Tarixdən silinmiş xalq haqqında maraqlı araşdırma - 16 MILYONUN BABASI

Alimlər müəyyən ediblər ki, monqol imperatoru Çingiz xanın 16 milyon nəvəsi var. Onların gəldikləri nəticəyə görə, Asiyanın böyük bir hissəsində yaşayan insanların 8 faizində Y xromosomları bir-birinə bənzəyir.

23 alim eyni nəticəni əldə etdikdən sonra bu faktı birgə müzakirə ediblər. Məlum olub ki, Y xromosomlarının ilk nümunəsi təxminən 1000 il əvvəl Orta Asiyada yaşamış bir adama məxsusdur.

Maraqlıdır, bəs biz hamımız Adəmin zürriyyətləri deyilikmi? Onun belindən gəlməmişikmi? Onun xromosomlarını daşımırıqmı? Hətta, 1000 il əvvəl Orta Asiyanın bozqırlarındakı o Y xromosomlarını daşıyan kişinin də bütün toxumu, geni, xromosomları, hüceyrələri, qanı Adəmdən baş alıb üzü bu yana doğru sel-su kimi axıb gəlmirmi?

Monqol imperatoru Çingiz xanın 16 milyon nəvəsinin olması, 16 milyon insana babalıq eləməsi, əcdadlıq, ululuq misssiyasını boynuna alması Çingiz xanın hakimiyyətinin süqut etməsindən sonrakı zaman kəsimində də onun hakimliyinin eyni minvalla davam etməsindənmi xəbər verir, görəsən?

Təsəvvür edin, bəlli bir müddətdən sonra Çingiz xanın padşahlığı sona çatır. Ünlü hökmüdar dünyasını dəyişir. Qurduğu imperiya nəhayət, darmadağın olur. Hələ Çingiz xan yaşayarkən, dünyaya hökm edərkən, torpağın üzərində verdiyi əmirlərlə dünyanın bu başından o başına, o başından bu başına doğru savaşa qatılan süvariləri, döyüşçüləri nə qədər canlı və etkiləyici bir gücə malik idisə, dünyasını dəyişəndən sonra da bu tarixi hünkarın dünyaya hökm eləmə gücünü xəyalınıza gətirə bilirsinizmi...

Yer üzündə 16 milyon insan sizə asan gəlməsin. Görün bir adamı, canı, bədəni, təni, varlığı eyni xromosmdan olan 16 milyon öz varlığında necə daşıyır? Bəs bu 16 milyonu Çingiz xan öz vücudunda necə daşıyıb? Demək, Çingiz xan hökümdar olduğu zaman onun rəiyyəti içərisində 16 milyon bilinməyən, gözəgörünməyən cəsus da varmış demək? O, deyəsən, elə bu 16 milyon casusa güvənirmiş. Çingiz xanın rəiyyəti yaşadığı dönəmdə neçə milyon idisə, bu gün onun üzərinə 16 milyon insanı da gəlmək zorundasan....

Getdiyi hər yerdə, hər obada, hər eldə bir xanımla izdivac qurar, ordan ayrıldıqda o qadından doğulacaq uşağın xəbərini alana kimi bir əsgərini də ayırıb orda gözətçi qoyar. Beləliklə, getdiyi hər elə, obaya öz geniylə gedərək hökm edərdi.

Çingiz xanın indiyə kimi dünya hökmdarlarından bir ağılalmaz fərqi ondan ibarətdir ki, o, hakimiyyətini həm də öz genindən, xromosomlarından artan, çoxalan, belə demək mümkünsə, dünyaya gələn insanların üzərində qururdu. Bu gələcəyin insanları hələ xromosomlar şəklində olduğundan, təbii ki, kimlərsə o insanları, 16 milyonu görmürdü....

Bilmək olmaz, bəlkə də dünyanın 14-cü əsrindən bu yana gəlib getmiş ən ünlü insanları, siyasətçiləri, dövlət xadimləri, savaş komutanları da bu kişinin Y xromosomlarını daşıyır. Məsələn: Fateh Sultan Məhmət, Şah İsmayıl Xətai, Abbas Mirzə, Nadir şah, Atatürk, Napalion, Stalin, Lenin, M.Ə.Rəsulzadə, Hitler, Trotski, Mircəfər Bağırov, Heydər Əliyev, Adnan Menderes, Tayyib Ərdoğan.... Təbii ki, bu siyahını uzatmaq da mümkündür. Bu 16 milyon içərisində sözsüz ki, çoban, müəllim, mühəndis, futbolçu, dənizçi, kosmonavt, cəllad, şeyx, zındıq, dərviş, hafiz, tarixçi, əsgər, pinəçi, ilxıçı, tacir, səfir, diplomat, şair, rəssam, tərcüməçi də olmamış deyil.

Sadəcə olaraq, bu Y xromosomlarının məhşurlaşması Cingiz xanın səbəbinə üzə çıxdı. Çingiz xanın tarixdəki şəxsiyyəti, dövlət başçılığı, fatehliyi bu Y xromosomlarının skandalını dünyaya bəyan elədi. Hər kəs özündən şübhələnməyə başladı ki, görəsən mən, bir zamanlar o nəhəng şəxsiyyətin daşıdığ bu Y xromosomlarını daşıyanlardan biri deyiləm ki? Hər kəs özünə bəzən qürurla baxmağa başladı ki, birdən Çingiz xan mənim də babam, mən də onun nəvəsi ola bilərəm.

Hallandırdığımız rəqəm baxımından (16 milyon insan nəzərdə tutulur) , bu gün Çingiz xanın tarixi, hakimiyyəti zaman baxımından daha qəddarcasına davam etməkdədir. Belə bir savaşçının, fatehin, zəkanın hüceyrələrinin, geninin 16 milyonda yaşaması, var olması kimlər üçünsə qürurverici duyğulardır. Əsas olan insanın daşıdığı ruhdur. Gerçək olan, onun xarakteri və şəxsiyyətidir.

İnsanın mənəviyyatında ruhuyla birgə genetikası da böyük rol oynayır. Çingiz xanın bu dünyanın müxtəlif ölkələrinə, şəhərlərinə, qitələrinə səpələnmiş bu 16 milyonluq nəvəsini bir ölkəyə yığsan bir xalq edər. Əgər belə bir imkanı gerçəkləşdirmək mümkün olardısa, onda bu xalqın adını nə qoymaq daha məqsədəuyğun səslənərdi görəsən? Bəlkə Y xromsomları respublikası, Y imperiyası . Bəlkə Y xromosomları cümhuriyyəti. O zaman bu xalqa başçı təyin edilmiş olsaq, gərək 16 milyonluq bir münaqişənin içərisinə özümüzü də ataq. Hər hansı bir xaosun və qarğaşanın içərisində necə bir xalq, sülalə, millət olar, anlaya bilmirəm? Ancaq bu versiyamızın da baş tuta bilməyəcəyindən, Y xromosomlarını daşıyan 16 milyon insanın üzərində Çingiz xanın hakimiyyəti (gizli də olsa, bilsələr də, bilməsələr də) davam etməyindədir. Bu günə kimi artan həddə gəlib çıxan bir gen, görünür, gələcəyə doğru daha çox artan həddən istifadə edəcək. Bu da Çingiz xanın bir zamanlar sona çatan hakimiyyətinin, əslində daha da təsirli, qalıcı olmasına xidmət edXaəcək...

Xanəmir Telmanoğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR