Bir gündə iki önəmli hərbi təlim - Azərbaycan kimə mesaj verir?

Bu gün ölkəmizdə AzərbaycanTürkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.

Metbuat.az-ın məlumatına görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130” “Herkules”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Bundan əlavə, bu gün həm də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimləri də başlayıb. Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər sentyabrın 22-dək davam edəcək.

Eyni gündə iki əhəmiyyətli təlimin başlaması bunun bir mesaj olması ilə bağlı suallar doğurur. Məsələ ilə bağlı Metbuat.az-a məlumat verən hərbi jurnalist Ramil Məmmədli deyib ki, bu təlimlərin birmənalı hər hansı bir mesaj daşıdığını demək düzgün deyil: “Çünki Silahlı Qüvvələrimizin işi daim döyüş bacarığını, qabiliyyətini, imkanlarını gücləndirməkdi. Bu da o çərçivədə aparılan təlimlərdən biridir. Amma əlbəttə ki, Azərbaycanın düşmənləri, ölkəmizi özünə rəqib hesab eliyən ölkələr bu təlimləri narahatlıqla qarşılaya bilərlər, bu təbiidir.

“TurAz Qartalı-2017” təliminə, Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin bu formatda bir neçə təlimi keçirilib. Bu, sayca 4-cü təlimdir”.


R.Məmmədlinin sözlərinə görə, Silahlı Qüvvələrimiz bu istiqamətdə kifayət qədər öz bacarıqlarını artırıblar: “Yəni Azərbaycan Silahlı Qüvvələrinin pilotları və digər hərbi xidmət aparan hərbi qulluqçuları bu təlimlər sayəsində Qərb və NATO hərbi texnikalarını mənimsəməyə başlayıblar. Pilotlarımız “F-16”, “F-4” və digər aviasiya vasitələrinin texnikalarının istifadəsinin sadə imkanlarını öyrəniblər. O cümlədən türkiyəli pilotlar Sovet Rusiya istehsalı olan aviasiya vasitələrini öyrəniblər. Bu Azərbaycan üçün daha önəmlidir. Səbəb də bundan ibarətdir ki, Azərbaycan müəyyən dövr keçdikdən sonra öz aviasiyasını Qərb standartlarına uyğunlaşdırmağa çalışacaq. Bu artıq zamanın tələbinə çevrilməyə başlayıb. Bu baxımdan Azərbaycan hərbi təyyarəçilərinin bu istiqamətdə müəyyən işlərə yiyələnməsi vacibdir. Təlim həm də bu biliklərə yiyələnməyə stimul verir”.


Quru Qoşunlarının keçirdiyi hərbi təlimlərə gəldikdə isə, Ramil Məmmədlinin fikrincə, bu təlimlərin əhəmiyyəti ondan ibarətdir ki, bütün qoşun növləri və kifayət qədər şəxsi heyət təlimlərə cəlb olunub: “Təlimlərin arealı elə nəzərdə tutulub ki, gələcəkdə biz işğal altındakı Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlara başlayan zaman müəyyən bacarıqlarımız artsın. Ümumiyyətlə gördüyümüz ki, Azərbaycan Silahlı Qüvvələri davamlı olaraq belə irimiqyaslə hərbi təlimlər keçirirlər - qış, yaz, payız təlimləri. Azərbaycan Silahlı Qüvvələri texnikasını gücləndirir, inkişaf etdirir və yeni alınan, yeni silahlanmaya qəbul olunan texnikaların, silahların istifadəsi baxımından bu cür təlimlərin əhəmiyyəti böyükdür. Hər iki təlim çox ciddi əhəmiyyət daşıyır və Silahlı Qüvvələrimizin regiondakı gücünü nümayiş etdirir”.

Günay Elşadqızı \ METBUAT.AZ

Türkiyə İraqa hərbi müdaxilə edə bilər - Vəziyyət ağırlaşır... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI