Strateji tərəfdaşlıq sazişi Azərbaycana nə qazandıracaq?

“Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir: “Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışır və onların üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradılmışdır. Bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir”.

Prezident qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Azərbaycan geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir. “Şərq Tərəfdaşlığı” proqramının iki üzvü Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə isə Assosiasiya Sazişini imzalamış ölkədir. Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən Azərbaycanın mövqeyinin əsasını təşkil edir.

Image result for Avropa İttifaqı Şurasının nümayəndə heyətinin qəbulunda İlham Əliyevin yekun nitqində bildirib ki

Görüşdə qeyd edilib ki, Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvədir. Azərbaycanın minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Azərbaycan üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir.

Azərbaycanın başlıca hədəflərindən biri Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. Azərbaycanı qonşu ölkələrlə birləşdirən bütün magistrallar müasirləşdirilmiş, ölkədə altı beynəlxalq hava limanını inşa edilmiş, təyyarə parkı yenilənmiş, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi gedir.Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var. 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin fevralda Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinə yeni impuls verdi.

Bildiyimiz kimi, noyabrın 24-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti keçiriləcək. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, indi Azərbaycan üçün vacib məsələ Avropa İttifaqının noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin bəyənnaməsidir.


Onun sözlərinə görə, iki il öncə Riqada qəbul olunan bəyənnamədə Azərbaycanın mövqeyi nəzərə alınmamışdı və ölkəmizə qarşı ikili standart sərginlənmişdi. Nazir müavini xatırladır ki, Riqa görüşündə Ukrayna, MoldovaGürcüstandakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanla bağlı Minsk Qrupunun qərarı əsas gətirilmişdi. İndi Azərbaycan bu məqamın bir daha təkrar olunmamasını istəyir: “Bizim əsas məsələlər ondan ibarətdir ki, bu məqam bir daha təkrar olunmasın. Bu gün Avropa İttifaqının yeni qlobal strategiyası qəbul olunur. Və o strategiyada deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarını, o cümlədən, Azərbaycan, Gürcüstan və s. ərazi bütövlüyü, suverenliyi müstəqilliyini və sərhədlərin pozulmaması məsələlərini dəstəkləyir. Baxaq, görək indi necə olacaq?”

Millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Elman Nəsirov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri dinamik inkişaf tempinə malikdir: “Prezident İlham Əliyev Avropa İttifaqından gələn nümayəndələrlə son görüşündə də qeyd etdi ki, o, Aİ-nin Şərq Tərəfdalığı proqramının zirvə görüşündə iştirak edəcək, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bəli biz, sonuncu Şərq Tərəfdaşlıq Proqramının Riqa Sammitinin yekun sənədindən narazı qaldıq. Çünki Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə Avropa İttifaqı ölkələri birmənalı mövqe tutsalar da, yəni, ərazi bütövlüyü məsələsini ön plana çəksələr də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə eyni qətiyyəti ortaya qoymadılar.


Bir selektiv yanaşma ortaya qoydular, bu da təbii ki, Azərbaycan ictimaiyyətini narazı salmışdı. Hesab edirəm ki, Azərbaycan prezidentinin Avropa İttifaqı ilə siyasəti, tutduğu qətiyyətli mövqe, ikitərəfli münasibətlərə zərər vuran neqativ hallarla bağlı müzakirələr təşkil etməsi, həqiqətləri açıq şəkildə qarşı tərəfin nəzərinə çatdırması, öz səmərəsini verib. Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə inkişaf tempi var. İlk növbədə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi, eyni zamanda Avronest fəaliyyətə başlayıb. Mən özüm də Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü olduğumdan, may ayında Brüsseldə bu Komitənini növbəti toplantısında iştirak etdim. Bir daha özüm də əmin oldum ki, Avropa İttifaqında Azərbaycana etibarlı tərəfdaş kimi yanaşırlar. Aİ-nin 9 ölkəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq müqaviləsi var. Məhz elə bu əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin məntiqi nəticəsi olaraq, Aİ ilə Azərbaycan arasında yeni bir strateji tərəfaşlıq sənədi üzərində iş gedir. Bu sənədin özəlliyi ondadır ki, analoji sənədləri adətən Aİ hazırlayır və tərəfdaş ölkələrə təqdim edir ki, müəyyən qeydlərini etsinlər. Lakin indiki halda isə ölkəmizə olan böyük etimadın nəticəsidir ki, həmin sənədin hazırlanmasını Azərbaycan həyata keçirib. Biz Avropa İttifaqına təqdim etmişik ki, həmin sənədlə tanış olsunlar və müəyyən qeydlərini etsinlər. İstisna deyil ki, noyabrın 24-də məlum zirvə görüşündə olmasa da, bir qədər sonra həmin sənədin imzalanacağı gözlənilir”.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının sammiti keçiriləcək və burada Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir. Ancaq tarix yaxınlaşdıqca sənədin imzalanmasının baş tutub-tutmayacağı ilə bağlı şübhələr daha da artır.

Məsələ ilə bağlı açıqlama verən Elman Nəsirov deyir ki, Avropa İttifaqında Ermənistana etibarsız tərəfdaş kimi yanaşırlar: “Çünki 2013-cü ildə Ermənistan prezidentinin Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması ilə bağlı 3 illik danışıqlar aparılmışdı. Sənədlərin imzalanması ərəfəsində Sarkisyan bu danışıqların üstündən xətt çəkdi, bu da onun Moskva səfəri zamanı olub. Moskva səfərindən qayıtdıqdan sonra o, Brüssellə danışıqları kəsməklə bağlı qərar qəbul etdi. Sarkisyan Praqada olarkən, erməni diasporası ondan soruşanda ki, “niyə belə addım atdınız, niyə erməni diasporası ilə məsləhətləşmədiniz?” o qeyd etdi ki, “bu, bir gecənin qərarıdır”. Görün, Ermənistan nə qədər asılı ökədir ki, 3 illik danışıqları Rusiyaya bir səfərində, bir gecədə qərar verib, 180 dərəcə mövqeyini dəyişir. Bunu Avropa İttifaqında gözəl dərk edirlər, gözəl bilirlər ki, Azərbaycan prezidenti hansı siyasəti həyata keçirir, Ermənistan hansı siyasəti həyata keçirir. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir, Ermənistan isə vassal, asılı dövlətdir. Bu da hər kəsə bəllidir. Ona görə, noyabrın 24-ü yaxınlaşdıqca avropalı məmurlar arasında bir düşüncə var ki, onlar Sarkisyanın axıra qədər sözünün üstündə duracağına inanmırlar. Bunu da xüsusi qeyd etmək lazımdır”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI