Play Store

Azərbaycanlı aparıcı canlı yayıma ayaqyalın çıxdı - VİDEO

Mətbuat.az-ın növbəti müsahibi "ARB: 24" televiziyasının tanınmış aparıcısı Nurlana Abdullayevadır. 

- Nurlana xanım, sizi necə təqdim edək? Hərçənd ki, bir çox məşhurlara bu sualı verəndə əsəbiləşirlər. Yəni, ulduz xəstəliyi, “Hamı məni tanıyır...”  

- Doğrudur, bir çox məşhurlar bu suala əsəbləşir, amma bu sizin işinizdir. Düşünürəm ki, böyük bir təqdimata ehtiyac yoxdur. Bir aparıcı olaraq tanınıram. Deməzdim hamı məni tanıyır, bizi izləyənlər də var, izləməyənlər də. Sevənlər aparıcı Nurlana deyə tanıyırlar.

- Gündə bir neçə dəfə milyonlara insana hava proqnozunu təqdim edirsiniz. Özünüz üçün hava istidir, ya soyuq?

- Bəli, bu mənim işimdir. İşimi çox sevirəm və olduqca məsuliyyətlidir. Hər gün milyonlarla insan məni izləyir. Havalar çox dəyişkəndir, bəzən isti bəzən soyuq... Amma deyərdim ki, mənim üçün hava həmişə istidir.

- Havaya aldanmısınız heç?

- Təbii ki (Gülür). Havadan xəbərdar olduğuma baxmayın, aldanmışam…

- Sizin havanız hansıdır (Sözün bir çox mənasında)?

- Özüm haqqında danışmağı çox sevmirəm. Amma deyərdim ki, biraz fərqli biriyəm. Yeniliklər axtarışında olan, daim risk etməyi sevən insanam. Bir sözlə, mənim havam da dəyişkəndi.

- Çox gözəl xanımsınız. Sizcə aparıcı olmaq üçün gözəl olmaq önəmlidir?

- Mən deməzdim ki, gözələm. Əsas odur ki, gördüyün işlə yadda qalasan. Aparıcı gözəl olmalı deyil, efirə uyğun cizgiləri olmalıdır. Aparıcının intellekti yoxdursa, tamaşaçıya ona baxmaq təbii ki xoş gəlmir. Aparıcı hər gün milyonlarla insana informasiya təqdim edir. Onun mədəniyyətli və savadlı olması şərtdir.

- Gözəlliyiniz başınıza bəla olub? Adətən varlı adamlar efirdə gözəl qız görən kimi "elçi" yollayırlar.

 - Olub. Ama tez ailə qurmagı düşünmürəm. Pul, şöhrət üçün qurulan ailədə sevgi olmaz. Bu mövzuda çox uzun danışmaq olar. Gələcək planlarım var, daha böyük addımlar atmaq istəyirəm. Amma sevdiyim şəxs olarsa, bəlkə də ailə haqqında düşünərəm. Hər şey o şəxsdən asılıdır.

- Ümumiyyətlə, sevgi etirafları çoxmu olur?

- Bəli, çox olur. Düşünürəm ki, istənilən xanıma daim sevgi etirafları olur. Amma hər kəsin sözünə də inanmaq olmaz. Bəzən bu sənin işinə görə, bəzən sadəcə görünüşünə görə edilən etiraflardır. Deyərdim ki, sadəcə yaxın olmaq üçün edirlər. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Hörmətlə yanaşıram, normaldır.

- Hər şeydən danışdıq, biraz televizyaya gələn yoldan bəhs edək. Necə oldu ki, televiziyanı seçib aparıcı oldunuz?

- Aparıcı olmağım təsadüfdür. Amma zərurətdən doğan təsadüfdür. Bu, mənim uşaqlıq arzum olub. Belə deyim, mənim uşaqlığım İsraildə keçib. Gözəl ölkədir, orada yaşamaq təhsil almaq və bir jurnalist kimi çalışmaq istəmişəm. Lakin müəyyən səbəblərdən Azərbaycana qayıtdım. Natamam qalan təhsilimi burada davam etdirdim. Bu zaman artıq anam televiziyada çalışırdı. Bir gün məndə tanınmış aparıcılar kimi olacam dedim və televiziyaya CV verdim. Bu bir “ulduz xəstəliyi” deyildi, sadəcə istəyini reallaşdırmaq idi. Çağırdılar, seçimlər oldu, çalışmağa başladım. Qısa zamanda efirə çıxdım. Həmkarım Yusif Qoca ilə. Bu gün də biz hər səhər “Gün Başladı” informasiya proqramı ilə tamaşaçıları salamlıyırıq. Qısa zamanda efirə çıxmaq, tanınmaq mənim üçün böyük uğur idi. Çalışdığım müddətdə çox şeylər öyrəndim. İlk növbədə onu bildirmək istərdim ki, çalışdığım "ARB: 24" televiziyasının rəhbəri Nadir Şəfiyev bu işdə mənə çox kömək və dəstək olub. Onun sayəsində jurnalistikanın sirlərini öyrəndim. Sevinirəm ki, bu sahədə çalışıram və ən önəmlisi peşəkarlardan dərs alıb, gələcəkdə bir aparıcı-jurnalist kimi tanınacam. Şanslıyam...

- Səhv etmirəmsə, ananızla eyni kanalda çalışırsınız...

- Bəli, anamla birgə çalışıram. Anam işini çox sevir. Onun bir gün bu sahədən ayrılacağını düşünə bilmirəm. Onun da işi məsuliyyətlidir.

- Ananız da, siz də işdə olursunuz. Bəs evi kim silib-süpürür?

- Maraqlı sualdır (Gülür). İkimiz də edirik. Daha çox işləri bölürük, bir qismini anam bir qismini də mən edirəm. Bəzən isə anam özü edir.

- Canlı yayımda, ümumən çəkiliş vaxtı yadda qalan maraqlı hadisə varmı?

- Təbii ki... Belə hallar çox olur. Bəzən gülməli, bəzən də gözlənilməyən anlar. Amma deyərdim ki, daha çox başıma gülməli anlar gəlir.

Yaxşı yadımdadır, üçüncü efir günüm idi. Səhər işə gəlirdim, birdən ayağımı arı sancdı. Efirin aparıcısız keçməyini istəmədim. Bunun üçün canlı yayıma ayaqyalın çıxdım. Düzdü, planlar elə verildi ki, bunu tamaşacı bilmədi.  

Bir dəfə də çəkilişdə idim. Hava ilə bağlı xəbər üçün canlı bağlantı oldu. Bu an güclü dolu düşdü. Təsəvvür edə bilməsiniz ki, necə islanmışdım... Üstəlik külək çətirimi də aparmışdı. Həm əsəbi həm də həyəcanlı idim. Amma canlı yayımda hava proqnozunu təqdim etdim.

- Çox pozitiv, gülərüz xanımsınız. Amma sanki həyatınızda bir şeylər çatışmır. Bu nədirsə sizi sıxır, gözlərinizə kədər gətirir. Gerçəkdən belədirmi?

- Hər kəsin özünə aid sirrləri var. Ailəmin yanımda olub, mənə dəstək olması bütün sıxıntı, kədəri alıb aparır. Hədəflərim var, nə olsa belə “bu yaxşılığa doğru oldu” deyib keçirəm. İşini, ailəsini və həyatı sevən birini heçnə üzə bilməz.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR