Putin: “Bu məsələdə Türkiyə ilə razıyıq” - Prezidentlərin görüşü

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin Soçidə görüşüb.

Metbuat.az-ın məlumatına görə, Soçidəki prezident iqamətgahında keçirilən görüşdə türk heyətində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və Prezident sözçüsü İbrahim Kalın yer alıb. Rus heyətində isə Baş nazirin müavini Arkadi Dvorkoviç, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov və Rus Dövlət Nüvə Enerji Agentliyinin (ROSATAM) sədri Aleksey Lihaçev iştirak edib.

Təkbətək görüşdən əvvəl Ərdoğan Putinə deyib: “Hörmətli cənab prezident, qısa müddətdən sonra sizlərlə təkrar görüşməyimizdən çox məmnunuq. Xüsusilə, normallaşma prosesi zamanı sıx görüşlərin olması ikitərəfli əlaqələri daha da gücləndirir. Bölgədəki ikitərəfli əlaqələrimiz, regional problemlərə qarşı həmrəyliyimiz gələcəyə olan inamı artırır. Bütün siyasi, hərbi, iqtisadi və ticari münasibətlər günü-gündən artmaqda davam edir. Görüşlərdən əlavə, telefonla əlaqələrimiz də yüksək səviyyədə davam edir. İnanıram ki, bu, səmərəli görüş olacaq”.

Türkiyə ilə Rusiya arasındakı əlaqələrin tamamilə köhnə halına döndüyünü deyən Putin bildirib ki, Soçi, Türkiyəyə yaxın şəhərdir. Putin və Ərdoğanın təkbətək görüşü 2 saat 10 dəqiqə davam edib. Daha sonra liderlər mətbuat konfransı keçiriblər.

Ərdoğan mətbuat konfransında deyib: “Siyasi dialoqlarımızla paralel olaraq, iqtisadi əlaqələrimiz də artmaqdadır. Mart ayındakı səfərim zamanı bəzi kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə icazə verilməsi, vətəndaşlarımızın iş icazəsi problemlərinin həll olması mövzusunda dəyərli dostumun verdiyi xoş xəbərlər bizi çox məmnun etmişdi. Aradan keçən müddət ərzində ikitərəfli iqtisadi əməkdaşlığımızın qarşısındakı bütün maneələrin aradan qaldırılması üçün sıx təmaslarımız davam edib. Karma İqtisadi Komissiyanın görüşü keçən ay Kazanda keçirildi. Burada pomidor, nar, badımcan kimi məhsulların Rusiya bazarlarına girişinin asanlaşdırılması üçün verilən qərarları məmnuniyyətlə qarşıladım. Ancaq istəyirik ki, sonuncu məhdudiyyətləri də aradan qaldıraq”.

Rusiya dövlət başçısı mətbuat konfransında deyib: “Hörmətli Ərdoğana yaxın zamanlarda Tehranda keçirdiyim görüşlər haqqında məlumat verdim. Astana prosesinin təminatçısı olan Rusiya, Türkiyə və İran arasında uğurlu iş davam edir. Suriyadakı şiddət hadisələri əhəmiyyətli dərəcədə azalıb. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, Suriyada tərəflər arasında dialoq qurulması üçün lazımlı şərtlər meydana çıxır. Biz, Suriya böhranının siyasi yolla həllinə verilən dəstəyin artırılması məsələsində Türkiyə prezidenti ilə razıyıq”.

Türkiyə və Rusiya arasındakı yaxın əlaqələrin vərdiş halına gəldiyinə işarə edən Putin, “Bu cür təmaslarımızı, bürokratiyadan uzaq və səmimi formada davam etdiririk. Düşünürük ki, danışıqlar çox məhsuldardır və işlərimizi bu formada da davam etdirəcəyik” deyə bildirib.

Putin, Türkiyə ilə Rusiya arasında münasibətlərin böhrandan əvvəlki vəziyyətə döndüyünü vurğulayaraq deyib: “Türkiyə və Rusiya arasındakı ticarət həcmi bu ilin ilk 9 ayında 36% artıb. İnanırıq ki, ötən ilin sonuna qədər baş verən azalmanı bu ilin sonuna qədər tam şəkildə aradan qaldıracağıq”. Putin bildirib ki, Ərdoğanla strateji əməkdaşlıq məsələləri da müzakirə edilib.

İki ölkə arasındakı ticarət həcminin bu ilin ilk üç rübündə 15 milyard dolları keçdiyini deyən Ərdoğan bildirib ki, “100 milyard dollar olaraq açıqladığımız hədəfimizə çatmaq üçün iş adamlarımızın qarşısında viza da daxil olmaqla, bütün maneələri aradan qaldırmaq lazımdır”. Rusiya ilə mədəniyyət və turizm sahəsində əlaqələri əvvəlkindən də irəliyə aparmaq istədiklərini deyən Ərdoğan, bu ilin ilk 9 ayında 4 milyondan çox rus turistin Türkiyəyə səfər etdiyini bildirib.

Danışıqlarda regional və beynəlxalq məsələlərin də müzakirə olunduğunu ifadə edən Ərdoğan deyib: “Xüsusilə, Suriya münaqişəsindəki son inkişafları qiymətləndirmək imkanı tapdıq. Astana müzakirələri və Gərginliyin Azaldılması Memorandumu bölgədəki şiddətin azaldılmasına əhəmiyyətli təsir göstərib. Bu məsələnin siyasi həlli diqqət mərkəzindədir. Bu məsələdə Vyetnamda Putin və Trampın ortaq açıqlamasını da qiymətləndiririk”.

Daha sonra Ərdoğan qeyd edib ki, ölkələrin və xalqlarının güclü işbirliyi içində olması məsələsində iki tərəf də həmfikirdir: “Xüsusilə də müdafiə sənayesi üçün birgə atacağımız addımlara çox önəm verirəm”.

Qeyd edək ki, görüşdən bir müddət əvvəl Türkiyə prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər. Ancaq bununla bağlı hələ ki, məlumat verilməyib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR