İnsanın özü də bir dindir... – Xanəmir Telmanoğlu

Xanəmir Telmanoğlu ilə müsahibə:

– Xanəmir bəy, roman da yazırsınız, şeir də, ara-sıra məqalələriniz də çap olunur. Amma sanki görünmürsünüz... Bu, xarakterinizlə bağlıdır, yoxsa?

– Yəqin xarakterimdən irəli gələn bir şeydir. Tutalım, düşünürsən ki, evdən çıxdım, hara gedim? Düzdür, görüşdüyüm, oturub-durduğum adamlar dostlarımdır, sevimli insanlardır. Misilsiz dostlarım var. Söz yox ki, vaxtilə yazar dostlarla zamanımızı bir masa arxasında keçirdiyimiz günlər, aylar, illər çox olub...

– Bəzən görünməməyin özü də iddia kimi ortalığa qoyulur. Yəni mən mənəvi qatda öz məsələmi həll eləmişəm, daha reklama, özümü gözə soxmağa ehtiyac yoxdur... Sizdə belə hislər varmı?

– Qətiyyən yoxdur. Mənəvi planda içimdə nəyisə həll eləmək söhbəti də heç vaxt ağlımdan keçməyib.

– İndi hardasa işləyirsiniz?

– Bir müddət ATV kanalında çalışdım. Sonra dedilər ki, verilişin davam etməsi üçün sponsor lazımdır. Kimə deyə bilərəm ki, gəl mənə sponsorluq elə? İşimiz yarımçıq qaldı. Faktiki olaraq, iki ildir işsizəm. Amma bir saytla – metbuat.az-la yüngülvari əməkdaşlığım var.

– Yəni saytla dolanırsınız?

– Belə demək mümkünsə...

– Çətin deyil?

– Sözsüz ki, çətindir. Hər halda adam soymuram, oğurluq eləmirəm. Əslində, mənə elə gəlir ki, asan yolla başqalarının malını, sərvətini mənimsəmiş adamı soymaq, ondan oğurluq eləmək yaxşı işdir. Deyim ki, bir korrupsionerin malını müsadirə etmək halal bir şeydir. Sadəcə, bunu bacarmaq lazımdır. Məndə isə bu qabiliyyət olmadığı üçün çalışıram ki, müəyyən nəşriyyatlarla, saytlarla əməkdaşlıq eləyib başımı dolandırım.

– Oğurluğun halal bir şey olması ilə bağlı hansısa dini kitabda yazılıb, yoxsa öz qənaətinizdir?

– İnsanın özü də bir dindir. Ən canlı kitab insandır. Əgər varsansa, səndən daha canlı kitab ola bilməz. Allah səni də yaradıb, Quranı da, İncili də, Tövratı da, Zəburu da... Bu mənada sənin özün ən qədim, ən orijinal və ən pozulmaz bir kitabsan, dinsən. Mən də bir dinəm, əgər bu gün zamanın üzərimdəki təzyiq və ağırlığının diktəsi altında belə düşünürəmsə, deməli, oğurluq etməkdə halallıq var.

– Yazıçılar Birliyi dörd nəfərə bir mənzil vermişdi. O siyahıda sizin də adınız vardı. Aldığınız pul bir işinizə yaradımı?

– Deyim ki, ev aldım, torpaq aldım... Yox! Qətiyyən belə şeylər olmadı. Dostlarım da yaxşı bilir ki, mənim güclü borcum vardı. O pulla borclarımı ödədim. Həmin məqamda bibioğlum həbs olundu. Pulun bir hissəsi də bu məsələyə getdi.

– O puldan rüşvət verdiniz?

Bir başa mən verməsəm də... Həmin vaxtlar bacım oğlunu da ilişdirmişdilər. Bacımgil də bilirdilər ki, əlimdə pul var. Beləliklə, min dənə məsələ ortaya çıxdı. Ümumiyyətlə, mən indiyə kimi pulun nə olduğunu anlamağa çalışıram. Pulun mahiyyəti mənə çatmır. Çünki pulla mənim aramda çox böyük məsafə var.

– Bacıoğludan danışdınız... Siz yaradıcı bir insan olmaqla yanaşı həm də bir dayısınız, əmisiniz, atasınız... Bəs əmi, dayı, ata kimi öz missiyanızı yerinə yetirə bilirsinizmi?

– Ata kimi məncə, o qədər də pis ata deyiləm. Sakit görünməyimə baxmayın, o qədər də ölüvay, ağlayan, sızlayan birisi deyiləm. Amma son 2-3 ildə isə deyəsən, missiyamı yerinə yetirə bilmirəm deyə, bəlkə də dayılıqdan, əmilikdən çıxmışam.

– Siz ATV-də işləyəndə Vaqif Bayatlı Odəri bir verilişə çəkmişdiniz. Vaqif müəllim o verilişdə ağaca çıxmışdı. O gündən bəri deyirlər ki, Xanəmir Vaqif Bayatlını ağaca çıxarmışdı... Bunu qəsdən etmişdiniz?

– Mən Vaqifin yaradıcılığına sayğı duyan və yaradıcılığının tənqidi yönlərini də görə bilən bir adamam. Vaqif Bayatlı Azərbaycanın böyük şairidir. Vaqif Bayatlıya qarşı o cür hərəkət eləmərəm. Sadəcə, Vaqif müəllimin xarakterində bir uşaqlıq var. Bu da onun böyük adam olduğuna görədir.

Mənim bildiyimə görə, sovet dövründə İsa haqqında bir film çəkilirmiş. İsa roluna çəkməyə adam axtarıblar və onun obrazını Vaqif Bayatlıda görüblər. Gerçəkdən də Vaqif Bayatlıda bir İsalıq var. O qədər təmiz bir insan ağaca da çıxacaq, qayaya da dırmaşacaq, maşının altına da uzanacaq... Amma deyim ki, Vaqif həqiqətən də ağaca yaraşır. Şəxsən mən onun yerində olsam, ağacdan düşmərəm.

Bir hadisəni də danışım. Vaqif müəllim cavan vaxtı dostları ilə Bakının küçələrində gedirmiş. Bir də baxıb ki, qarşıdan nəhəng, güclü, bazburudlu bir rus polkovniki gəlir. Yanındakılar Vaqifdən qat-qat canlı, boylu-buxunlu imiş. Vaqif isə cansız bir adam ola-ola qəfildən qaça-qaça gedib rus polkovnikinin papağını götürüb vurub yerə. Nədi-nədi, rus imperiyasının hərbçisi onun torpağında belə rahat gəzir...

– Vaqif Bayatlı islama sidq ürəkdən bağlı olan bir insandır. Bəs sizcə, niyə onu Məhəmmədlə deyil, İsaya oxşarlığından danışırlar?

– İslam deyəndə təkcə müsəlmanlıq, Qurani Kərim nəzərdə tutulmur. İslam ona görə sonuncu bir dindir ki, Tövrat da, İncil də, Zəbur da Qurani Kərimdə öz bədii, ictimai, ilahi həllini tapmış bir variantdadır. Bütün bu kitablar Quranda təzahür edirsə, deməli, İsa da burdadır, Davud da... Bu baxımdan Vaqif Bayatlı islamın içərisində olan İsaya, Quranın İsasına daha çox oxşayır, ona daha çox uyğundur. Həm də peyğəmbərlər içərisində obraz baxımından ən şairanəsi İsadır.

– Siz fiziki cəhətdən zəif bir insan deyilsiniz. Şillə də vura bilərsiniz, yumruq da ata bilərsiniz. Amma danışanda elə təəssürat yaradırsınız ki, sanki qorxaq bir adamsınız...

– Bu barədə dostlarım da mənimlə çox söhbət ediblər. Başqa üzümü görəndə isə məni təəccübləniblər. Mən təbiətcə zorakılığı sevən adam olmuşam. Bəlkə də həyatımda qarşılaşdığım hadisələr bu hissi məndə yaradıb. Buna baxmayaraq, bir insanla üz-üzə oturanda məndə qarşımdakını özümdən üstün tutmaq hissi də yaranır. Nədənsə istənilən adamı özümdən zəif görürəm. Özümdən utanıram. Qarşımdakı insanla çəkinə-çəkinə danışmağım isə bir problem çıxmağının və mənim onu narahat edə biləcəyimin qorxusudur. Düşünürəm ki, aramızda bir anlaşılmazlıq yaranar, sonra uzun müddət özümə gələ bilmərəm...

Bu, varlığıma hopmuş bir hissdir. Elə bilirəm ki, yumşaq davranışım qarşıdakı insanın mənə maneəsiz keçməyinə özümdən asılı olmayaraq şərait yaradır. Adam var, mənə vurar, amma susaram. Bəlkə də qorxdu zənn edər. Adam da var ki, içindəki iyrəncliyi görərəm, özümdən asılı olmadan şapalağım sifətində gül açdırar...

– Tez-tez deyirlər ki, sizin əsərlərin dilini heç kim başa düşmür...

– Bu dil haqqında o qədər danışmışam ki... Hətta kitab da yazmışam... (Gülür).

– Özünüz öz yazdığınız dili başa düşürsünüz? Yaxud bu dil sizin özünüzü də bezdirmir ki?

– Ədəbiyyatla həyatın ayrı-ayrı şeylər olduğu bilinəndir. Bəzilərinə elə gəlir ki, həyatda danışdığımız dili yazıya tətbiq etməliyik. Bəs yazının mahiyyəti harda qaldı? Çağdaş ədəbiyyat daha çox dil üzərində yaranır. Elə məsələlər var ki, sən onu dil üzərində həll eləməsən, əsərin texnikasını, strukturunu, süjet xəttini, bədii siqlətini istədiyin şəkildə həll eləyə biləcək imkana sahib olmayacaqsan. Məhz bu düşüncədə olduğuma görə çalışdım ki, Azərbaycan ədəbi dil standartlarını dağıtmağa cəhd göstərim. Bilmirəm alındımı, alınmadımı, amma hesab edirəm ki, ən azından bu cəhdə bulunmaq, qorxmamaq lazımdır.

– Xanəmir bəy, klassik ədəbiyyata münasibətdə bizdə zaman-zaman fərqli fikirlər olub. Məsələn, Rafiq Tağı Səməd Vurğunu qəbul eləmirdi. Eyni zamanda Mirzə Cəlil və Sabir haqqında da yazmışdı ki, onlar milləti təhqir ediblər... Siz necə düşünürsünüz?

– Sözsüz ki, Mirzə Cəlil də, Sabir də dünya ədəbiyyatına çıxara biləcəyimiz imzalardır. Amma biz Sabiri, Mirzə Cəlili dünyaya çıxara biləcəyimiz halda onlara qarşı nədən tənqidi yanaşırıq? Əsas məsələ nədir? Bizdə oxucu xəyanət etməyi bacarmır və kitablara, müəlliflərə qarşı nakam psixoloji münasibət sərgiləyə bilmir. Bir də bizə elə gəlir ki, əsərlər yazılırsa, o həm də mütləq şəkildə oxunmaq üçündür. Əsərlərin, kitabların yazılması şərtdir, məncə, oxunması şərt deyil. İstənilən halda kitab mədəniyyət aktıdır.

Bizdə oxucuların zövqü çox uzun çəkir. Oxucu istəyir ki, onun zövqü insan taleyi, insan ömrü kimi uzun yaşasın. Əvvəlcə uşaq olsun, sonra məktəbə getsin, universitetə girsin, ailə qursun, sonra qocalsın, ölsün... Amma mən düşünürəm ki, bizim zövq qocalmamalıdır, bir az da nakam olmalıdır. Bu mənada Sabiri, Mirzə Cəlili yüz il öyrənmək, yüz il oxumaq, yüz il tətbiq eləmək düzgün məsələ deyil. Bu, vəhşilikdir, barbarlıqdır. Sözsüz ki, Sabirin də, Mirzə Cəlilin də alt qatında elitar, aristokrat təfəkkür gizlənib. Amma bunlar uzun müddət oxunun inhisarına çevriləndə təfəkkürdə zombiləşmə gedir.

Təsəvvür elə, atam da “Keçi” , “Xoruz” “Uşaq və buz” şeirini əzbər bilirdi, mənim özümün də ilk əzbərlədiyim şeir bunlar olub, uşaqlarımın da. Görünür, uşaqlarımın da uşağı “Keçi” , “Xoruz”, “Uşaq və buz” şeirlərini əzbərləyəcəklər. Bu, nə deməkdir? Bu baxımdan əlbəttə, Mirzə Cəlili də, Sabiri də tənqid eləmək lazımdır. Onların yazdıqları bəlli bir zaman kəsiyində, müəyyən mərhələlərdə çox böyük dəhşətlər, fəlakətlər yaradıb. Onun üçün də tənqidə məruz qalırlar.

– O dəhşət, fəlakət nədən ibarətdir ki?

– Tutaq ki, yüz ildə Azərbaycanda üç nəsil dəyişə bilir. Elə deyilmi? Təsəvvür elə ki, üç nəslin ilkin zehniyyəti eyni mətnlərlə, sözlərlə, söz birləşmə və sintaksis tərkiblə formalaşıb. “Uşaq və buz”, “Xoruz”, “Keçi” şeiri... Bu gün uşaq bağçalarına gedin, 50 il bundan qabaq da uşaqların eyni mətnlərlə beyinlərini doldururdular, indi də. Uşaqlar keçi kimi yerimək istəyir. Əslində, özlərini buz üstə yeriyən kimi hiss edirlər. Danışanda sakit deyil, xoruz kimi bərkdən qışqıra-qışqıra danışırlar. Bu şeirlər özünün ağırlığı, mətndəki hər bir söz, misra ifadə elədiyi mənalarla birlikdə həyati faktları da insanın taleyinə, zövqünə, yaşamına özüylə birgə çəkib gətirir. Biz bunların fərqində deyilik.

– Məsələn, “Keçi”, “Uşaq və buz” şeirləri ilə deyil, uşaqların hansı şeirlə böyüməyini istərdiniz?

– Azərbaycanda bu qədər universitet, strateji araşdırma mərkəzləri var, bunun üzərində onlar düşünməlidir. Azərbaycan neçə ildir müstəqil ölkədir. Bəs hanı bizim strateji araşdırmalar və beyin mərkəzlərimiz, institutlarımız? Bunların dövlətə, Təhsil Nazirliyinə verə biləcəyi layihələr olmalıdır. Çatışmayan, yerində oturmayan daşlar var, biz o daşları yerində oturtmalıyıq ki, ordan rüzgar əsib fəsadlar çıxarmasın. Ümumiyyətlə, o fikirdəyəm ki, balacalara şeir öyrətməyə gərək yoxdur. Bu düzgün bir metod deyil.

– Dediniz ki, Mirzə Cəlili yüz il oxumaq, öyrənmək vəhşilikdir, barbarlıqdır. Siz Ramiz Rövşəni də bir neçə dəfə sərt tənqid etmisiniz. Onun da yaradıcılığına bu məntiqlə yanaşırsınızmı?

– Mən həm oxucuyam, həm də oxucunu idarə eləyə bilən adamam. Çünki yazıram. Yazmaq elə-belə şey deyil. Bir zamanlar düz bir xətti A nöqtəsindən B nöqtəsinə çəkmək dünyanın böyük bir kəşfi sayılırdı. Sən bu qədər yazılar yazırsan, bu qədər sözləri, cümlələri yan-yana gətirirsən, mətnlər ortalığa qoyursan, deməli, çox şeylər eləyə biləcək adamsan. Deməli, sən həm də qorxunc adamsan. Şərqdə yazı adamına həmişə kahin kimi baxıblar.

Demək istəyirəm ki, istənilən yazıda magiya girələnir. Ancaq Ramiz Rövşənin hər yazısını oxuyanda görürəm ki, başdan ayağa mağmınlıq və mütilik təlqin eləyir. Onun poetik təfəkkürü həm bəsitdir, həm də elitar deyil. Bu olumsuzluqlar onun poetik təfəkkürünün etibarlı olmadığını göstərir. O şeirlərin metafizikasına güvənmək olmur. Çünki Ramiz Rövşənin yazılarının zəminində imansız və qorxaq metafizika var.

Mən demirəm ki, Ramizi atmaq lazımdır, oxumaq lazım deyil. Mənim Ramiz müəllimin yaradıcılığına bu şəkildə yanaşmağım, onun böyüklüyünə və yaradıcılığındakı gözəlliklərə xələl gətirmir düşüncəsindəyəm. Kiminsə haqqında belə danışanda deyirlər ki, kimi oxuyaq? Bəs özün nə yazmısan?

Yaxşı, mənən heç nə yazmıram. Sadəcə, iddialı oxucuyam. Məsələn, ortalıqda Hüseyn Cavid estetikası da var. Görün, Cavid hansı ritmlərdən, hansı dil qatlarından, hansı ifadə vasitələrindən istifadə edib, hansı mövzular ortalığa qoyub. Cavidin mövzularına hələ də qorxa-qorxa yanaşırlar, hələ də o mövzulara yaxın düşə bilmirlər. Yanlış olaraq deyirlər ki, Hüseyn Cavid romantik şairdir. Türkün ədəbi təfəkkürü nə vaxtdan romantik olub? Bu təfəkkür imperiya yaratmış, dövlət qurmuş bir ədəbi təfəkkürdür.

Hüseyn Cavid sırf şair kimi Azərbaycan ədəbiyyatına öz yaradıcılığı ilə daxil olmuş və bu gün də öz nəhəngliyini qoruyub-saxlayan, get-gedə də yaradıcılığıyla da gücünü artıran şəxsiyyətdir . Sadəcə, o, bizdə araşdırılmır.

– Hüseyn Cavid dilinin Azərbaycanda ədəbi dil səviyyəsinə yüksəlməyini istərdinizmi?

– Bəli, gerçəkdən mən bunu istərdim.

– Nəyə görə?

– Biri var beş nəfərə xitab edəsən, biri də var yüz nəfərə, min nəfərə. Yazdıqların min nəfər hesablananda sən böyüklüyün öz içində yox, qarşı tərəfdən tapırsan. Yazdığın əsərin dilində məsələn, 300 milyona yaxın insanın danışdığını bilmək yazar üçün fərqli bir təkandır. Bu, həm də yazılan mətnin energetikasını artırır, ərazisini genişlədir.

Fakt həmişə kənardan gəlir. Yazının da ərazisini, mahiyyətini böyüdən, gerçəkləşdirən, oxudan, onu dildən dilə salan, fərqli yozumlara gətirən kənar –yəni oxucu demirəm, dilində yazdığın insanların varlığı, kimliyi olur. Ədəbiyyat həm də oxunduqca, yozulduqca böyüyür, bütövləşir. Bu baxımdan Cavidin dili Azərbaycan ədəbiyyatının yazılı dilinə çevrilsə, şübhəsiz ki, biz daha böyük olarıq.

Ümumiyyətlə, mənim üçün Azərbaycan ədəbiyyatı yoxdur. Ortaq türk ədəbiyyatı, ortaq türk ədəbiyyat nəzəriyyəsi, ortaq türk tarixi, ortaq türk fəlsəfəsi var. Və belə də olmalıdır.

– Sonda... Ramiz Rövşənin oxucularının sözü olmasın, özünüz nə yazırsınız?

– İndiyə kimi müxtəlif janr və mövzularda 12 kitab yazmışam. Yazdıqlarımı kimin oxuyub-oxumaması mənim üçün maraqlı deyil. Kiminsə yazılarımı oxumasını bilmək istəmirəm. Biləndə ki, kimsə yazımı oxuyur, məndə narahatçılıq hissləri yaranır, bu mənə əzab verir, üzərimə ağırlıq çökür.

Üç romanım çıxıb. Çox iddialıyam. Mən başqaları kim qız getdi, oğlan gəldi, onlar bir-birlərini öldürdü və sair kimi bəsit və mənasız, Azərbaycan ədəbiyyatını iyrənc süjet xətləri ilə dolduran mövzulara heç vaxt müraciət eləməmişəm. O tərzdə, o süjet xətləri ilə heç vaxt roman yazmamışam. “Ağğğbaaağğğ”, “Surda gizlənən səs, “Maqlar” romanlarım var. Oğul istəyirəm oxusun, gəlib otursun, müqayisələr aparaq...//Teleqraf.com

BDU-nun yeməkxanasında qeyri-adi evlilik təklifi - Cavabı isə.../ VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR