Play Store

Ruhla söhbət - Fəlsəfi esse

Elə belə də bilirdim. Bilirdim ki, ruhumla söhbətim sonsuz əzablarla müşayiət olunacaq və zaman keçdikcə mən fəlsəfə tarixinin bu qorxulu axtarışlarını daha çox götür-qoy edəcəm beynimdə. Heyhat...  

Qorxunun gəncliyi də elə bizim yaşlanmaq sindromumuzla ekvivalent imiş. Kim daha çox yaşlanırsa, o qədər də çox qorxur. Mən ölümü nə vaxt burnumun ucunda görürəm onda daha çox qorxuram. Ruhumun əbədiliyi yaxud keçərliyi də məni yaş artımımla bərabər düşündürür sanki.

Görəsən, həqiqətən ruh cismdən ayrı yaşaya bilirmi? Yəni, həqiqətən bizim nəfəsimiz kəsilib, ürəyimiz dayanandan sonra fəlsəfə tarixinin o əbədi qalmaqallı mövzusunda hansı durumla qarşılaşacayıq? Nə qədər materialist olursan ol, hardasa bir balaca qığılcım qədər də olsa inamın mütləq qalır, eləcə də skeptika ruhun daimiliyi mövzusuna şübhəsiz inananların da mütləq içində bir yerlərdə mövcuddur.

Elə bu düşüncələrin içərisində ikən birdən gözlərimi yumdum. Dəli bir qıcolma ilə üz-üzə, göz-gözə dayanmışdım. Bu vaxt ruh bədənimdən qalxdı və başımın üstündə formal bir məsafədə dayanaraq mənimlə dialoqa başladı:

Salam, bədən.

Bədən?

Bəli, bədən. Unutma ki, sən sadəcə cismsən. Mən olmasam, sən heç nəsən, bir heç. Buna istədiyin qədər inana bilərsən. Hətta səni indi danışdıran belə mənəm, axmaq adam.

Sən mən deyilsənmi?

Mən sənin ruhunam.

Ruh?

Hə, sənin ruhun. Baxmayaraq ki, dünya yaranandan mənim adımı müxtəlif yarlıqlarla fərqli insanlara qoyduz. Biriləriniz sevgilinizə “ruhum” dedi, biriləriniz valideynlərinizə, amma heç vaxt öz içinizə dönmədiz.

Mən sənin varlığına inanmıram, ruhum. Sən mənim qorxularım, duyğularım və instinktlərimdən başqa heç nəsən.

Ruhum eynən mənim kimi alnını qaşıdı, şəhadət barmağı ilə gicgahını tərpətdi və söhbətə davam elədi: 

Sən ölümdən qorxursan. 

Yox, qorxmuram.

Əmin ol ki, qorxursan.

Bunu sən müəyyənləşdirə bilməzsən.

Mən sənin ruhunam, axmaq insan. Özünü məğrur göstərmə, qorxaqsan, qorxaq, qorxursan, qorxursan, qorxursan.

Ruh elə bil məni ələ salırdı. Axı o, hardan bilirdi ki, mən elə bayaqdan bu qorxularıma görə fikirliyəm. Sakitcə susdum və ruhum gözlərimin içinə baxaraq danışmağa davam elədi:

Heç bir canlı ölmək istəmir. Ölümdən qorxmağın alternativini heç vaxt doğru müəyyən edə bilməmisiz. Tarix boyu ən məğrur görünənləriniz ölümdən qorxmamağı cəsarət kimi xarakterizə etdi. Amma axı həyat sadəcə bir anlıqdır, dünyadakı müxtəlif dinlərə məxsus insanlar da mənim sizin bədəninizdən ayrılıb həmişə yaşadığıma inanır, onda sual olunur, niyə yekə-yekə danışmaq yerinə, hamınızın ölümdən qorxduğunuzu etiraf edə bilmirsiz?

O, haqqlı idi. Ən qəribəsi də bu idi ki, mən paranoyik durumda idim. Bu, nə axmaqlıqdır? Mənim kimi aqnostik, Bertran Rassel fəlsəfəsinin vurğunu olan adam indi öz ruhumla danışırdım? 

Ruhum qəhqəhə çəkdi. Onda elə bir səmimi gülüş var idi ki, nə özümdə, nə də başqa canlılarda tez-tez rastlaşdığım bir təbəssüm deyildi qətiyyən. Buna əmin idim. O, düz gözlərimin içinə baxaraq dedi: 

Səncə insanların hamısını birləşdirən tək şey nədir? 

Ruh.

Necə belə əmin cavab verə bilirsən?

Çünki bütün insanlar eyni görünsələr də, fərqlidirlər. Bizim hamımız ümumi bir məqsəd uğrunda yaşayırıq sanki...

Ruhum bu anda üstümə qışqırdı: 

Məqsədiniz fərqli olmalı idi, amma sizin istədiyiniz kimi oldu. Hamınız dünyanı daha çox yaşanılası yer etmək əvəzinə yaşanılmayacaq bir hala gətirrdiniz.

Mən razı idim onunla, başa düşürdüm ki, mənim həmişə keçirdiyim hisslərimi mənə bəxş edən də ruhum idi.  

Yaxşı, cism, mən gedirəm,- deyə, ruhum əl salladı. 

Bir dəqiqə...- düşünürdüm,- sən axı niyə gəlmişdin? 

Ruhum gülürdü, uzun müddət gözlərimə baxdı. Aramızdakı sükutu onun səsi böldü: 

Görürəm ki, uzun müddətdir məni cismindən aralı salmaq istəyirsən. Çətinliklər yaşayrsan, bu yaşadığın ağrıları sənə yaşadan da mənəm, çünki mən yanıram, mən acı çəkirəm. Sən mənim təlatümlərimdən doğan hiddətlə divara yumruq atıb barmaqlarını sındıranda da, özünü qəribə, kimsəsiz və yalqız hiss edəndə də əzabı ruhun çəkir. Amma düşün, bir də heç vaxt yaşamaq şansın olmaycaq, bir də heç kim səni bu həyata bağlamayacaq. Və həm də bir özün fikirləş, keşməkeşsiz, ziddiyətsiz, ancaq harmoniya ilə dolmuş bir həyat olduqca monoton və sıxıcı olmazdımı? Tələsmə, dostum, qoy ölümün təbii olsun, heç birinizin qəsdə haqqınız yoxdur. 

Bu sözlərdən sonra yenicə dəli olduğumu düşünürdüm. Birdən bədənimdən sanki elektrik cərəyanı keçirmiş kimi hiss etməyə başladım, hər yerim əsirdi.

Bu, nə idi? Yuxumda öz ruhumlamı danışırdım?

***

Fəlsəfə dərsində ruhdan mövzu düşdü və müəllimim məni ayağa qaldırdı.

“ Ruh səncə nədir” sualına sakitcə susdum.  

Çünki mən metafizika ilə bağlı suallarımdan ölənə kimi qurtula bilməyəcəkdim. 

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR