Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib
18:02 23 Avqust 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib.
"Report" xəbər verir ki, müşavirədə Baş nazirin müavini Əli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da sahibsiz heyvanlar problemi mövcuddur. Əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılmalı olduğunu vurğulayan Əli Əhmədov deyib: “Bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır. Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.
Müşavirədə problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının, bu məsələyə mətbuatın da geniş cəlb olunmasının vacibliyi vurğulanaraq, aidiyyati qurumlara müvafiq tapşırıqlar verilib.
Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlı uşağın həlak olmasına toxunan Baş nazirin müavini bildirib ki, bu məsələ ciddi araşdırılmalıdır.
Sonda məsələnin ciddiliyi nəzərə alınaraq onun nəzarətə götürülüb həll olunması üçün təkliflər paketinin hazırlanması, profilaktik tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR