Bakı Slavyan Universitetinin rektoru I kurslarla görüşdü

Professor Nurlana Əliyeva: "Mən istəyirəm hər bir tələbə öz universiteti ilə fəxr etsin, onu sevsin, bu sevgi onun qəlbinə, ruhuna hopsun!" 

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva I kurs tələbələri ilə görüş keçirib. Əsasən, tanışlıq xarakteri daşıyan görüşdə, rektor ali təhsil almaq üçün məhz BSU-nu seçmiş tələbələri salamlayıb və onlara əvvəlcə Universitetin yaranma tarixi barədə ətraflı məlumat verib.  

O, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı adlanan institutun 17 il öncə dünyaca məşhur siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universitetinə çevrildiyini və fəaliyyətə başladığını bildirib.

Nurlana Əliyeva hazırda BSU-nun bir çox slavyan ölkələri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, burada daha çox Rusiya ali məktəbləri ilə əməkdaşlıq etdiyini, bu ölkənin 27 universiteti ilə tələbə-müəllim mübadiləsi aparıldığını qeyd edib. O, BSU-ya çoxlu sayda qonaqların - slavyan ölkələri prezidentlərinin, politoloqların, səfirlərin gəldiyini, eləcə də BSU-da Beynəlxalq konfransların keçirildiyini I kursların diqqətinə çatdırıb.

Azərbaycanın dünyada artan nüfuzuna diqqət çəkən rektor bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə yüksək templə inkişaf edir və bu, təhsildə də özünü göstərir.

Azərbaycan xalqının tarixən multikultural dəyərlərə malik olduğunu vurğulayan N.Əliyeva qeyd edib ki, "Sovet dönəmində bizim mədəniyyətimizi, adət- ənənələrimizi sıxışdırmağa çalışsalar da, amma xalqımız öz dəyərlərini qorumağı bacardı və təbiətən multikultural, eləcə də tolerant xalq olduğunu bütün dünyaya sübut edə bilib. Yeri gəlmişkən qeyd edim ki, slavyan xalqları ilə qarşılıqlı əlaqələr fonunda, elə Bakı Slavyan Universitetini multikulturalizm beşiyi adlandırmaq olar."

Azərbaycanda Evrovision mahnı müsabiqəsi, Birinci Avropa idman oyunları, İslamiada və digər irimiqyaslı tədbirlərin keçirilməsi, ölkədə siyasi sabitliyin nəticəsidir - deyən, professor N.Əliyeva bu işdə xarici dövlətlərdə Azərbaycanı hərtərəfli təbliğ edən, ölkənin I vitse-prezidenti Mehriban Əliyevanın da rolunu xüsusi qeyd edib.

Professor N.Əliyeva tələbə həyatına yenicə qədəm basmış gənclərə müraciət edərək, onların həyatında yeni bir mərhələnin başlandığını vurğulayıb və BSU tələbələrinin universitetə öz doğma ocaqları kimi baxmalarını tövsiyə edib:

"Mən istəyirəm, hər bir tələbə öz universiteti ilə fəxr etsin, onu sevsin, bu sevgi onun qəlbinə, ruhuna hopsun! Mənim universitetim, mənim Azərbaycanım duyğusu ilə yaşaya bilməyən insan, yaxşı vətəndaş ola bilməz! Çünki öz ocağını sevməyən, öz anasını, öz vətənini və öz torpağını sevə bilməz!"

Bundan başqa, rektor gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının da önəmli olduğunu vurğulayıb və qeyd edib ki, "Bizim gənclər, həm də öz vətənpərvərlik duyğuları ilə fərqlənir. Hər bir gənc öz dövlətinin yanında olmalıdır. Siz gənclər bizim gələcəyimizsiniz, əgər siz olmasanız bizim gələcəyimiz olmaz!" O, buna misal olaraq, ötən il aprel döyüşlərində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığı xüsusi olaraq qeyd etdi və tələbələrə müraciətlə, Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə irəli getməyin ən doğru yol olduğunu I kursların diqqətinə çatdırıb.

Çıxışının sonunda BSU-nun prorektor və dekanlarını tələbələrə təqdim edən professor M.Əliyeva, onların hər birinin şəxsi keyfiyyətlərini qeyd etməklə öz müsbət fikirlərini bildirib. Yeri gəlmişkən, BSU-nun prorektorlarından söz açan rektor, hazırda universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdə olduğunu, ÇMTU-da Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak etdiyini bildirib.

BSU-nun mətbuat xidmətinin əməkdaşlarının fəaliyyətini xüsusi dəyərləndirən N.Əliyeva, onları universitetin bir saylı təəssübkeşləri, dayaqları adlandırıb.

Görüşün ardından BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi ilə, Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin əməkdaşları musiqi, rəqs, bədii qiraət və digər fitri istedada malik olan istedadlı I kurs tələbələrini adıçəkilən şöbəyə müraciət etmələrini və universitetin çoxsaylı tədbirlərində iştirak etməyə dəvət etdiblər.

BSU-nun Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR