Aktyor müğənnilərə üsyan etdi - İlham Əsədov / FOTO

Metbuat.az-ın qonağı Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti İlham Əsədovdur.

- Teatr sizin üçün nədir? 

- Teatr mənim canım-qanımdır. Qohum-əqrəbamdır, bəlkə də birinci evimdir. Burada özümü çox rahat hiss edirəm. Mən burda olmayarkən kollektivin anamı dəfn etməsi o deməkdir ki, onlar mənim doğmalarımdır.  

- Müsahibələrinizin birində demisiniz ki, özümü məşhur hesab etmirəm. Səbəb? 

- Bir neçə kateqoriyalı aktyor var: televiziya aktyoru, teatr aktyoru. Elə aktyor da var ki, onunçün fərqi yoxdur, istər serialda olsun, istərsə də teatrda. Mənim tanınmamağımın ən böyük səbəbi odur ki, mən televiziyada, serialda yoxam. Hazırda əsasən televiziya vasitəsilə tanınırlar. Bəzi seriallarda 2-3 seriyada rollar ifa etmişəm. Bu isə azdır. Bu yaxınlarda Xəzər TV -də yayımlanan “28 iyun serialı”nda oynadım. Sadəcə görünür serial çox da məşhurluq qazana bilmədi. Anam həmin serialın son çəkilişlərinə yaxın zamanda vəfat etdi. Şadam ki, anam mənim serialda çəkilməyimi görüb o biri dünyaya rahat köçdü. İndi həm seriallarımız, həm də aktyorlarımız çoxdur. Özümü daha çox teatr aktyoru hesab edirəm. Deyərdim ki, təkcə Gənc Tamaşaçılar Teatrında yox, digər teatrlarda da tanınıram.  

"Nə vaxtsa, məşhur olacağıma inanıram" 

- Belə bir hiss var ki, zaman gələcək tanınacağam. Deyirlər nəyisə ürəkdən istəyəndə o mütləq reallaşır. Bəlkə də gec olmağı daha yaxşıdır. Təki sonum yaxşı olsun. Elə aktyorlar görmüşəm ki, məsələn, Xuraman Hacıyeva, o cür məşhur aktrisanın finalı faciəli şəkildə bitdi. Sənətə məhz tanınmaq üçün gəlmişəm. Sevilməyi, tanınmağı sevirəm. Məsələn, yol gedərkən, metrodan istifadə edərkən düşünürəm ki, insanlar niyə məni tanıyıb yer vermir, onların yanında belə bir aktyorun olduğunu niyə görmürlər? Tanınmağı uşaqlıqdan sevirəm. Hara getmişəmsə, lider olmuşam. Məktəb illərində də, əsgərlikdə də. Bu gün teatrda da həm insan, həm də aktyor kimi liderəm. Məşhur olmamağımla barışmıram. Elə düşünürəm ki, Azərbaycanda məndən məşhur aktyor yoxdur. Yaxşı ki, bu hissim var. O, mənə rahatlıq gətirir. Orta məktəb müəllimim, qardaşım övladları üçün məşhurluq qazanmaq istəyirəm.  

- İctimai nəqliyyatdan istifadə edirsiniz? 

- Bəli. Şəxsi avtomobilim yoxdur. Mən avtomobil idarə etməyi sevmirəm. İstəyərdim sürücüm olsun.  

"Mənim üçün keyfiyyət kəmiyyətdən üstündür" 

- Çiynimdə 60 rol yoxdur. 20-ə yaxın rol var. Onların 20-si də fərqli rollardır. Yəni, dünən oynadığımı bu gün təkrarlamıram. Az olsun, təkrarçılıq olmasın. Bəzi aktyorlar var ki, çiyinlərində 60-70-ə yaxın rol var, amma təkrar rollardır.

- Sənət aləmində həmkarlıq var? 

- 5 ilə yaxındır ki, Həmkarlar Komitəsinin sədriyəm. 10 həmkarın namizədliyi irəli sürülmüşdü. 250 işçi yekdilliklə məni seçdi. Əslində, sədr olmazdan əvvəl də mən insanların xeyir-şərində birinci olmuşam. İstəmişəm ki, çoxlu pulum olsun, yaşlı insanlara kömək edim, xeyriyyəçiliklə məşğul olum. Tale elə gətirdi ki, pulum olmadı və mənə bu baxımdan vəzifə verildi. İnanıram ki, teatrın 250 işçisi də məndən razıdır. Hamısının xeyir-şərinə gedirəm. Bu mənə rahatlıq gətirir. Kollektivimə minnətdaram ki, məni seçiblər. Nə qədər ki, sədr kimi fəaliyyət göstərirəm, çalışacağam onlara layiqli şəkildə xidmət edim. Qastrol səfərində ikən anamı itirdim. Ordan gələ bilmədim. Dostlarım anamı dəfn etdi. Sizcə, mən kollektivin bu yaxşlığına səhlənkarlıqla cavab verə bilərəm? Rəhbərliyə də minnətdaram, işimdən böyük zövq alıram. 

- İşinizi vəzifə hesab edirsiniz?

- Vəzifə sənətdə var. Həmkarlar İttifaqının sədri olmaq mənim üçün bir işdir. Aktyorlara, xidmətçilərə köməyim əvəzində “Allah ata, anana rəhmət eləsin” kəlməsini eşitmək hər şeyə dəyər. Bundan böyük mükafatım yoxdur. 

"Valideynlərimin başını daim uca eləməyə çalışmışam" 

- Fəhlə ailəsində anadan olmuşam. Mənə həmişə valideynlərimə görə hörmət edirdilər. Anama deyəndə ki, sənin nə yaxşı övladın var, bu mənim üçün hər şey idi. Hansısa tədbirə gedəndə dostlarımın valideynləri deyirdilər ki, əgər İlham da ora gedirsə, övladımızı rahat şəkildə o tədbirə buraxa bilərik. Bu isə valideynlərimi sevindirirdi. Çalışıram adıma ləkə gətirməyim. Gözəlliyi sevirəm.  

- Tamaşaçı mədəniyyəti hansı səviyyədədir? 

- Tamaşa başlamazdan əvvəl elan verilir ki, “telefonları söndürməyi unutmayın”. Elə fikirləşirdim ki, bu düzgün deyil. Dünya tamaşalarına baxıram, qastrol səfərlərində oluram, dünyanın əksər teatrlarında həmin elan verilir. Dünya tamaşaçıları telefonun səsini alaraq, telefonla olan işlərini görür. Bəzi aktyorların tamaşaya səhlənkarlıqla yanaşması tamaşaçını yorur. Əgər tamaşa uzundursa, insan yorulur və başlayır telefonla oynamağa. Rejissorlar bu haqda fikirləşməlidir.

- Tamaşaçı varmı? 

- Tamaşaçılarımız daim var.  

- Sizi Kalmıkiya ilə bağlayan tellər... 

- Gənc Tamaşaçılar Teatrı ilə Kalmıkiya teatrı arasında müqavilə imzalanıb. Kalmıkiyanın əməkdar artistiyəm. Azərbaycan aktyorlarından yalnız mən və Şövqü Hüseynov başqa dövlətin əməkdar artistləriyik. Məndən əvvəl Valeriy Meladze, Dima Bilan, İosif Kabzon Kalmıkiyanın əməkdar artistləri adını alıb. Qastrollara gedərkən təkcə həmin ölkə teatrlarının tamaşalarını deyil, təşkilati işlərini, aktyorları qarşılamaq üsullarını izləyirəm. Qastrol səfərləri mənimçün praktikadır. Ömrümün sonuna qədər təcrübə yığmaqda davam edəcəyəm. Deyim ki, dünyanın heç bir yerində bizim teatr kimi qonaq qarşılayan teatra rast gəlməmişəm. Ola bilər ki, bu bizim millətin qonaqpərvərliyindən irəli gəlir. Bu baxımdan Kalmıkiya ilə ölkəmiz arasında müəyyən oxşarlıqlar var.  

- Biləcəridən o tərəfə keçməyən müğənnilərimiz var... 

- Mən Azərbaycanda yeganə aktyor-müğənniyəm. Mahnı oxuyan aktyorlarımızın heç biri solo konsert verməyib. Məsələn, Məleykə Əsədova, Əkbər, Sənubər İskəndərli, onların heç birinin solo konserti olmayıb. Məndə isə olub. Artıq 9 ildir ki, hər Beynəlxalq Qadınlar Günündə teatrımızda konsert verirəm. Bu təcrübəni Rusiya aktyorlarından götürmüşəm. Zamanında Mironov, Qurçinka həm tamaşada oynayıb, həm də konsert verib. Konsertlərim yalnız Azərbaycanda deyil, eyni zamanda, Osetiyada (bu yaxınlarda), Kalmıkiyada (artıq 6 ildir) da olub. 800 nəfərlik zalın1000 nəfərlə dolması mənimçün tamaşaçı sevgisi deməkdir. Bəlkə də qalmaqala səbəb olacaq, ancaq elə müğənnilərimiz var ki, Bakıda solo konsert verə bilmir, nəinki xarici ölkədə.  

- Düşmən ölkənin sənət adamları ilə əməkdaşlıq edərsiniz? 

- Düşmənlə əlbəttə ki, daimi əməkdaşlıq etmərəm. Sadəcə hansısa konsert, layihə çərçivəsində əməkdaşlığım mümkün ola bilər. Mənim konsertlərimdə ermənilər də iştirak edib. Konsertlərimi “Azərbaycan” mahnısı ilə açıram, finalda isə bayrağımızla səhnəyə çıxıram. Qoy, düşmən bunu görüb çatlasın. 

- Müğənni kimi toylara dəvət alırsınız? 

- Yalnız dostlarımın toyunda müğənni kimi iştirak edirəm. Toya pulla getmirəm. Mən müğənni deyiləm axı.  

- Mahnı oxumağınız necə başlayıb? 

- Müğənnilər birdən-birə aktyorların çörəyinə bais olub aktyorluq, aktrisalıq etməyə başladılar. Bu da mənə xoş gəlmirdi. Onlar onsuz da nə etsələr də, rolu aktyor kimi ifa edə bilməyəcəklər. Düşündüm ki, mənim də bir balaca səsim varsa, niyə mən də oxumayım. Mən mahnı oxumağımla, konsertlərimlə müğənnilərimizə meydan oxudum ki, siz aktyorluq edə bilərsiniz, biz oxuya bilmərik? Bilirəm ki, onlar son vaxtlar tamadalıq da edirlər. Yenə də aktyorların çörəyinə bais olurlar. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Sual yarana bilər ki, mən niyə mahnı oxuyuram. Təhsil aldığım illərdə vokal sənətindən də dərs almışam. Müğənnilər isə aktyorluq sənətini keçməyiblər. 

- Sizdə müğənnilik, yoxsa aktyorluq daha yaxşı alınır? 

- 37 yaşımdan mahnılar oxuyuram. Deyim ki, mənim güclü səsim yoxdur, şirin səsim var. Mənim üçün heç bir mahnı yazılmayıb. Müğənnilərin mahnılarına müraciət edirəm. Əsas məsələ ondadır ki, mən həmin mahnıları korlamıram. Mən onlara ikinci nəfəs verirəm. Amma müğənnilər aktyorluğu, aktrisalığı korlayırlar. Onlar iknci nəfəs verə bilmirlər. Dünənki toyda mənimlə bərabər tanınmış müğənnilər də iştirak edirdi. Mən oxuyanda hamı oynayırdı, tanınmış müğənnilər oxuyanda isə qonaqlara yaxınlaşıb güclə oynadırdılar. Bəlkə də onlar fanaqram oxuyur deyə belə alınır. Həm də elə mahnılar seçirlər ki, televiziya mahnısı ilə toy mahnısını qarışıq salırlar.  

- Tamadalıq edirsiniz? 

- Xeyr, tamadalıq çox böyük bir sənətdir. Elə xalq artistlərimiz var ki, tamadalıq edə bilmirlər. Bu, xüsusi bir sənətdir. Onun professionalları var. Bəlkə də Zeynəb Xanlarovaya olan sevgimə görə toylara meylim olmayıb. O da toylara getməyib. Yeyib-içilən məclisdə inanmıram ki, kimsə sənə axıra qədər qulaq assın. Hətta, əmilərimiz-dayılarımız çıxış edib, öyüd-nəsihət verəndə də onlara qulaq asmırlar. Bilmirəm, bəlkə də təsadüfən olur, tamadanın mikrafonuna elə yüksək səs verirlər ki, yazıq əmi-dayıların xeyir-duasını da eşitmək mümkün olmur. Mənimçün ən yaxşısı səhnədir. Səhnədə yaxşı oynaya biləcəyəmsə, tamaşaçı əlindəki planşeti, telefonu kənara qoyaraq məni izləyəcək.  

-Təxəllüsünüzü kim seçib? 

- Bir aktyor kimi özümü Hollivud ulduzu hesab edirəm. Bütün məşhur ulduzların təxəllüsü var. Mən də özümə bir təxəllüs axtarırdım. Artıq 5 ildir ki, “Dünyanın İlhamı” təxəllüsünü seçmişəm. Ola bilsin bu da Zeynəb xanıma olan sevgimdən irəli gəlib. Artıq mənə toylara dəvətnamə gələndə mənə “Dünyanın İhamı” deyə müraciət edirlər. Mənə ünvanlanan təbriklərdə də “Dünyanın İlhamı” təxəllüsümü eşidirəm. Dostlarımın telefonunda adım ya “ulduz İlham”, ya da ‘Dünyanın İlhamı” yazılıb. İnsanların bu adı qəbul etməsi mənə xoş gəlir. Bu yaxınlarda Mənzil İstismar Sahəsinə getmişdim. Soyadımı soruşanda çaşıb dedim ki, “Dünyanın İlhamı”. Artıq soyadımı da unutmuşam.  

- Seriallara dəvət alırsınız?

- Məni seriallara dəvət edən yoxdur. Dost-tanışlarımın əksəriyyəti bu dəqiqə seriallarda çəkilir. Onların dostluğu tam səmimidir, sadəcə ola bilsin ki, qısqanclıqları var. Dostlarımdan da çox şey asılıdır. İlham kimi əlimdən nə gəlirsə, onlara kömək edirəm. Məncə məni təqdim etmək də onların borcudur. Teatrda aktyorların rəhbərliklə olan münasibətlərini qaydasına salmaq özü çətin bir işdir. Mən aktyorlarımız üçün kömək etməyi bacarıramsa, onlar da rejissorlara məni tövsiyyə edə bilər. Görünür, hələ ki, istəmirlər. Mən onların bütün uğurlarına sevinirəm. Onlarla şəhərdə yol gedərkən insanların bizə baxıb tanıması da məni sevindirir. Elnur Kərimov, Elşən Hacıbabayev, Manaf Dadaşov, Almaz Mustafayeva ilə yol gedərkən onların tanınması mənə xoş gəlir ki, tanınmışların yanındayam. Fəxr edirəm ki, onlar seriallara çəkilir.

- “Bəxt ulduzu” na inanırsınız? 

- İnanıram. İnanıram ki, bir gün bəxt ulduzum parlayacaq. Özümü indidən həmin günə hazırlayıram. Bəzi fəxri adlar almış aktyorlarımız var ki, küçədə gedərkən onları tanımırlar. Deməli, bu məşhurluq deyil.  

- Məzuniyyətdən sonrakı planlarınız... 

- Belorusiyalı rejissor dostum var, bizim teatrla əməkdaşlıq edir. O, Belorusiyada bir serial çəkəcək. Həmin serialda qafqazlı rolunu mənə həvalə edib. Rolum təsdiqlənib. Avqustda çəkilişlərə gedəcəyəm. Ola bilsin ki, o ölkədə də tanınam.  

- Ailə... 

- Ailəli deyiləm deyə ailə haqda çox danışmıram. Əlbəttə ki, övladlarımın olmağını istərdim. Dostlarımın ailəsində hansısa problem olanda müdaxilə edirəm. Onlar qohum-əqrəbalarına müdaxiləyə icazə verməsələr də, mənə çox asanlıqla icazə verirlər. Ailələr var ki, barışdırmışam. İstəmirəm onların ailəsi dağılsın. 

- "Sənətdə olanların əksəriyyətinin ailəsi olmur" deyiminə münasibətiniz? 

- Aktrisalarımız bu baxımdan əziyyət çəkir. Elə teatrımızda da var. Burdakı qızların çoxunun ailəsi yoxdur. Deməsinlər ki, hələ ailə qurmağa vaxt var. Xeyr, artıq zamanları da keçib, yaşlanıblar. Sonra gec olacaq. Ailə mütləq olmalıdır. Aktyorlar öz həmkarları ilə ailə qursalar, daha yaxşı olar. Bir-birlərini yaxşı başa düşərlər. Ola bilsin ki, iki qoçun başı bir qazanda qaynamır. Amma bu sahədəkilərdən yaxşı ailəsi olanlar da var.  

- İncəsənətdəki kişilərin bəzilərindəki incəliklərin səbəbləri? 

- Teatrlarımızda o tip aktyorları nadir hallarda görürəm. Bunun haradan qaynaqlandığını bilmirəm. Əgər sabah mənə nəinsə naminə elə rollar təklif edəcəklərsə, imtina edərəm, mənə lazım deyil. Məşhurluğa görə dostlarımın, qardaşlarımın, onların övladlarının başını aşağı sala bilmərəm. Elə adamlardan qorxuram. İncə hərəkətlər eləyən oğlanla dostluq etmirəm. Teatrımıza “mavi aktyorlar”dan gələndə gedib direktorla danışıram ki, onu burdan uzaqlaşdırın. Onlar mühiti korlayır. Bura aktyorlarımızın övladları da gəlir. Ona görə də elələrini teatrdan uzaq saxlayırıq. 

"Bu tarixdə möcüzə ola bilər" - Aprel döyüşçüsü açıqladı...-Oxumaq üçün tıkla 


Aytən Novruzova / Metbuat.az 

Sərvan Şəldiyev 


"Bu tarixdə möcüzə ola bilər" - Aprel döyüşçüsü açıqladı...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

Sərvan Şəldiyev







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR