Play Store

“Kül başına” ifadəsi haradan gəlir - Qarğış, yoxsa təəssüflənmək...

Elə həmişə başına dolanmaq olmaz axı, hərdən məcbur olub kiməsə “kül başına” da deməli olursan. Amma Allah eləməsin, bu sözü hər önünüzə keçənə, xətrinizə dəyənə deyəsiniz. Çünki heç də yaxşı mənada işlənmir.

İlk müraciət etdiyim müsahib Publika.az saytının  redaktoru, filoloq Bəxtiyar Əlirzayev oldu.


Bəxtiyar müəllim hesab edir ki, qədimlərdə köçəri maldar tayfalar çoban itləri quduranda onları qanlarını tökmədən öldürərdilər ki, başqa heyvanlar da o qanı yalayıb qudurmasınlar: “Buna görə də bir metr uzunluğunda quyu qazıb iti ora atır, sonra da az-az başına kül tökərmişlər. Qudurmuş itin də hirsindən ürəyi partlayıb ölərmiş. “Başına kül ələmək” ifadəsi ola bilsin ki, burdan gəlir”.

Eyni sualı ədəbiyyatşünas Yusif Günaydın də ünvanladım.


Yusif müəllimin fikrincə, “kül başına” ifadəsinin 2 min 6 yüz ildən çox yaşı var. Siz təsəvvür edin, illərin işğalları, əsrlər boyu türkləri əridib yox etmə siyasəti, ərəb, rus əsarətləri türkün qədim adət-ənənəsini, dilini unutdura bilməyib. Bunun sübutu elə iki türk sözünün birləşməsindən yaranan “kül başına” ifadəsidir.

Yusif müəllim bildirir ki, bu ifadənin yaranması atəşpərəstliyin geniş yayıldığı dövrə, yəni bizim eradan əvvəl VI əsrə təsadüf edir: “Zərdüştlik dini eradan əvvəl VI əsrdə qədim Albaniyada, yəni indiki Azərbaycan torpaqlarında geniş vüsət almışdı. O vaxtlar Albaniyanın paytaxtı Qəbələ (Kabalaka) şəhərində atəşpərəstliyin (Zərdüştiliyin) baş məbədi yerləşirdi.

Zərdüştiliyin dəfn mərasimi ilə bağlı qəribə ayinləri var. Bəziləri ölünü basdırır, bəziləri isə yandırırdılar. Yaxınları yandırılan ölünün külünü matəm əlaməti olaraq, başlarına çəkir və xeyli müddət beləcə gəzirdilər. “Kül başına” ifadəsi də elə burdan yaranıb. Yəni, “kül başına” “görüm, sənin əzizin ölsün” mənasına gəlir. Birnəfəsə asanca deyə biləcəyimiz bu qara qarğışın, görün, nə qədər qədim tarixi var”.

Onu da qeyd edək ki, Türkiyə türklərinin nitqində bu ifadə bizdə olduğu qədər ümumişlək deyil. “Başına kül” qarğışı Türkiyənin Urfa və Qaziantəp bölgələrində işlədilir.