"Xanım müğənnilərimiz sponsorsuz yaşaya bilməzlər" - Cavan Zeynallı

Metbuat.az-ın qonağı məşhur “Qaya” qrupunun keçmiş üzvü, cazmen Cavan Zeynallıdır.

 - Cavan müəllim, əvvəllər efirdə daha çox görünürdünüz, indi isə yoxsunuz. Bunun səbəbi nədir?

- Bilirsiniz, o vaxtlar kanallar az idi, bir kanal var idi - "AZTV-1". Hamı həmin kanala baxırdı. Ona görə də, mən efirə çıxanda hamı görürdü. İndi isə kanallar çoxdur. Hər kəs xarici kanallara baxır. Ona görə də, indi mən efirə çıxanda çox adam görmür. Onlara elə gəlir ki, Cavan efirdə yoxdur.

 - Siz həm də bəstəkarsınız...

 - Mənim səsim var, özü də baritondur, gözəl kişi səsi. Əziz dostum Müslüm Maqomayevin də gözəl səsi var idi. Mən onun səsinin vurğunu idim. Evə gəlib onun kimi mahnılar oxuyurdum. Sonra gördüm ki, səsim açılır. O qədər insan var ki, onların səsi var, amma özləri bilmirlər. Gərək 1-2 ay məşq edəsən ki, səsin açılsın. Axır vaxtlar görürəm ki, hamı müğənni olmaq, toylara getmək və pul qazanmaq istəyir. Amma biz o vaxt belə şeylər düşünmürdük. Sadəcə mahnı oxumaq istəyirdik.

Mən ən çox royalda ifa etməyi sevirəm. Çünki royalın elə gözəl səsi var ki... Royalda ifa edəndə insanın bütün fikirləri açılır, özünü yaxşı hiss edir. Əhvalım olmayanda həmişə royalda ifa edirəm. Mən həmişə deyirəm ki, xəstələnəndə aptekə getmək lazım deyil. Oturun və royala qulaq asın, ona görə mən birinci royalı, sonra ifaçılığı, daha sonra isə bəstəkarlığı seçirəm.

- Şayiə yayılıb ki, ağır xəstəlikdən əziyyət çəkirsiniz, düzdür?

- (Gülür) Sözə bax, ağır xəstəlikdən əziyyət çəkirəm... Mən heç ömrümdə siqaret çəkməmişəm. Bilirəm ki, müğənninin birinci düşməni siqaretdir. Siqaret çəksən, səsin xırıldayacaq. Xırıldayan səs ABŞ-da dəbdir.

Spirtli içki içməyi sevmirəm. Bəzən ola bilər ki, 50 qram içim, amma heç vaxt 60 qram olmayıb. Açıq havada gəzməyi sevirəm. Çıxıram evimin yanındakı parkda idmanla məşğul oluram. Sağlamam, bu şayiələrin hamısını paxıl insanlar yayır.

- Cavan müəllim, caz musiqisində bir durğunluq var, doğrudurmu?

- Təkcə bizdə yox, bütün dünyada cazda durğunluq var. Yeni caz ulduzları yetişmir. O vaxt caz ifa edənə fərqli baxırdılar. Çünki o formada ifa edənlər yox idi. İndi dünyanın hər yerindən cazmenlər gəlir, ifa edirlər, konsert verirlər. O vaxtlar caz valları var idi. Biz onları zorla tapıb, evdə gizlicə dinləyirdik. Gizli dinləyirdik ki, heç kəs eşidib, bizdən almasın. İndi isə hər şey internetdə bir düymə ilə əlinin altına gəlir. Tələbat yoxdur. Ona görə də, əvvəlki kimi caz ulduzları yetişmir.

- İndiki “Qaya” qrupunu bəyənirsiniz?

- Moskvaya gedəndə hamı bilirdi ki, Azərbaycandan “Qaya” gəlib. Bizim özünəməxsus fərqliliyimiz var idi. Mən “Qaya”qrupuna 1979-cu ildə qoşulmuşam. Onlar dörd nəfər idi. Aralarında biri yəhudi idi. O vaxt sərhədlər açılanda yəhudi ABŞ-a gedib. Onun yerinə mən gəldim “Qaya”ya. Hansı ölkəyə gedirdiksə, o ölkənin öz dilində mahnı ifa edirdim. İndiki “Qaya”qrupu pis deyil, nəyisə edirlər, çalışırlar. Amma bizim dövrümüzdə hər şey başqa idi.

- Razısınız ki, toylar sənəti öldürüb?

 - Toylar sənəti yox, musiqini öldürüb. Məsələn, mən arada o “çıkada-çıkada” olan mahnıları oxuyuram. Amma gərək hamısı öz qədərində olsun. Çox olanda musiqi ölür.

- Prezident sizə ev bağışlayıb?

- Bəli, Allah ona can sağlığı versin. Mən onu çox sevirəm. Onun həyat yoldaşı çox hörmətli Mehriban xanım Əliyeva vitse-prezident oldu. Çox sevindim. Onlara təşəkkürümü bildirirəm.

- Bəs, sizə niyə fəxri ad verilmədi?

-Tez-tez mənə deyirlər ki, sizə niyə xalq artisti adı verilməyib. Mən incəsənət xadimiyəm. O da böyük addır. Deyirlər ki, bu necə adamdır?! Hamı xalq artisti olmaq istəyir, amma mən yox. Hər kəs mənə deyir ki, siz onsuz da xalqın artistisiniz. Hamı sizi sevir. O qədər xalq artistləri var ki, heç kəs onları tanımır.

- Cavan müəllim sponsorunuz var?

- Bu sponsor məsələsinə normal baxıram, indiki dövrün tələbidir. Gərək sponsorun olsun. Amma mən Sovetdən gələn adamam, sponsorum yoxdur. Heç istəmirəm də ki, olsun. Həmişə mənə deyirlər ki, Cavan müəllim gəlin sizə sponsorluq edim. Məndə şübhə yaranır ki, bəlkə bu heç bilmir ki, sponsorluq nədir. Çünki sponsorluq odur ki, gərək sənə pul versin. Mən istəmərəm ki, kimsə mənə görə pul xərcləsin. Mənim üçün nə var, odur. Amma cavanlar, xüsusilə xanım müğənnilər sponsorsuz yaşaya bilməzlər, bunu mən dəqiq bilirəm (Gülür).

- Siyasətə qatılmaq fikriniz olub?

- Bilirsiniz, siyasət mənlik deyil. Ona görə ki, mən musiqiyə aşiqəm. Musiqidən uzaqlaşmaq alınmır. Mən təmiz musiqiçiyəm. Ona görə də heç vaxt nə siyasət, nə də başqa bir işlə məşğul olmaq fikrim olmayıb.

- Röya xanımla necə tanış olmusunuz?

- Mən həmişə qastrolda idim, Bakıda tapılmırdım. Axırıncı illər Sovet dağılandan sonra qastrollar da sona çatdı. Qastrolda olanda evlənmək mümkün deyildi. Çünki vaxt yox idi. 1995-ci ildə isə artıq Bakıda qalırdım. Deyirdim ki, gərək kimisə tapıb evlənim, tək yaşamaq çətindir. Bir xanım dostum var idi. O dedi ki, mən səni bir gözəl insanla tanış edim. Röyanın evinə qonaq getdik. Röya da yaxşı yeməklər bişirmişdi. Yedim ləzzət aldım, dedim ki, bu nə gözəl insandır. Beləliklə ailə həyatı qurduq. Artıq biz 20 ildir ailəliyik. Bir-birimizə çox hörmətlə yanaşırıq. O mənə həmişə kömək edir. Hərdən əhvalım olmur. Röya elə edir ki, əhvalım dərhal düzəlir.

 - Çox sağ olun Cavan müəllim hər şeyə görə...

 - Siz də sağ olun.

Dilarə Zamanova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR