Tullantı materiallarından sənət əsərləri yaradır - GƏNC İSTEDAD / VİDEO

“İşimiz işdir” layihəsinin bu dəfə qonağı tullantı materiallarından sənət əsərləri hazırlayan, Azərbaycan Texniki Universitetinin Elektronika Telekommunikasiya və Radiotexnika Mühəndisliyi fakultəsinin magistr tələbəsi Səxavət Muradovdur.

- Bu işə marağın necə formalaşıb?

- Marağım ilk dəfə rəsm dərsində 2 alandan sonra yarandı. 5-6-cı siniflərdə oxuyanda rəsmlər çəkirdim. Hətta bununla bağlı rayon birinciliyim də var. Sonradan təhsilimi başqa bir istiqamətə yönləndirdim. Səbəb gəlir məsələsi idi. Əl işləri ilə gəlir əldə etmək çətindir. Və qərara gəldim ki, ikinci bir sənət kimi bundan istifadə edim.

- Bildiyimiz qədərilə karikaturayla da məşğul olmusan.

- Bəli, bir neçə dəfə karikatura işləmişəm. Bu sahə üzrə tutduğumuz əsas mövzu qadın zorakılığı, uşaqların yaşadıqları problemlər, aclıq olub. Eyni zamanda, dünyasını dəyişən neftçilərimizlə bağlı karikaturalar hazırlamışam.

- Telekommunikasiya və incəsənət. İkisinin də öhdəsindən gəlmək çətin deyil?

- Vaxtımı daha çox öz ixtisasıma yönləndirmişəm. Çünki telekommunikasiya hər gün inkişaf edir, dəyişir. Əvvəlki məlumatlar bu gün üçün yeni sayılmır. O sahə üzrə mütəxəssis olamaq üçün gərək mütəmadi olaraq çalışım. Buna görə də, vaxtımı ora sərf edirəm. Kağız və tullantı materilarından əşyaları boş vaxtlarımda düzəldirəm.

Bu materialları haradan əldə edirsən?

- Zibilikdə eşələnmirəm (gülür). Dükanların qarşısından, əsasən də Sədərəkdə tullantı kimi kənara qoyulan boş qutulardan istifadə edirəm. Çalışıram ki, bu materiallardan daha faydalı istifadə edim.

Bir əşyanı hazırlamağa nə qədər vaxt sərf edirsən?

- Gördüyünüz evi 3-4 günə hazırlamışam. Bəzən bu müddət daha uzun çəkə bilir. Çünki kardonla əşyalar düzəltmək çətindir. Xüsusən də detalları hazırlayarkən.

Düzəltdiyin əşyalardan qazanc əldə etmisən?

- Hazırda emalatxana və biznes fəaliyyətim yoxdur. Bunları hədiyyə etmək üçün düzəltmişəm. Bəyənən insanlar olsa, gələcəkdə biznes fəliyyəti ilə də məşğul olmaq istəyərdim.

- Kardondan hazırladığın velisopedi kimə hədiyyə verəcəksən?

- Süleyman adlı bir dostum var. O, uşaq yaşlarında həmişə velisoped arzusunda olub. Ailəsinin maddi imkanları olmasına baxmayaraq, ona heç vaxt almayıblar. İndi həmin adam evlidir, oğlu da var. Ad günündə ona belə bir hədiyyə etmək istədim.

Xəyalə Məmmədova

Video: Sərvan Şəldiyev


RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI