“Vəkillik İnstitutu ilə bağlı yeni islahatlara ehtiyac var” - Xəyal Bəşirov / MÜSAHİBƏ

Metbuat.az saytının bu dəfəki müsahibi Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Kamil oğlu Bəşirovdur.

- Oxucularımız üçün özünüzü təqdim edin.

1983-cü ildə anadan olmuşam. Hüquqşünaslıq üzrə Bakı Dövlət Universitetində bakalavr təhsili, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsi almışam. Ali məktəbi bitirəndən sonra hərbi xidmətə yollanmışam. Hərbi xidmətdən qayıdandan sonra prokurorluq və notariat orqanlarına işə qəbul olunmaq üçün imtahan versəm də, uğur əldə edə bilməmişəm. Sonra vəkil olmaq qərarına gəlmişəm və müəyyən müddət vəkil köməkçisi işlədikdən sonra imtahan verib Vəkillər Kollegiyasına üzv qəbul olunmuşam .

- Həvəs deyək buna, yoxsa məcburiyyət?

Mən məcburiyyət yox, seçim deyərdim. Yenicə iş həyatına qədəm qoyan zaman hər bir insan müəyyən tərəddüdlər yaşayır. Dövlətinə, xalqına xidmət göstərmək və eyni zamanda öz arzularını reallaşdırmaq istiqamətində bir sıra nəticələr əldə edənə qədər müəyyən müddət keçir. Mən də belə qərar verdim və qərarımdan heç də peşiman deyiləm.

- Neçə ildir bu sahədəsiniz?

3 ilə qədər vəkil köməkçisi kimi fəaliyyət göstərmişəm. 6 ildir Vəkillər Kollegiyasının müstəqil üzvüyəm.

- Azərbaycanda vəkilliyin hazırkı durumunu necə qiymətləndirirsiniz?

Azərbaycanda vəkilliyin hazırkı durumunu qənaətbəxş hesab etmirəm. Çünki qonşu ölkələrlə müqayisə apardığmız zaman ölkəmizdə vəkilliyin daha az inkişaf etdiyinin şahidi oluruq. Bunun müxtəlif səbəbləri ola bilər. İnsanların vəkillərə etimadının və etibarının az olması, yaxud vəkillik sahəsində bu vaxta kimi olan çatışmazlılqarın lazımı qədər müvafiq instansiyalarda diqqətə çatdırılmaması və başqa səbəblər. Azərbaycan müstəqil olandan sonra bütün istiqamətlərdə islahatlar aparıldı. İqtisadi, siyasi, sosial və digər sahələrdə. Lakin nədənsə Vəkillik İnstitutu müəyyən mənada bu inkişafdan kənarda qaldı. Sadə bir faktı qiddətinizə çatdırım. Biz vəkil olaraq insanlara həm müqavilə əsasında, həm də dövlət hesabına xidmət göstəririk. Dövlət hesabına hüquqi yardımla bağlı fəaliyyətimiz zamanı aztəminatlı və maddi imkanları məhdud olan şəxslərə xidmət göstəririk. Bu zaman bizə dövlət hesabına ödəniş olunur. Bunun dəyəri isə 1 saat müqabilində 2 manat nəzərdə tutulmuşdur. Yəni, bir ay ərzində müqavilə bağlamadan yalnız dövlət hesabına hüquqi yardım göstərən vəkilin aylıq məvacibi ən yaxşı halda 400 manata çatmır. Bütün bunlar isə fikrimcə, bir daha vəkilliyin diqqətdən kənar qaldığını göstərir.

- Qeyd etdiniz ki, insanlarda vəkillərə qarşı inamsızlıq var. Bu inamsızlıq necə formalaşıb?

Azərbaycanda hüquqi xidməti həm vəkillər, həm də nümayəndəlik institutu göstərir. Nümayəndəlik institutuna daxil olan şəxs ali təhsilinin olub-olmamasından asılı olmayaraq, istənilən şəxsi məhkəmədə və digər orqanlarda notarial qaydada alınmış etibarnamə ilə təmsil edə bilir. Düşünürəm ki, vəkillərə etibarsızlığın yaranmasında nümayəndəlik institunun da özünəməxsus “töhfəsi” var. Təbii ki, Vəkilər Kollegiyasının üzvü olub, fəaliyyətləri zamanı dələduzluğa və bir sıra digər qanunsuzluqlara yol verən şəxslər də az deyil. Bu cür neqativ hallar insanlarda Vəkillik İnstitutuna və vəkillərə qarşı inamı sarsıdır. Bu səbəbdən də bir çox insanlar problemlərini vəkillərlə deyil, digər qanunsuz yollarla həll etməyə çalışırlar. Bu da təəssüfdoğurucu məqamlardan biridir.

- Vəkillik İnstitunun hazırki durumunu qənaətbəxş hesab etmək olar?

Xeyr. Bu sahədə dövlət səviyyəsində böyük islahatlara ehtiyac var. Maddi təminatla bağlı məsələni vurğuladım. Bir məqamı da qeyd edim. Vəkillər ixtisasca hüquqşunaslardır. Bu gün hüquqşunaslıq ixtisasına yiyələnmiş şəxslər vəkil, hakim, prokuror, notarius ola bilər. Heç bir şəxs, heç bir qurum haqqında xana ifadəsi işlənmir. Hakimxana, prokurorxana, polisxana demirlər, amma vəkilxana deyirlər. Bu, bayağı səsələnir və vəkillərlə bağlı qeyri-ciddi obraz yaradır. Təəssüflər olsun, son dövrlər bu kimi ifadələrlə tez-tez qarşılaşıram. Hətta bu ifadəni sıravi vətəndaşlarla yanaşı müstəntiqlər, prokurorluq əməkdaşları və hakimlər də işlədir. Buna qarşıyam. Düşünürəm ki, ümumilikdə cəmiyyət də buna qarşı olmalıdır.

- İslahatlara toxundunuz. Nümayəndəlik İnstitutunun ləğvini və nümayəndə qismində fəaliyyət göstərən çoxsaylı hüquqşunas ordusunu işsiz qoymağı islahat adlandırmaq olar?

Nümayəndəlik İnstitutu ilə bağlı müsahibələrimə, yazılarıma görə bəzi sosial şəbəkələrdə müxtəlif təzyiqlərlə qarşılaşdım. İlk öncə qeyd edim ki, nümayəndəlik institunun ləğvi və ya ona müəyyən dəyişikliklərin edilməsi qanunvericilik fəaliyyəti ilə bağlı olan məsələdir. Mən Nümayəndəlik İnstitutunun tam ləğvinin tərəfdarı olmamışam. Sadəcə olaraq, hüquqşunas olmayan şəxslər tərəfindən nümayəndiliyin edilməsi, insanların hüquqlarını müəyyən isntansiyalarda təmsil olunmasına qarşı olduğumu bildirmişəm. Bu gün də bu fikrimdə qalıram və bu məsələ ilə bağlı dəyişiklikləri dəstəkləyirəm. Hüquqşünaslıq ixtisası ilə bağlı olmayan və ya ümumiyyətlə ali təhsili olmayan şəxslər hüquqlarımızı hansı dərəcədə qoruya bilər? Mən qeyd etdiyim kimi hüquqşünaslıq üzrə 4 il bakalavr, 2 il də magistr təhsili almışam. Az öncə qeyd etdiyim şəxslərin hansı üstünlüyü və özəllikləri var ki, onlar heç bir təhsil almadan insanlara hüquqi yardım göstərirlər? Onların bir çoxları qanunvericilikdə nəzərdə tutulan minimal hüquq və vəzifələrdən belə xəbərsizdirlər. Sadəcə olaraq, nümayəndəlik institutunda köklü dəyişikliklərin olması məsləhətdir. Əslində nəzərdə tutduğum şəkildə olacaq dəyişiklik həm də bir çox bacarıqlı və peşəkar hüquqşünaslar üçün də müsbət nəticələnə bilər ki, bu gün Vəkillər Kollegiyasına üzv olmağa heç bir maraq göstərməyən bu cür şəxslərin fikrində dönüş yaradacaq. Daha sonra bu dəyişikliklə bağlı işsizliyin yaranacağı ilə bağlı məsələsinin qabardılmasını düzgün hesab etmirəm. Çünki, hazırda nümayəndə qismində fəaliyyət göstərən şəxslərin böyük əksəriyyətinin fəaliyyəti demək olar ki, qeyri-rəsmi xarakter daşıyır. Bu insanlar heç bir yerdə rəsmi işçi kimi qeydə alınmır, dövlətə vergi ödəmirlər və sadəcə təmsil olunacaq şəxsin adından verilmiş bir etibarnamənin əsasında fəaliyyət göstərirlər. Çox vaxt da qanun pozuntularına məhz bu cür şəxslər yol verir. Çünki onlar rəsmi qeydiyyatdan keçmədikləri üçün özlərini çox vaxt məsuliyyətsiz aparırlar. Bu, işsizlik ordusunun yaranması yox, zənnimcə əksinə, qeyri-rəsmi işsizliklə bağlı qanunsuzluğun qarşısını almağa xidmət edən addımdır.

- Ümumiyyətlə, Azərbaycanda cinayətkarlığın vəziyyəti hansı durumdadır?

Nəzərə alaq ki, insanın mövcud olduğu ilk zamanlardan cinayət var və olacaq. Dünyada, eləcə də ölkəmizdə intensiv olaraq cinayətkarlıqla mübarizə ilə bağlı işlər aparılır. Bu il fevral ayının 10-da Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncamı oldu. Qanunvericiliyimizə bu sərəncamdan irəli gələn kompleks dəyişikliklər həyata keçirildi. Bununla bağlı cinayət məcəlləsinə də 300-ə yaxın dəyişiklik olundu. Ən əsas məqamlardan biri də cinayətlərin, xüsusilə də iqtisadi fəaliyyət sahəsində mövcud olan cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasına alternativ cəzaların tətbiqinin genişləndirməsi ilə bağlı addımlar oldu. Bunlar bir daha onu deməyə əsas verir ki, cəzaların sərtləşdirilməsi və ağırlaşdırılması heç də cinayətkarlığın qarşısının alınmasına səbəb olmur.

- Ölkəmizdə vəkillərin sayının azlığı ilə bağlı mediada, sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Münasibətinizi bilərdik.

Azərbaycan Respublikasının Vəkillər və vəkillik fəaliyyəti haqqında qanununa görə, ali hüquq təhsili olan və 3 illik hüquqşünaslıq üzrə stajı olan şəxslər Vəkillər Kollegiyasına imtahan verə bilərlər. Bu tələblərə riayət edən istənilən şəxs müvafiq imtahanlarda uğur qazanmaqla vəkil ola bilər. Azərbaycanda vəkillərin sayının az olması fikri ilə razıyam. Dünya ölkələri ilə müqayisə etdiyimiz zaman ölkəmizdə adam başına düşən vəkil sayı kifayət qədər deyil. Diqqətinizə çatdırım ki, 2005-ci ildən digər sahələrdə olduğu kimi, Vəkillər Kollegiyasına üzvlüyə qəbul da test yolu ilə həyata keçirilməkdədir. 2005-ci ildən indiyə qədər dəfələrlə bununla bağlı imathanlar keçirilmişdir və bu gün də davam etməkdədir. Vaxtilə Azərbaycanda hakimlərin sayı da az idi. Artıq analoji qaydada keçirilən imtahanlar vasitəsilə demək olar ki, bu problem həllini tapıb. Azərbaycanda hazırda hakimlərin sayı qənaətbəxşdir. Ümid edirəm ki, müəyyən müddət sonra ölkəmizdə fəaliyət göstərən vəkillərin sayı ilə bağlı da bu fikri səsləndirə bilərik. Fikrimcə, Vəkillər Kollegiyası və ümumilikdə vəkillik institutu ilə bağlı bir sıra yeni islahatlara ehtiyac var.

- Vəkillikdən sui-istifadə hallarının sayı son illər xüsusilə artıb. Bəzən vəkillər həlli mümkün olmayan məsələlərə görə insanlara müxtəlif vədlər verib, onların pullarını mənimsəyirlər. Bununla bağlı fikirlərinizi bilmək istəyərdik.

Vəkil peşəsinə, hüquqi yardım fəaliyətinə vicdanla yanaşan vəkillərimiz çoxdur. Hansı ki, onlar bəzi işlərlə tanış olan zaman problemin həlli perspektivinin olmadığını bildirirlər. Amma onların əksinə, az öncə qeyd etdiyim bir çox nümayəndələr kimi vəziyyətdən sui-istifadə edən vəkillər də az deyil. Onlar hüquqi yardıma ehtiyacı olan şəxsə və ya onun yaxınalrına istənilən məbləği deyib, insanları bəlkə də həlli qeyri mümkün olan məsələnin həllinə inandırırlar. Bu cür şəxslər bu gün vasitəçilik etməklə insanların pullarını müxtəlif qanunsuz yollarla mənimsəyirlər. Sonda da heç bir iş görülmür. Bu cür problemlərlə qarşılaşaraq müraciət edənlər çox olub. Təəssüflər olsun ki, onlara kömək etmək çox vaxt artıq gec olur.

- Ən çox hansı işlərdə vəkil kimi iştirak edirsiniz? Mülki, cinayət yoxsa…

Azərbaycan qanunvericiliyində vəkilliyin hər hansısa bir sahəsi üzrə ixtisaslaşma məcburi deyil və praktikada da buna çox nadir hallarda rast gəlmək olar. Bunun səbəbi hazırda vəkillərimizin sayının az olması ilə bağlıdır. Ancaq bunun olması çox yaxşı hal olardı. Məsələn, cinayət işləri, ailə qanunvericiliyi, iqtisadi və digər sahələr üzrə ixtisaslaşmış, peşəkar vəkillər olmalıdır. Xarici təcürbədə vəkillər ayrı-ayrı sahələr üzrə ixtisaslaşırlar. Onlar qanunvericilik baxımından digər sahələrdə fəaliyyət göstərə bilsələr də, bunu etmirlər. Mənə cinayət işi, eyni zamanda, mülki sahə ilə bağlı müraciət edənlər çoxdur. Cinayət işləri ilə bağlı elə hallar olur ki, cinayət törətməkdə təqsirli bilinən şəxs əslində heç bir cinayətə yol verməmişdir və bunu sübut ütmək lazımdır. Bütün gücümüz və bacarığımızla onların cinayət törətmədiklərini sübuta yetirməyə çalışırıq və əksər hallarda buna nail oluruq. Bu da çox gözəl və möhtəşəm bir haldır. Bir sıra ağır cinayətləri törətməkdə təqsirli bilinən lakin əslində bunu etməyən şəxslərə bəraət qazandırdıqda, onların məhkəmə salonlarında həbsdən azad olunmasına nail olduqda özümü bir vəkil kimi çox xoşbəxt hesab edirəm. Sonda çox vaxt ədalət mühakiməsi öz sözünü deyir. Dələduz və işbaz MTK rəhbərlərinin qanunsuz əməlləri nəticəsində zərəçəkənlərin müraciətləri çoxdur. Hazırda da bununla bağlı işlər davam etdirilir. Mülki və iqtisadi işlərlə bağlı müraciət edənlər də kifayət qədərdir. Ümumiyyətlə, müxtəlif növ hüquqi problemlərlə qarışlaşan və bizə müraciət edən bütün insanlara vicdanla və sonadək yardım göstərməyə, uğur qazanmağa çalışırıq.

- Tez-tez televiziya kanallarında görünürsünüz. Saytlarda müsahibələriniz və yazılarınız gedir. Bunu özünüreklam kimi qiymətləndirmək olar?

Vəkillərin reklam olunması qanuna zidd deyil və bu müəyyən mənada onlara lazımdır. Eyni zamanda, insanlara əlçatan olmayanda, öz işlərimiz haqda onlara məlumat verməliyik. Bu, həm təbliğat, həm də maarifləndirici xarakter daşıyır. Yeni vəkilliyə başlayan şəxsin reklam olunması vacibdir. Amma vəkil bütün ömrü boyu reklam olunmamalıdır.

- Məhkəmələrimizlə, onların çıxardıqları qərarlarla bağlı fikirləriniz də maraqlı olardı.

Ədalət mühakiməsi heç bir şəxsdən, mənafedən asılı olmayaraq, ədalətli qərarlarınn verilməsinə xidmət etməlidir. Bu gün ölkəmizdə ədalətli qərarlar qəbul edən hakimlərimiz çoxdur. Lakin əksinə, ədalətsiz qərarlar verən hakimlərimiz də var. Bu cür hallar bəzən vəkil kimi bizdə də sarsıntı yaradır. Təbii ki, biz bununla barışmırıq. Qanunvericilikdə daha yüksək instansiyalar var. Bir məhkəmə qərar qəbul edirsə, onun qərarının qanunsuzluğu ilə bağlı yüksək instansiyalara da müraciət edə bilərik. Bir çox hallarda buna nail də ola bilirik.

- Bu yaxınlarda həbsdə olan 2 şəxs qaçmışdı. O barədə nə söyləyə bilərsiniz?

Azərbaycan Respublikasının Qanunvericiliyə əsasən, həbsdən qaçmaq cinayət məsuliyyəti yaradır. Lakin bəzi ölkələrdə, məsələn, Almaniyada həbsdən qaçmağa cəhd göstərmək cinayət məsuliyyəti yaratmır. Hüquq-mühafizə orqanları həmin şəxsi cəzaçəkmə müəssisəsinə qaytarırlar. Lakin qaçdığına görə onu əlavə cinayət məsuliyyətinə cəlb etmirlər. Təbii ki, hər bir ölkənin öz qanunları və qaydaları var. Azərbaycan Respublikasında isə qanuna görə bu cinayətdir. Biz, Azərbaycanda yaşadığımıza görə ölkəmizin qanunvericiliyinə əməl etməliyik. Əks təqdirdə, bizi də məsuliyyət gözləyir. Qeyd etdiyiniz şəxslərlə bağlı azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma ilə bağlı Cinayət Məcəlləsində müvafiq müddəa mövcuddur. Həmin şəxslər qabaqcadan əlbir olduqları üçün onları bu əməllərinə görə 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir. Eyni zamanda, onların məsuliyyəti ilə yanaşı həmin şəxslərin qaçmasına müəyyən mənada səbəb olumuş, öz peşələrinə vicdansız və laqeyd yanaşmaqla səhlənkarlıq cinayətini törətmiş şəxslər barəsində də 6 aya qədər müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

- Vəkilliklə bağlı sizcə daha hansı islahat və yeniliklərə ehtiyac var?

Vəkillərin sayının artırılması istiqamətində işlərin sürətləndirilməsi daha məqsədəuyğundur. Eyni zamanda, vəkillərin maddi təminatı ilə bağlı müəyyən addımlar atılmalıdır. Vəkillərin sayının azlığı ilə bağlı problem həllini tapandan sonra vəkillər arasında vaxtaşırı attestasiyaların keçirilməsini, onların peşə biliklərinin və bacarıqlarının yoxlanması ilə bağlı işlərin görülməsini zəruri hesab edirəm. Bir sözlə fikrimcə, Vəkillik İnstitutunun 90-cı illərin ortalarından başlayaraq hüquqi dövlət qurculuğu ilə bağlı digər sahələrdə əldə edilmiş böyük nailiyyətlərlə ayağlaşdırmaq istiqamətində hələ çox işlərə ehtiyac var.

- Son olaraq oxucularımıza söyləmək istədikləriniz...

Hər bir şəxs fəaliyyət göstərdiyi sahəyə uyğun insanlara müəyyən tövsiyyələr edə bilər. Mən də bir vəkil kimi oxucularınıza məsləhət görərdim ki, cinayətdən və cinayətkarlardan uzaq olsunlar. Hər hansı bir hüquq pozuntuları ilə rastlaşdıqda, bununla bağlı vəkillərə müraciət etsinlər. Müraciət etdikləri şəxsin həqiqətən də hüquqşünas və Vəkillər Kollegiyasının üzvü olduğunu dəqiqləşdirdikdən sonra onun göstərdiyi hüquqi yardımdan istifadə etsinlər.

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR