Separatçılıq meylləri niyə artıb? - “Qarabağ məsələsində bu mümkün deyil”

Separatçılığa meyllilik hər zaman mövcud olub. Azərbaycan da separatçılıqdan əziyyət çəkən ölkədir. Dağlıq Qarabağdakı erməni separatçıları illərdir Azərbaycanın ərazi bütövlüyünü parçalamaq, torpaqlarımızda müstəqil, qondarma dövlət yaratmağa çalışsalar da, istəklərinə nail olmurlar və olmayacaqlar.

Son dövrlərdə isə separatçılıq meylləri daha da artıb. Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirdiyi müstəqillik referendumu İspaniyanın şimal şərqindəki Kataloniya Muxtar vilayəti üçün də stimul oldu. 1 oktyabrda keçirilən referendumdan bu yana, demək olar hər gün İspan polisi ilə kataloniyalılar arasında qarşıdurma yaşanır. Referendumda iştirak edən katalonlar polisin sərt müdaxiləsi ilə qarşılaşır.

Maraqlıdır, separatçılıq meyllərinin bu qədər artmasının səbəbi nədir? Politoloq Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu, ksenofobiyanın nəticəsidir: “Son dövrlərdə separatçılıq meyllərinin artması, Birləşmiş Millətlər Təşkilatının icra mexanizminin olmaması, eyni zamanda super güclərin maraqlarının toqquşmasından irəli gəlir”.

Politoloq Nəzakət Məmmədova isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, dünyada uzun müddət ikiqütblü, iki böyük dövlət var idi – ABŞ və SSRİ bütün dünyanı idarə edirdi:

“Onlar öz maraqlarını dünyanın heç bir yerində tam olaraq həyata keçirə bilmirdilər. Buna qarşı duran digər bir qüvvə var idi. Lakin SSRİ-nin süqutundan, 1991-ci ildən sonra ABŞ dünyada lider, hegemon olandan sonra birqütblü siyasət formalaşıb. Bu dövlət dünyanın hər bir ölkəsində əhəmiyyətli hesab etdiyi yerlərdə özünün milli maraqlarını həyata keçirməyə çalışır. Maraqlar isə bir dövlətin parçalanmasına, orada separataçı qüvvələrin ayrı bir dövlət yaratmasına səbəb olur. Bu, digər dövlətlərin ərazisindəki oxşar qüvvələr üçün bir siqnal olur. Separatizmin yayılmasını sırf bununla da əlaqələndirmək olar.

Müharibələr gedir, Yaxın Şərqdə vəziyyət gərgindir, böhrandır, həmin bölgədə dünyanın 22 dövlətinin ərazisinin dəyişdirilməsi söhbəti var. Bunların nəticəsində digər dövlətlərdə olan separatçılara da bir zəmin yaradır ki, öz dövlətlərini yaratsınlar. Yəqin ki, xaosun yaranmasının əsas səbəbi budur”.


Politoloq işğal altındakı torpaqlarımızdakı separatçılarla bağlı açıqlamasında qeyd edib ki, Qarabağ separatçıları çoxdan bu addımı atıblar:

“Onlar, 1988-ci ildə Dağlıq Qarabağı qeyri-qanuni olaraq Myatsum adında Ermənistana birləşdirilməklə bağlı qərar qəbul ediblər. Bu proseslər isə, bildiyiniz kimi müharibə ilə nəticələndi, indi isə danışıqlar gedir. Qarabağdakı separatçılar dünyadakı bəlkə də ilk seperatçılardır ki, onlardan sonra Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazidə və dünyanın digər ölkələrindəki separatçılara bir əsas verdi. Yəni, Qarabağdakı separatçılar onlardan qabaq bu addımı atıblar. Onlar de-fakto bu addımı atıblar, amma onun hüquqi nəticələri tanınaraq dövlət kimi qəbul edilirmi, bu başqa məsələdir. Məsələn, Qarabağ məsələsində bu mümkün deyil. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri, BMT, İslam Konfransı Təşkilatı, Avropa Şurası və digər təşkilatlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və heç vaxt müstəqil olmayacağını qəbul edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman açıqlamasında bildirib ki, “Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Mən, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç zaman imkan vermərəm”. Bu da o deməkdir ki, Qarabağın müstəqil olması mümkün deyil, olmayacaq da. Artıq neçə illərdir erməni lobbisi və onlara dəstək olan qüvvələr fəal iş aparırlar, səy göstərirlər, Azərbaycana qarşı qarayaxma kompaniyaları aparırlar, amma ortada nəticə yoxdursa, danışıqlar prosesi təbii ki, bizim ərazi bütövlüyümüzün təsdiq olunması ilə başa çatacaq.

Amma məsələn, Kosova ərazisi Serbiyadan qoparıldı və orada bir dövlət yaradıldı. İraqdakı və Kataloniyadakı separatçılar da bunu özləri üçün əsas kimi götürürlər. Bu məsələdə ikili standartlar var. Məsələn, ABŞ, Avropa Birliyi Donetks və Luqanskdakı, yəni Ukraynadakı separatçı bölgələri az qala lənətliyirlər və həqiqətən də separatçı qüvvələr kimi qələmə verirlər. Amma İraqda, Gürcüstanda, Kosovoda, Kataloniyada olan separatçıları sanki bir növ dəstəkləyirlər, onlara daha yumşaq münasibət göstərirlər. Belə çıxır ki, hansı separatçını hansı qüvvə müdafiə edirsə, bundan asılı olaraq onlara da münasibət o cürdür. Burada birmənalı şəkildə pislənilməli hal pislənilmir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI