Play Store

Azərbaycanlı müğənniyə “Kurtlar Vadisi”ndən təklif - VİDEO / MÜSAHİBƏ

Metbuat.az-ın bu dəfəki qonağı gənc və istedadlı müğənni Orxan Babazadədir.

- Müğənnilik, yoxsa hobbi?

- Düzdür, məni tanıyan insanlar bilir ki, mənim öz işim, biznesim var. Müğənnilik sahəsi məndə hobbi kimidir. Ürəyim istəyirsə oxuyuram. Bu sahənin 99%-i demək olar ki, ürəyi istədiyi kimi oxuyur. Lakin bu o demək deyil ki, sənətə hobbi kimi baxılmalıdır, yaxud da özümdə məsuliyyət yoxdur. Mən əsgərlikdən qayıtdıqdan sonra üzərimdə çox işlədim. Bir sözlə, əziyyət çəkirdim, öz ansamblımı yaratdım. 1 ilə yaxındır ki, el şənliklərində, məclislərdə iştirak edirik.

- Müğənniliyə sevgi haradan yaranıb?

- Uşaqlıq illərində, orta məktəbdə oxuyanda məni hər zaman irəli verirdilər ki, Orxan şeir desin, mahnı oxusun. İnsan belə-belə püxtələşir, müəyyən yaşa çatandan sonra öz qərarını verir. 16-18 yaşım olanda qərarımı verdim ki, mən müğənni olmalıyam. Müğənnilik də edirəm hazırda.

- Peşəniz nədir?

- Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq münasibətlər ixtisasını bitirmişəm. Gələcəkdə bir təklif, tam fikrim olsa, o istiqamətdə çalışa bilərəm. Hazırda öz biznesim var. Rahatam, dövlət işi təbiətimə uyğun deyil. Saat 8-də dur, hazırlaş, get, üzünü qırx və s. mənlik deyil.

- Sənətə gəlişinizdən geyim tərzinizdə dəyişiklik görmürük

- Ətrafımda olan insanlar, xanım dostlarım var ki, deyirlər ki, bir az rahat, sərbəst geyimlər geyin. Məsələn, mən cins şalvar geyinəndə üstdən pencək geyinirəm. Çünki, pencəksiz qala bilmirəm. Hazırda bayırda 30-35 dərəcə isti olmasına baxmayaraq, pencək geyinmişəm. Çünki onunla rahatam. Elə geyim var ki, insanı bir az şux saxlamalıdır. Mən hər zaman öz şuxluğumu saxlayıram.

- Qaşınızdakı çapığın tatu olduğunu deyirlər, doğrudur?

- Qaşımdakı çapıq haqda çox sual verirlər. O, uşaqlıq illərindən yadigardır. Atamdan qalan bir yadigardır. Uşaqlıq illərində çox nadinc olmuşam. Atam hər zaman məni danlayırdı. O hadisədən sonra atama məhəbbətim daha da artdı. Mənə deyirdi ki, "Bunu etmək olmaz, onu eləmək olmaz". İndi başa düşürəm ki, həqiqətən düz deyirmiş. 

- İlk avtomobiliniz neçə yaşında olub?

- Qobustanda yaşayırdıq. Mənə ən çox şərait yaradan kiçik əmim Atabəy idi. Düzdür, atam çox da istəmirdi mən avtomobil sürüm. İstəyirdi hər zaman sürücü ilə harasa gedib-gəlim. Hazırda da avtomobil idarə etmirəm, sürücüm var. Şəhərdəki tıxaclar və s. İnsan sürücü ilə olanda bir az rahat olur, vaxtını işinə ayıra bilir. Avtomobil idarə edəndə telefona cavab verərkən fikrin orda olur. Sürücü varsa arxada oturub iş barəsində düşünürəm. Mən iş barəsində düşünəndə psixoloji olaraq onun nəticəsini əvvəlcədən görə bilirəm. Artıq 1 ilə yaxındır ki, sürücüm var.

- Xarici ölkələrdən təklif varmı, xarici sənətçilərlə əməkdaşlıq nə səviyyədədir?

- Mənə “Kurtlar Vadisi”ndən təklif gəlmişdi. “İsgəndər böyük” kimi bir rol olmalı idi. Rolla mənim duruşum, yerişim arasında uyğunluq var idi. 3-4 ay aktyorluqla bağlı dərslər alacaqdım. 5 illik müqavilə bağlamalı, İstanbulda yaşamalı idim. Amma atam getməyə icazə vermədi. İstəməzdim ki, kimisə yedizdirim, artıq pul verim. Xeyri öz dövlətimə, millətimə verərəm... Orxan Gəncəbayla yanaşı, Soner Sarıkabadayı ilə yaxşı münasibətim var. Soner mənə təklif edib ki, mahnılar versin ifa edim. Müəyyən səbəblərdən istəmədim. Çünki özümü ora üçün tam hazır hiss etmirəm. Maddi baxımdan qətiyyən problem yoxdur. Azərbaycanda özümü tam doğruldandan sonra Türkiyəyə gedə bilərəm. İndi gedib Sonerlə duet oxusam deyəcəklər ki, Bakıda nə etdi ki, gedib Türkiyədə oxudu... Özümü burada tam doğruldandan sonra fikrim var ki, Türkiyədə çox tanınmış bir sənətçi ilə duet oxuyum. Hələ ki, onun adını açıqlamıram. Onun adını eşidəndə şok olacaqlar.

- Müəlliminiz varmı?

- Xalq artisti Samir Cəfərovdan dərs almışam. Samir müəllimdən dərs almaq İtaliya opera məktəbini bitirmək deməkdir. Ona hədsiz dərəcədə təşəkkürümü bildirirəm. Şadam ki, elə bir insanı tanıyıram.

- Yerli və xarici müğənnilər arasındakı fərq?

- Azərbaycanda adicə bir diski buraxdıranda özün pul qoyursan. Qoyduğun pulu isə götürə bilmirsən. Avropa ölkələrinə baxdıqda isə, müğənni çıxıb oxuyur, mahnısını təqdim edir və ona külli miqdarda pul gəlir. Sonradan konsert verir. Sırf kütlə üçün işləyir. Biz isə kütlə üçün işləmirik. Bizim əsas bədbəxtçiliyimiz bundadır. Toy bazarı, şou proqram... Ukrayna, Rusiya, Fransa, ABŞ, Britaniyada olmuşam. O ölkələrin müğənniləri tam ulduzdurlar, pik nöqtədədirlər. Biz isə orda deyilik. Şüur dəyişməlidir, Azərbaycan şou-biznesini silib yenidən yaratmaq lazımdır.

- Sevgi etirafı almaq necə bir hissdir?

- Qarşı tərəfdən sevgi hiss etmək insan üçün sevindirici bir hissdir. Konsertlərdə, çəkilişlərdə yaxınlaşıb sevgilərini bildirirlər. Mənə sevgi etirafı edənlər də olub. Üzbəüz də, “Instagram”-da da. Demişəm ki, mən də sizi çox sevirəm, minnətdaram. Gənc olaraq sevgi haqda çox şey danışa bilmərəm. Çünki, məndən böyük sevgi hissi yaşayan insanlar var. Hərənin sevgiyə öz baxışı var. Deyərdim ki, sevgim özümçün çox dəyərlidir. Mənə çox insanlar yaxınlaşır, təkliflər edir, nə bilim çox sözlər deyir. Onlara öz çərçivəmdə cavab verirəm. 

- Fanatınızla ailə qurardınızmı?

- Mən gözütox insanam. Heç vaxt qız arxasınca qaçmamışam.

- Biznes dərslərini kimdən alırsız?

- Artıq kifayət qədər biznes dərsləri almışam. Həyatı tam şəkildə dərk etmişəm. Desəm ki, rayonlara daş daşımışam, inanmayacaqsız. Kənardan elə görsənir. Mənim daş karxanam olub. Orda aylarla, illərlə əziyyət çəkmişəm. İndiki mənzərəni görən çox adam buna inanmır. Həmin insanlara deyə bilmirəm ki, bu əziyyətimin qarşılığıdır. Hazırda bu masa arxasında oturmuşam, sizə müsahibə verirəm. İnsan həyatda lazımi qədər əziyyət çəkməlidir ki, onun qarşılığını görsün.

- Kasıblarla dostluq edirsiz?

- Dostluqda varlı, kasıb məsələsinə baxmıram. Kasıb dostlarım çoxdur. Onlara çox kömək edirəm. Bu yaxınlarda bir dostum ev tikmək istəyirdi, ona kifayət qədər daş verdim. Ev tikir hazırda.

- Xeyriyyəçilik fəaliyyətiniz davam edir?

- Bir neçə gün əvvəl əmimin dostu Nofəl müəllimlə Ramazan bayramı süfrəsi ətrafında oturmuşduq. O, dedi ki, ildə məsələn 1 milyon pul qazanırsansa, onun 25%-ni kasıblara paylamalısan. Ayda 10 min qazanıramsa, onun 2500-3500 manatını sırf xeyriyyəçiliyə sərf edirəm. Efirdəkilər də bunu yaxşı bilir. Neçə dəfə olub ki, “İnstaqram”-da prodüsserimin yerləşdirdiyi nömrəyə zəng vurublar ki, 50-100 manata ehtiyacımız var. Demişəm ki, apar, ver. Baxırsan elələri var ki, ehtiyacı yoxdur, amma artistlik eləyir. Şükr Allaha, pisi yaxşıdan ayıra bilirəm. Baxan kimi bilirəm ki, onun ehtiyacı var, yoxsa yox.

- Toylara gedirsiz?

- Rayon toylarına da gedirəm, amma seçim edərək. Palatka toylarında yalnız qonaq qismində iştirak edirəm. Palatka toyu eləyən məni çağırmaz axı. Bilir ki, Orxan palatka toyuna getmir. Hazırda ən çox xoşuma gələn toy palatka toyudur. Babazadə nəsli olaraq, toylarımızı restoranda keçirmirik. Öz həyətimizdə toy edirik, həyətimiz genişdir. Toyumu orda eləyəcəm.

- Hərbi xidmətdə olmusunuz?

- Kişilik məktəbini şərəflə keçmişəm. Vətənimə, xalqıma xidmət etdiyim üçün şadam.

- Qalmaqala münasibətiniz?

- Qalmaqalı qətiyyən sevmirəm. Yaşarla aramda qalmaqal yaratmışdılar pul söhbətinə görə. Hər şeyi pulla ölçmək kişiyə yaraşan bir iş deyil. Hazırda Yaşarla münasibətim yaxşıdır. Ayaz Qasımovla da aramı vurmuşdular. O vaxt Türkiyədə idim. “Almalarımla” və bu tip mahnılar haqda sual vermişdilər, demişdim ki, o tip mahnılara qulaq asa bilmirəm.

- Pulumla bağlı söz-söhbət yaradırlar

- “Kimdir nömrə 1”-in reklam fasiləsi zamanı orda belə bir söz düşdü ki, Orxanın pulu var, o qalib gələcək. Orxanın pulu olsa belə, azdan-çoxdan balaca bir sənəti də var. Sənətdən anlayışı da var. Pulumun çox olmağının heç kimə aidiyyatı yoxdur. Bu dəqiqə heç kim acından ölmür. Hər kəsin maddi vəziyyəti normaldır. Orxan maddiyyatını gizlətmir. Pulum var və pulumu xərcləyirəm. Pulu olub ondan istifadə etməmək bir bədbəxtçilikdir.

- Şou-biznesdə dostluq varmı?

- Yox, şou-biznesdə olan insanlarla dostluq münasibəti düz gəlmir. 1-2 dəfə yoxlamışam, heç cür düzgün gəlmir, alınmır. Ədalət Şükürov və Vasif Məhərrəmli ilə yoldaşlıq münasibətim var.

- Sənətdəkilərdən özünüzə qarşı paxıllıq hiss edirsiz?

- Sənətdəkilərdən özümə qarşı paxıllıq hiss edirəm. Kişinin kişiyə, qadının kişiyə paxıllıq eləməyi, torba tikməyi düzgün deyil mənim aləmimdə. Efirlərə gedirəm, hansısa məndən bir balaca tanınmış müğənni gəlib özünü qabağa salır, guya bu ağıllıdır. Səhəri gün onu elə yerdən vururam ki, özü də dəli olur. Verilişlərə getməzdən əvvəl qonaqları soruşuram ki, kim olacaq, mövzu nə olacaq. Ola bilər ki, orda elə qonaq olsun ki, başqa verilişə gedim.

- Mətbuata açıq insansınız bildiyim qədərilə

- İşlə bağlı Moskvada, Dubayda çox oluram. Müsahibələrə vaxt ayıra bilmirəm yetərincə.

- İstirahətə vaxt qalır?

- Avqustda Taylanda istirahətə gedəcəm.

- Yeni mahnınız

- Yeni mahnım olan “Şirinlərin şirini”-nin musiqisi və sözləri “Yaman könlümə düşmüsən” mahnısına duet oxuduğum Şəmistandır. Mahnının mövzusu sevgidir. Artıq efirlərdə, radio dalğalarında səslənib. Düşünürəm ki, qısa müddət ərzində çox bəyəniləcək, seviləcək. Mən heç vaxt raskrutka haqqında fikirləşməmişəm ki, bu mahnını oxuyanda hit eləməliyəm.

- İstədiyiniz yerdəsiniz?

- Hazırda istədiyim yerdəyəm. Təzə-təzə başlayanda Orxan, Orxan deyirdilər. Mahnılar oxudum, kliplər çəkdirdim. Məqsəd var idi ki, istədiyim yerə gəlib çatım. Şükr Allaha istədiyim yerə çatmışam. İndi isə burdan başqa bir yerdə olmağı fikirləşirəm. Zamanı gəlincə o da olacaq.

- Bəyəndiyiniz yerli müğənni?

- Zamiqin ifasını bəyənirəm. Onun ifası mənə daha yaxındır. Onunla çox gözəl münasibətim var. Konsertlərdən sonra hardasa oturub çay da içirik.

- Xarici müğənnilərdən kimi dinləyirsiz?

- Ən çox qulaq asdığım Stinq və Lara Fabiandır. Xarici mahnılara qulaq asanda slux daha yaxşı işləyir. Hər zaman xarici mahnılara qulaq asmışam və asacam. Oxuya bilməyən insana da qulaq asıram ki, o həmin mahnıda elə bir şey eləyə bilər ki, ondan da nəsə götürə bilərəm.

- Xaricdə konsert vermək fikriniz var?

- Mən ona tam hazır deyiləm. Söhbət repertuardan getmir. O qədər klassik mahnılarımız var ki, çıxıb onları oxuya bilərəm 1 saat, saat yarım, 2 saat. Ancaq Orxan Babazadə olaraq, özümü xarici səhnədə hələ ki, görmürəm.

- Daha çox vaxtı işə, yoxsa sənətə ayırırsınız?

- Vaxtımın çox hissəsini biznesə ayırıram. Düşünürəm ki, bu daha önəmlidir. Çünki, səs elə şeydir ki, hansısa mərdimazar dərman atsa yeməyinə səsin gedəcək. Hər yerdə su, çay içmirəm. Bizim camidə səni istəyən də var, istəməyən də. Ona görə də elə insanlarla oturub-dururam ki, məni qorusunlar. Orxanın dostunun cibinə pul qoyub deməsinlər ki, Orxanın suyuna, yeməyinə dərman atıb öldür onu. Tədbirli davranıram, ehtiyat edirəm. Bu sahədə olan insanların bəzilərindən qaçmaq lazımdır.

- Sənətə stop olacaqmı?

- 35-40 yaşımda ola bilər.

"Qardaşım içəridə günahsız yatır" - Reşat Kəsəmənli / VİDEO-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az  

VİDEO: Sərvan Şəldiyev




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR