Play Store

Nəyə görə analar-qızlar anlayışı heç vaxt suala çevrilmir? - BİRİNCİ YAZI

Quranda ata-oğul məsələsində xeyli örnəklər var. Bunların hər biri öz yerində. Mən isə Hud surəsində Nuh peyğəmbərlə bağlı olan ayələrdəki ata-oğul münasibəti konteksindən fərdin və birgəliyin özəl çalarına toxunmaq istəyirəm. Kənan Nuhun oğludur. Onun ciyərparasıdır. Nuha vəhy olunur ki, daşqın, sel-su dünyanı basacaq və inanmayanları fəlakət bürüyəcək. Kənan atasına inanmır. Az sonra gəmi aralanan kimi suların dalğası arasında boğulub ölür. “Nuh Rəbbinə dua ilə müraciət edib dedi: “ey Rəbbim, Oğlum Kənan mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlər hakimisən!”

Allah buyurdu; “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki gördüyü iş yaxşı bir iş deyildir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

Burda bir neçə məqam var. Nuhun Allahın əmrinə baxmayaraq, yenidən oğlunu qurtarmaq istəmə cəhdi. Ikinci məqam, Allahın Nuhu bu uyarısına görə cahillərdən sayması (Cahil ola biləcəyindən zorla uzaqlaşdırması). Üçüncü məqam, necə ola bilir ki, Allah hər heyvandan o gəmiyə bir cüt qoyulmasını istəyir, ancaq Nuhun xətrinə dəyib onun belindən gələn insanı, oğlunu ondan saymır, gözünün qabağında sularda acımasızca boğub öldürür? Yəni bir insanın, lap bir övladın, lap belə seçdiyi bir peyğəmbərin övladı, oğlu, şəcərəsi, geni o heyvanlardan, həşəratlardan biri qədər də, bəli, qədər də olmadımı?

Sonuc: bizdən olanlar bizdən olmuya bilər. Biz bütövlüyümüzü və yaşantımızı doğma, dost, qohum bildiyimiz fərdlərə görə müəyyən edib ayarlamamalıyıq. Allahın istəkləri doğrultusunda olmalı olacaq yaşantımız. Dünya baxışımız, həyat tərzimiz. Yarqıladığımız və təqdir etdiyimiz.

Kənan Nuhun oğludur. Fiziksəl olaraq. Kənan Nuhun oğlu deyildir. Kənan Nuhun oğlu ola bilər, Kənan Nuhdan ola bilməz. Kənan Nuhun oğlu ola bilər, Kənan Allahın təklif elədiyi Gəmiyə onun ayağının basmasına razı deyil və buna əsla müsait də etməz.

Nuh kənanın atasıdır. Nuh Kənandan deyildir və Kənanın atası deyildir. Nuh kənanın öz gəmisində görmək istəyir, israr da edir buna, hətta. Ancaq Kənan nuhun gəmisindən uzaqdır. Kənan qurtulmaq istəmir. Nuh onu qurtarmaq istəyir. Allah Nuhu oğlundan uzaq tutur, ayırır. Nuh övladından ayrılmaq istəmir. Allah yaxşı mənada bir nümunə ilə zalımlığının əsla zalımlıq olmadığını isbatlayır və bu isbatla üstəlik ata-oğul münasibətlərinin bu dünya həyatında düzgün qurulub tənzimlənmədiyinə diqqət çəkir. Nuhun övladı ola biləcək insan onun yanında olmalı və olar. Kənanın atası olan insan, peyğəmbər suda boğular, suda boğulanlardan olardı...

Bütün bunların fonunda Allah daha da irəli gedib insan şüurunun streotiplərini darmadağın edir. Yad, tanıyıb görmədiyi belə heyvanları qurtarır, qurtardır Nuha, öz belindən gələn insanın qutulmasına əsla izin vermir, hətta ona- Nuha qarşı cahil sözünü işlətməklə əsəbini, gərginliyini ifadə edir.

Allah yaratdıqlarının izini, tozunu qayb etmək istəmir. Gəmiyə aldırdığı o heyvan türlərinin yaşamasını, dünyada qalmasını, var olmasını istəyir. Yaradanın öz cizgilərindən olan varlığın yox olmaması gərəkir. İnsana gəldikdə isə, bunu geni, genetik cizgiləri üzərindən deyil, inancı, şüuru, mənəviyyatı, əxlaqı üzərindən bu var olmanı gerçəkləşdirir. Insanın üzərinə fərqli bir məsuliyyət qoyur. Gen, qan, doğmalıq bağları əsla ruh, mənəviyyat bağı ola bilməz və ola da bilər. Ancaq bütün bunlara baxmayaraq, mənəviyyat, əxlaq, inanc və ruhaniyyət üzərindən bütün doğmalıqlar, birgəliklər, ictimai-siyasi, tarixi və mədəni bütün əyləmlər gerçəkləşə bilər.

**

Belindən gətirdiyi övladı ondan nə qədər də uzaqmış. İlahi prinsip təlqin edir ki, sizin bildiyiniz bütün ölçülər və məsafələr dəqiq və doğru olmaya bilər. Yeri gələndə, nisbilik də öz sözünü elə Nuhla oğlu arasındakı hekayətdə olduğu kimi sərgiləyə bilər. Bu qarşılaşmadan bir çox mənalar, eyhamlar, mesajlar almaq mümkündür. Madam ki, İlahi ədalət sənin bədəninin bir parçasını səndən bu qədər uzaq bilir, uzaq tutur, uzaq olduğu əmrini verir, bəs bu yerdə o uzaqlığın müqabilində sənə yaxınlıq edən varmı? Bu yazınlıq lazımdırmı? Bu yaxın olan kimdir, nədir? Ümumiyyətlə, bu yaxınlıq uzaqlıq anlayışı yaşama, həyata necə tətbiq olunur və lazımdırmı? Yenə ümumiyyətlə, bu qarşılaşmada kim kimə yaxın olmalıdır? Mənmi sənə yaxın olmalıyam ya sən mənə? Yoxsa hər ikimiz eyni ortaq məsafədə, necə deyərlər təmas xəttində qarşılaşmalı və haqqında danışdığımız “yaxınlığın” haqqını verməliyik? Suallar çoxdur. Suallar qədər cavablar da çoxdur. Mətləbdən uzaqlaşmayaq.

Nuhun hekayəti üzərindən qənaətimizi sonuclandırmağa çalışsaq, belə bir nəticə hasil olar:

1. Cəmiyyətdə əlaqələr bir-birinə inanc üzərindən pərvəriş tapmalıdır ki, sənin verdiyin mesaja şübhə etməyəm. Görünür Nuh bir ata olaraq oğlu ilə o zamana qədər elə bir ortamda insanının ruhaniyyətində inanc yaradacaq dialoq qura bilməmişdi.

2. Cəmiyyətdə yalınız mən sənə deyil, sən də mənə inanmaq zorundasan. Əgər gerçəkdən də, sən arzuladığın ideal, demokratik bir düzəndən söhbət açmaq deyil, o mühitdə yaşamaq istəyirsənsə. Nuh oğluna inanır. Nuh oğlunun imnasızlığına inanır. Oğul da atanın dediklərinə inanmır, dolayı yolla, oğul atanın verdiyi qorxunc xəbərə qarşı hazırlıq görmür ona görə ki, o da atasına inanmır. Qəribədir, səni sevən və səni canından çox istəyən bir insanın dediklərinə necə inanmaq olmaz. Özü də o xəbər sənin həyatını qurtarmaq üçün bir vəsilə olacaqdı ( Bizlər atalarımızı istədiyimiz kimi, onları əslində sevirik də, ancaq onların fikirlərinə inanmırıq). Nuhun oğlu atasına inanır, ona görə onunla dialoqa girir. Ancaq atasınını fikirlərini qəbul etmir. Niyə, çünki atasınını verdiyi xəbər və bu xəbərin dönüşdüyü fikir, Nuhun oğlunun o günə qədər ki, yaşamından, dünyagörüşündən, heyrətindən olduqca böyük və nəhəng idi. Ona görə, bu xəbər az sonra Kənan və onun kimilərinin həyatınını faciəsinin son akkortları olacaqdı. Yəni, cəmiyyətə ötürülən hər hansı bir fikir, ideya, düşüncə yerinə oturması üçün, mənimsənilməsi üçün, o ideyanın toplumun dünyagörüşündən və tarixi təcrübəsindən böyük olmaması gərəkir.

3. Bizim Nuhdan və oğlundan fərqimiz ondan ibarətdir ki, biz, 21-ci əsrin insanları artıq özümüzdən asılı olmayaraq Nuhun təcrübəsini tariximizə, zamanımıza məxsus tariximizə qatmışıq. Nuh artıq bizim zamanın içindədir. Biz istənilən fikirdən ona görə quşquya düşürük ki, o düşüncə və fikirlərin, ideyaların təcrübəsi yaşanılıb, sınaqlardan çıxarılıb. Nuha vəhy gəldiyi üçün inanmaq zorundaydı və inandıqlarını da bildirmək məcburiyyəti vardı. Oğlunun atasından fərqli olaraq heç bir vəhy qəbul etmə imkanı, şansı yox idi. O da vəhy ala bilsəydi, bəlkə də atasıyla eyni fikrə gələcək, eyni aqibəti yaşayacaq, eyni hekayətin sonuna birgə gələcəkdilər. Ancaq ilahi tarix və təcrübə onu göstərdi ki, eyni vaxtda, eyni tarixi dönəmdə vəhy olayı iki insanın taleyində (hətta 3, 4, 5) özünü gerçəkləşdirmir. Gerçək informasiyalar bir nəfərə nazil olur, bildirilir, ya bir nəfər tərəfindən mənimsənilir, sonra o bir nəfərin vasitəsi ilə ətrafa, digər fərdlərə biuldirilir, ötürülür. Qarşı tərəflər bu xəbəri özlərinin bildiyi kimi dəyərləndirirlər. Kimisi qurtulur, kimisi qəzaya uğrayır. Niyə? Bunun bir səbəbi varmı? Var? Özü də çox. Yalnız onu qeyd edim ki, belə bir situasiyada çoxunluğun eşidib duydğu xəbərdən fərqli tərəflərə (fraksiyalara) bölünüb ayrılması, o zamana qədər onların daxilində və şüurunda, xarakterində yeni aldıqları xəbərin çəkisinə, özəlliyinə uyğun olub-olmayan özəlliyin var olması ilə əlaqədardır. Cəmiyyətə verilən informasiya, ideya toplum içində öz zəmnini tapdıqda, fərdlər sıralarını bərkidib o ideyaya (xəbərə) istinadən müəyyən edir. Bəziləri isə o ideyalara inanmır, onu ya iflasa uğramış, ya da vaxtı gəlməmiş, ya da bu kəsimin heç bir problemlərini həll etməyəcək, qapsamayacaq gücə sahib olduğundan, o ideyaya qarşı gəlirlər. Bu yerdə o ideyanı verən şəxs də, kənarda qalır (Nuh kimi), yalnız onun verdiyi mesaj (yenə Nuhun oğlunu uyardığı kimi) diqqət cəlb edir, nəzərə alınır və o mesaja adekvat cavablar aşağılardan, yerlərdən gəlməyə başlayır.

4. Bütün bu misalları biz ata-qız, baba-nəvə, ana-qız, ana-oğul konteksindən deyil, bütün zamanlarda cəmiyyətdə və toplumlarda ağırlıq təşkil edən ata-oğul prizmasından dəyərləndirməyin yerində olduğunu düşünürəm.

(yazının ardını oxuya biləcəksiniz)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR