Ermənistan torpaqlarımızı geri qaytaracağını açıqladı

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT çərçivəsində müzakirələrin sürətləndirilməsi məqsədilə bəzi torpaqları Azərbaycana qaytara bilərik”.

Metbuat.az-ın məlumatına görə, belə bəyənatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən VI erməni diasporunun formundakı çıxışında deyib: “Bununla bağlı Azərbaycanla danışıqlar davam edir. Ölkələrimiz arasında gərginliyi azaltmaq məqsədi ilə bu haqda ətraflı məlumat verə bilmərik”.


Nalbandyan daha sonra deyib: “Azərbaycan regionda hərbi gərginliyi artırsa, biz Qarabağın müstəqilliyini tanıya bilərik”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Ermənistan nə vaxtsa bunu etməli idi:


“Çünki işğal etdiyi torpaqlar bu gün Ermənistanın boğazından ağır bir daş kimi asılıb. Bu, Ermənistanı bütün inkişafdan, sərbəst hərəkətdən saxlayır. Ermənistan gözləmədiyi, amma layiq olduğu nəticəni əldə edib – Azərbaycan və Türkiyədə sərhədlərin bağlılığı onu çıxılmaz vəziyyətdə qoyub. Bu səbəbdən Ermənistanın iqtisadiyyatı günü-gündən çökür, əhalisi ölkəni tərk edir. Ölkənin bir perspektivi qalmayıb, 20-30 ildən sonra ölkədə Ermənistan əhalisi qalmayacaq. Bu, erməni diaspor dairələrini də, xaricdə müəyyən dairələri də qane etmir. Ermənistan artıq ilkin mərhələdə müəyyən əraziləri qaytarmağa şərti razılığını verir. Prinsipcə, Azərbaycanın problemin həlli ilə bağlı təklifi də nəzərdə tutulub. Azərbaycan birinci mərhələdə keçmiş muxtar vilayətin kənarındakı torpaqların qaytarılması və vilayətə müvəqqəti statusun verilməsini təklif edir. Belə görünür ki, ortada olan bu gün bu variant və ya buna yaxın olan məsələdir. Hesab edirəm ki, yarımçıq sülh hər halda yaxşı müharibədən yaxşıdır. Azərbaycan bu gün problemin həlli üçün bütün variantlara ciddi hazırlıq görür. Aprel hadisələri göstərdi ki, Azərbaycan torpaqlarının işğalda qalmasına həmişə dözmək fikrində deyil. Nalbandyanın dediyi göstərir ki, artıq Ermənistan siyasi elitasında bu addımı atmağın qaçılmaz olduğunu dərk edirlər. Eyni zamanda bilmək lazımdır ki, Ermənistan cəmiyyətinin özündə torpaqların Azərbaycana qaytarılması ilə bağlı çoxdan açıq çağırışlar edilir”.

“Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər” fikrinə gəldikdə isə Aydın Mirzəzadə bildirib ki, bu, çox gülünc bir qorxutmadır: “Tanıyıb nə qazanacaq ki, bu, Ermənistana nə verəcək? Bununla sadəcə Ermənistan Azərbaycanı siyasi şantaj edir. Ermənistan Dağlıq Qarabağı tanısa da, tanımasa da Azərbaycan işğal olunmuş torpaqlarını işğaldan azad etmək əzmindədir. Heç bir siyasi provakasiya bunun qarşısını ala bilməz”.

Günay Elşadqızı \ METBUAT.AZ

Lütfi Zadənin nəşi Azərbaycana nə vaxt gətiriləcək? - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI