39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"
19:03 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bu gün tanınmış jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun 39 yaşı tamam olur.

O, doğum günü təəssüratlarını Publika.az-la bölüşüb.

- Əlamətdar gündə sizinlə danışırıq. 39 yaşınız tamam olur. Bu elə yaş dövrüdür ki, bəziləri ömrün ən gözəl çağlarının başa çatdığını və qocalığa doğru getdiyini düşünür. Siz nə düşünürsüz?

- Bu vaxta qədər yaşadığım ömrü elə də gözəl hesab etmirəm. Ömrümün ən gözəl günləri, maraqlı işlər və yeni layihələr, ümumiyyətlə həyatın özü hələ qarşıdadır.

- Doğum tarixinizi bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- 30 yaşdan sonra necə dəyişdiyimin fərqində deyiləm. Kimsə yaşımı soruşanda ürəyimdə “Nə fərqi var ki” , - deyə özümə sual verirəm. 30-u haqlayandan sonra rəqəmlərin, yaşın 35, 40, 45 olmasının heç bir fərqi yoxdur. İnsanın ömrünün yaşlara bölünməsini doğru hesab etmirəm. Məsələn, biz yuxarı mərtəbəyə qalxanda heç vaxt demirik ki, “141-ci, yaxud 173-cü pilləkəndəyəm”. 5-ci mərtəbədəyiksə, o mərtəbədə olduğumuzu deyirik. İnsan ömrünü illərə bölmək pilləkənlərə bölmək deməkdir. Həyatımızı mərtəbələrə və aralıqlara bölmək daha məntiqli olardı.

- Qocalmaq sizi kədərləndirmir ki? Yoxsa bunu müdriklik əlaməti kimi qəbul edirsiniz?

- Qocalmaq mənim üçün həm maraqlı, həm də əyləncəlidir. Qocaldığı üçün kədərlənən insanlar ağılsızdır. Yetkinliklə müqayisədə qocalıq illəri daha maraqlıdır. Fiziki güc, enerji və görünüş baxımdan əvvəlki kimi ola bilməsək də, yaşa dolduqca həyatı daha dolğun yaşayarıq. Odur ki, qətiyyən kədərlənmirəm, sevinirəm.

- Həyatınızda planlaşdırdığınız işlərin neçə faizini yerinə yetirə bilmisiniz?

- Rəqəm deyə bilmərəm, çünki həyatımı birmənalı şəkildə heç vaxt planlaşdırmaram. Hansı yaşda hansı işləri qurmağım, hansı yaşda evlənmək və uşaq sahibi olmağım barədə əvvəlcədən fikirləşməmişəm.

- Öz doğum gününüzdə gələcək üçün, yoxsa keçmiş üçün daha çox darıxırsınız?

- Keçmiş üçün darıxmıram, keçmişdə həyatımda olan, amma bu gün yanımda ola bilməyən insanlar üçün darıxıram. Gələcəyi də həvəslə gözləyirəm.

- Belə bir deyim var: “Yeni yaşa öyrəşmək asan olardı. Əgər o, heç vaxt dəyişməsəydi”. Sizcə, insanların qocalmaq qorxusuna qalib gəlməyin bir yolu var?

- İnsanlar başa düşməlidir ki, həyatın keyfiyyəti yaşdan asılı deyil. Həyatın keyfiyyəti onu necə yaşamağından asılıdır. Hər hansı bir şəxs 50 yaşını gənclik illərindən daha xoş yaşaya bilər. Özümüzü hər yaşda olduğu kimi sevməli və hər yaşın gözəllliyini doya-doya yaşamalıyıq.

- Çoxları sizi əvvəllər öz işində-gücəndə olan sakit jurnalist və qatı dindar kimi tanıyırdı. Son zamanlar bu mövqeyinizi dəyişmisiniz, sərt açıqlamalar verirsiniz. Bu səbəbdən də bəlkə də ən çox düşmən qazanan jurnalistlərdən birisiniz. Radikal dərəcədə dəyişməyə ehtiyac nədən yarandı?

- Düşünmürəm ki, kimsə mənim düşmənimdir. Pafoslu səslənsə də, hətta məni özünə düşmən hesab edənləri də sevirəm. Bu, xoş təsir bağışlamaq üçün deyilən söz deyil. Həqiqətən belədir.

İndi də öz işimlə-gücümlə məşğul oluram, həyatımın çox hissəsi redaksiyada keçir. Bəli, dinə münasibətimdə radikallaşma var. Amma çalışacam ki, onu da azaldım. Çünki insanları incitmək niyyətim yoxdur. Dinlə bağlı tənqidi fikirlərimi yaymağa çalışırdım, yaşım artdıqca daha aydın şəkildə başa düşdüm ki, insanlarla qarşıdurmaya getmək çözüm yolu deyil. Hamının daha çox xoşbəxt olmasına çalışmaq lazımdır. Bundan sonra hər kəsi, hətta məni özünə düşmən sayan insanları da incitməməyə çalışacam.

- İşlədiyiniz media orqanı ölkədə seçilən saytlardan biridir. Uğur formulunu bizimlə bölüşərsiniz?

- Böyük məmnuniyyətlə. Öz işini bacaran, sevən və işlədiyi yerin patriotu olan insanları bir yerə toplayırsan. Onları sevdiyini nümayiş etdirirsən və işlərinə mane olmursan. Sözsüz ki, öz peşəkarlığım və öz biliyim çərçivəsində onlara məsləhət verib istiqamət göstərməyə çalışıram.

- Vüsal Məmmədov sərt rəhbərdir?

- Deməzdim, əksinə hesab edirəm ki, kifayət qədər mülayim rəhbərəm. Burada çox həssas məqam var. İşçilər başa düşməlidir ki, sənin sərt üzün hər an ortaya çıxa bilər. Mülayimlik o səviyyədə olmalıdır ki, hər kəs özünü onun əhatəsində rahat və xoşbəxt hiss etsin. Sərt üzünü isə görməsinlər, amma bilsinlər ki, lazım gəlsə, o cür də davrana bilərsən.

- İllərdir mətbuatda çalışırsınız. İşinizi nəyə görə sevirsiniz? Bu yolda saç ağartmağa dəyər?

- Jurnalistika mənim üçün özünüifadə etməyin ən uyğun formasıdır, üstəlik buna görə pul da qazanıram. Özümü rəsm, şeir, musiqi və ya memarlıqla ifadə edə bilməzdin. Eyni zamanda, həyatın mənası təkcə pul qazanmaqdan ibarət deyil. Təkcə pul üçün yaşasaydıq, həyat çox maraqsız olardı. Mən həm özümü ifadə edə bildiyim, həm də işim sayəsində özümün və ailəmin dolanışığını təmin etdiyim üçün xoşbəxtəm.

- Həyatınız haqqında sərlövhə çıxarmaq lazım olsaydı, nə yazardınız?

- Maraqlı sualdır (fikrə gedir). Yəqin ki, “Deyə bilmədiklərimi də eşidin” sərlövhəsini qoyardım.

- Doğum gününüzlə bağlı hansısa ənənəniz var?

- Heç bir ənənə yoxdur, sadəcə təntənəli keçməsini istəməsəm də, buna nail ola bilməmişəm. Təəssüf ki, öz istədiyim olmayıb.

- Qadınların sevilənə qədər gənc qaldığını deyirlər. Bəs kişilər?

- Kişilər başqalarına görə məsuliyyət daşıdığını dərk etdiyi ana qədər oğlan uşağıdır. Başqalarına görə məsuliyyət daşıdığını dərk edəndə də “Əlvida gənclik!”. Bundan sonra kişi kimi formalaşmağa başlayırsan.

- "Yalnız axmaqlar ölümün yaxınlaşmasını bayram edir" , - deyə iddia edənlər də var. Bu fikirlə razılaşırsınız?

- Həyatı sevmək və onu kainatın bizə bir hədiyyəsi kimi qəbul etmək lazımdır. Doğulmsaydıq, kainatda heç nə dəyişməzdi. Bir halda ki, dünyaya gəlmişik, bizim görmədiyimiz yenilikləri və vəziyyətləri yaşamaq şansımız yaranır. Nə qədər çox yaşasaq, bu, bizim qazancımızdır. Odur ki, qazancdan, yəni həyatdan imtina etmək lazım deyil. Kədərə də, depressiyaya da, sevincə də, məğlubiyyətə də, yeni işıq, yeni emosiya, bilmədiyimiz emosional vəziyyətlərin tədqiqatı kimi yanaşmalıyıq. Bacardıqca çox yaşamalıyıq ki, özümüz üçün yeni-yeni dünyalar kəşf edə bilək. Eyni zamanda, ölümün yaxınlaşmasından da qorxmaq lazım deyil. Çünki ölüm də həyatın bir hissəsidir.

- İllər sizin həyatınızdan nələrisə alıb-aparıb, yoxsa siz illərdən öz istədiklərinizi əldə etmisiniz?

- İllərdən öz istədiklərini əldə etmək çətin olsa da, məqsədlərimin bir neçəsinə nail olmuşam. Çox təəssüf ki, mənə əziz olan insanları illər əlimdəm alıb aparıb... Başa düşürəm ki, bunun da günahı zamanda deyil.

- Həyat yoldaşınızdan nə hədiyyə gözləyirsiniz?

- Hər bir kişinin həyat yoldaşından gözlədiyi bircə hədiyyə var: Ona rahat və xoş gün yaşatmaq. Bu, qadının kişiyə verə biləcəyi ən böyük hədiyyədir. Başqa bir şey zatən lazım deyil.

- Və nəhayət sonuncu sualımız. Doğum gününüzü necə keçirəcəksiz? Sevildiyinizi hiss etdiniz?

- Sevildiyimi çox dərindən və güclü şəkildə hiss edirəm. Xüsusilə də feysbuk dostlarımın sayəsində doğum günüm onların yazdığı təbriklərə cavab verməklə keçir. Sevilirəmsə, deməli, yaşamağa dəyər, deməli, bu günə qədər etdiklərim hədər olmayıb.

Günorta iş yoldaşlarımla gözəl mühitdə qeyd etdim, axşam da ailəmlə birlikdə olacam. Hər iki halda ətarfımdakılar doğmalarımdır.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR