Akif Əlizadə İndoneziya səfiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Metbuat.az bildirir ki, qonaqları salamlayan AMEA rəhbəri Akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri, həyata keçirilən mühüm tədqiqatlar barədə məlumat verib, təsis olunduğu vaxtdan dövlətimiz tərəfindən Akademiyaya göstərilən diqqət və qayğıdan danışıb. AMEA-nın prezidenti ölkələr arasında elmi əlaqələrin genişləndirilməsinə maraqlı olduğunu bildirərək geoloq və seysmoloqlarımızın birgə tədqiqat aparmaları üçün İndoneziyanın ərazisinin əlverişli olduğunu qeyd edib. 

Səfir Hüsnan Bəy Fanani səmimi qəbula görə AMEA rəhbərliyinə öz təşəkkürünü bildirib. Qonaq ölkəsinin tarixi, iqtisadiyyatı, coğrafi mövqeyi, təbii ehtiyatları və idarəçilik sistemi haqqında məlumat verib. Hüsnan Bəy Fanani ölkələrimiz arasında böyük məsafələrin olmasına baxmayaraq İndoneziyanın qəlbinin daim Azərbaycanla bir vurduğunu ifadə edərək dostluq münasibətlərinin tarixinin qədim olduğunu bildirib. 

Görüş gələcək əməkdaşlıq imkanlarının, perspektiv elmi əlaqələrin müzakirəsi ilə davam edib, yaxın zamanlarda ölkələrin elmi qurumları arasında memorandum imzalanacağı bildirilib. Sonda akademik Akif Əlizadə dünyada ilk dəfə AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən hazırlanmış "Dünya palçıq vulkanları atlası"nı, AMEA-nın 70 illik yubileyi münasibətilə çap edilmiş "AMEA-nın simaları" kitabını səfirə hədiyyə edib. 

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak edib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR