"Türkiyə hökumətinin biganəliyi Azərbaycanı ciddi narahat edir"

Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub, həmçinin də iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər.

Metbuat.az-ın məlumatına görə, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli bildirib ki, hamı Azərbaycan və Türkiyə arasındakı münasibətin möhkəm tellərlə bağlı olduğunu bilir: “Cənab prezident görüşlərin birində "Ərdoğan burda yoxdursa, mən burdayam” dedi. Yəni, eyni adamlarıq. İki dövlət arasındakı səmimi münasibətdən Türkiyədəki müəyyən qüvvələr qıcıqlanır. Türkiyənin ciddi problemləri var – kürd problemi, erməni problemi, Avropa münasibətləri ilə problemlər yaşanır, Fətullah Gülən problemi var və s. Amma problemlərin içərisində ən pisi, qorxulusu və qəbulolunmazı siyasi partiyalar arasında, hakimiyyət və müxalifət arasında olan münasibətdir. Bu, o qədər ifrata varıb ki, hətta Türkiyə ilə dost münasibətində olan dövlətlərin özünə münasibətdə müəyyən qüvvələr başqa mövqedə dayanır. Mənə elə gəlir ki, Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslər də həmən qüvvələrin tərkib hissəsidir. Onlar, Azərbaycanla Türkiyə arasında olan münasibətlərə sevinməyən qüvvələrdir. Onların genetik kodunu araşdırsaq, içərisindən bir erməniçilik çıxacaq. Yəni, ola bilməz ki, burada qarışıq bir düşüncə sahibi olmayan adam elə addım atsın. Həmin o 4 nəfər Türkiyə üçün ən aşağı eşalonda duran, cəmiyyətdə qəbul olunmayan adamlardır. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməməlidir, gətirə də bilməz, vahid cəhbədə eyni mövqedən çıxış edən dövlətlərik. Ona görə də, bu cür addımlar mənfi epizoddur, pis addımdır. Güman edirəm ki, bu, tezliklə cəmiyyətin özündə ifrata varmış formada qarşılanacaq”.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs veriblər. Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda erməni lobbisinin və anti-türk, anti-islam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum Qətnamənin Türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb. Azərbaycan Respublikasının Prezidenti hər zaman ölkəmizlə yanaşı Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. AŞPA-da Prezident İlham Əliyevin məlum çıxışı bunun əyani təzahürüdür. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoyub, Türkiyə respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə edib. Bütün bunlara baxmayaraq, bəzi türkiyəli aydınlar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır. Xüsusən də Türkiyə hökumətinin istər Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görmədiyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər. Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin cəzalandırılması - hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir.

Fəzail İbrahimli qeyd edib ki, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin hamısı eyni mövqedə olmayıb: “Hakimiyyətdə olan partiyaların nümayəndələrinin mövqeyi başqa olub. Ancaq müxalifətdə olan partiyaların nümayəndələri Azərbaycan əleyhinə Qətnamənin lehinə səs veriblər”.

Türkiyə hökuməti Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünür. Görünür, Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil. Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni ziyanlı addımlardan çəkindirməlidir.

Fəzail İbrahimli işğal altındakı torpaqlarımıza qanunsuz səfər edən şəxslər barəsində hüquqi prosedurların başlayıb-başlamayacağı ilə bağlı məsələyə münasibətində bildirib ki, bu məsələ Türkiyə Qanunlarında hansı formada ifadə olunursa, o cür də hərəkət edəcəklər: “Türkiyə demokratik dövlətdir, özünün qanunları var. Yuxarı eşalonda da hər halda bu məsələdən xəbərdardılar və Qanunlar çərçivəsində hansı addımı atmaq lazımdırsa, güman edirik ki, atılacaq”.

Türkiyə hökumətinin 4 xəyanətkara qarşı ciddi tədbir görməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurub. Eyni zamanda, Türkiyə Parlamentinin üzvü, erməni mənşəli millət vəkili Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar də Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmayıb.

Fəzail İbrahimli deyir ki, belə bir söz var - canavara nə qədər yem versən, meşəyə baxar, əqrəbə nə qədər bal versən, zəhərə çevirər. Erməni əsilli bir deputatın da qanında ermənilik varsa, gedib Türkiyənin mövqeyindən çıxış edə bilməz: “Onların bütün cəhdləri Türkiyə ilə sərhədlərin açılmasına xidmət edir. Ancaq, dövlətin mövqeyi möhkəmdir. Türkiyə hakimiyyəti kifayət qədər çətin proseslərdən keçmiş hakimiyyətdir. Ən çətin məqamlarda Azərbaycan Türkiyənin yanında olub. Türkiyə özünü belə addım atmaqla tənha vəziyyətə qoya bilməz. Amerikada diplomatları geri çağırırlar, Avropa Birliyə qoymur, bir tərəfdən Ermənistan problemi, Suriya məsələsində dünya çöküb Türkiyənin üzərinə. Belə məqamda Azərbaycanla Türkiyə münasibətlərini pozmağa cəhd edən qüvvələr yalnız düşmən qüvvələr ola bilər. Buna da yəqin ki, Türkiyə hakimiyyəti heç vaxt rəvac verməz”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI