Play Store

"Leyli və Məcnun" əsəri yenidən yazıldı - 72 yaşında ilahi eşq

Dahi Azərbaycan şairi Nizami Gəncəvi və böyük sənətkar Məhəmməd Füzulidən sonra "Leyli və Məcnun" əsəri dəfələrlə qələmə alınıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı, şair-filosof Bilal Qədirov müasir dövrdə bu əsəri qələmə alan yeganə yazıçılardan biridir. Mövzu çox mürəkkəb süjet xəttinə malik olsa da, İslam fəlsəfəsinin incəliklərinə, sufi mistikasına bələd olan müəllif onun öhdəsindən bacarıqla gəlib.

Metbuat.az XXI əsrdə yazılan “Leyli və Məcnun” əsərinin müəllifi Bilal Qədirovla müsahibəsini təqdim edir:

- Əsər neçə ilə və nə vaxt ərsəyə gəlib?

- 2003-cü ildə yazıb bitirmişəm. Bir ilə tamamlamışam. Sadəcə maddi səbəblərdən bir az gec – 2011-ci ildə nəşr olunub. AMEA-nın təşəbbüsü ilə.

- “Leyli və Məcnun”a yenidən nəfəs vermək fikrinə necə düşdünüz?

- Heç vaxt belə bir əsər yazmaq fikrində olmamışam. Lakin yazmaq istədiyimi gördüm və qələmi kənara qoymadım. Fikirləşirdim ki, yaşlı adamam, bu əsəri yaza bilmərəm. Amma yazdım. Yaxşı da alındı.

- XXI əsrdə sizdən başqa bu əsəri yazan var?

- Nə Azərbaycan, nə İran, nə də Orta Asiyada “Leyli və Məcnun”u XXI əsrdə yazan olub. Çünki bu mövzu ağırdır. Bu əsər təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə insanlığa lazım olan əsərdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəvai və başqaları yazıb. Amma tarixdə qalan Nizaminin məsnəvisidir.

- Nizami və Füzulinin “Leyli Məcnun”nundan sizin “Leyli Məcnun"un fərqi nədir?

- Mən əsəri dialoqlar şəklində qurmuşam. Əsərin daxilində olan sürətlər həmsöhbət şəkildə bir-birlərinə fikirlərini çatdırırlar. Əsərin zikr məsələsində dühalar yaradan və yaradılışın söhbətlərinə toxunur. Yazıların daxili aləminə baxan zaman bilmədiyimiz söhbətlərin, insanı təlatümə salan məsələlərin olduğu ortaya çıxır. Sonra minacat gəlir. Minacat Allaha yalvarışdı. Minacatdan sonra əsər başlayır. Məhəmməd Füzulidə saqinamə gəlir. Məhəmməd Füzulinin əsərindəki qəhrəmanlardan fərqli olaraq, mənim əsərimdə qəhrəmanlar eyni vaxtda dünyaya gəlib, eyni vaxtda dünyadan köçürlər. Bu əsəri ilahi eşq adlandırıram.

- Kitabınızın dərsliklərə salınmasını istərdinizmi?

- Əlbəttə istəyərdim. Bu əsər Türkiyədə dəfələrlə müdafiə olunub. Azərbaycanda da bəzi tələbələr müdafiə ediblər.

- Kitabı oxumaq istəyən şəxslər onu haradan ala bilərlər?

- Kitab təəssüflər olsun ki, satışda yoxdur. Az sayda çap olunduğu üçün sadəcə alimlərə verilib.

- Kitabınızı satışa çıxarılmasını fikirləşirsiz?

- Belə kitabların pul ilə satışının mənim aləmimdə yeri yoxdur. Belə kitablar satıla bilməz. Universitetlərə, kafedralara vermək olar. Lakin maddi problemlər var.

- Bildiyimiz qədərilə “Leyli və Məcun” ilk əsərinizdir. Bundan sonra hansı əsəri yazmağı planlayırsınız?

- Gözəl bir Divan yazıram. “Leyli və Məcnun” bu Divanın bünövrəsi oldu. Allahın köməyi ilə o Divanı gələcək nəsillər oxuyacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR