisəsində xərçəng var.

Mən belə deyəndə, o rayonun baş həkimini durğuzdurdu:

- Bəlkə, Hacıyevi sən başa salasan ki, sidik kisəsində xərçəng olan adam o saat ölür. Həkim dedi:

-Yoldaş katib, əlbəttə o saat yox, ancaq 6 aydan artıq da yaşaya bilmir.

Katib hirslə:

-Otur, boynuyoğun, heç birinizin qandığınız qrafa yoxdur,- deyə xəstəxananın ilk partiya təşkilatı katibini durğuzdurdu.

-Sən de görək, bu xəstəlik nə qədər çəkir? Bu həkim də dilləndi:

-Yoldaş katib, belə xəstələr lap çox yaşasalar da, 8 aydan artıq yaşaya bilməzlər.

Katib daha bir söz deməyib söhbəti başqa sahələrə apardı. Hər işin yaxşısını Allah bilir deyiblər. Allah böyük hakimdir.

Əsədov, Əli kişi haqqında bir daha söhbət açana qədər, yəni keçən 5 ay ərzində o dünyasını dəyişdi. Bunu eşidəndə mən Məhəbbət Həsənova gözaydınlığı verdim. Görünür o da gedib Əsədovu muştuluqlayıb.

Burda deyiblər, ey, kimininn əvvəli, kiminin axırı...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI