Qız qalası - MƏDƏNİYYƏTİMİZİN MINARƏSI

1. Qız qalasından bəhs edərkən İçəri şəhərdən danışmamaq günah sayılardı. Səhv etmirəmsə, 10 il əvvəl gözlədiyimiz yerdən ürəyimizə yağ kimi yayılan bir səs gəldi nəhayət. UNESCO-nun baş direktoru Koişiro Matsuura İçərişəhərin başına açılan oyuna dözməyərək səsini qaldırdı. Bizdən-bizə səs gəlmir, ulaşmır nədənsə. Uzaqdan gələn səslərə həssaslığımızı göstərib həmən reaksiya veririk. Azərbaycan üçün səsin digər bir funksiyası, fəlsəfi-ideoloji xarakteristikası onun uzaqlardan gəlməsidir. Içəri şəhərin harayı da uzaqlardan qopdu. Avropanın orta göbəyindən. O dönəmlərdə Təhsil Naziri olmuş Misir Mərdanov isə, bu səmimi haraya olduqca biabırçı və gülünc cavab vermişdi. Xatırlamağa dəyməz.

2. Buna görəsən ehtiyac vartdımı ki, Koişiro Matsuura UNESCO səviyyəsində səsinin dalğalarını efirə yayaraq varımız-yoxumuz olan bir möhtəşəm tarixi abidəmizə qarşı hökumət səviyyəsində etikalı davranıb, məsuliyyətimizi dərk edək. Ikinci bir mesajı isə oydu ki, baxın, əzizlərim, sizin ən gözəl tarixi abidələriniz erməni işğalında qalıb. Bir tərəfdən saxtakarlıq edib orda qalan abidələrə qarşı erməni vandalizminin, vəhşiliyinin yumuşaldılması üçün səsinizi dünyaya yayırsınız. Yaxşı, o qədər səmimisinizsə, niyə evinizin içində İçəri şəhər kimi misilsiz əhəmiyyətə malik olan bir tarixi abidəni yerlə yeksan edirsiniz? Bax, bu olmadı.

İndi İçəri şəhər çox açınacaqlı vəziyyətini yaşayır. Əvvəlcə içərisində böyük tikintilərə başladılar, xarici səfirliklərin iqamətgahlarını, yabançı şirkətləri, firmaları yerləşdirməyə başqa yer tapmadılar, bunun müqabilində tarixi memarlıq komplekslərini yox etdilər, kürüyüb atdılar. Gördülər ki, bir səs-küy çıxmır, indi də İçəri şəhərin ətrafı boyunca binalar tikməyə, göydələnlər ucaltmağa, təmizlik işləri görməyə və yeniləşməyə doğru ildırım sürətli modernləşmə üsuluyla İşəri şəhərin dışındakı Bakıya ayaq uydurmağa başladılar.

UNESCO-nun sakit təbiətli mesajı isə fikrimcə çox ciddi dəyərləndirilməli idi. Əgər İçəri şəhərin öz əlimizdə olan faciəvi taleyinin ardınca UNESCO rəsmisi Qarabağdakı tarixi abidələrimizin taleyindən narahat olduğunu bildirirsə, bu istiqamətdə addımlar atmaları üçün müəyyən çətinliklərlə qarşılaşacağını eyni tonla vurğulayırsa, demək ki, yabançı bir adamın dediyi sözün istiqaməti İçəri şəhərin faciəsi yox, bizim azərbaycanlı olaraq özümüzə, öz ruhumuza qarşı tələbkarlığımıza, həssaslığımıza yönəlmiş etiraz səsindən, münasibətindən başqa bir şey deyil.

Unutmamaq lazımdır ki, İçəri şəhər Azərbaycanın ən strateji sayılacaq enerji nöqtələrindən bəlkə də ən önəmlisidir. Içəri şəhər və onun içərisində hər çizgi, Qız qalasına kimi kosmik nizama uyğun, göy cisimlərinin hərəkət trayektoriyası, yerləşmə-görünmə məkanına görə tikilmiş, dünyada barmaqla sayılacaq bir neçə qədim abidələrin varlığı hələ də sirr qalan bəşəriyyətə məxsus tarixi bir kompleksdir. (Məsələn, ay keçmiş təhsil nazirim olmuş, Misir müəllim, elə Misir ehramlarını da nəzərdə tuturam.)

Hörmətli Koişiro Matsuura demək istəyir ki, belə əvəzsiz sənət əsəri nə sənin, nə də mənimdir- bəşəriyyətin, insanlığındır. Əgər bütün keçmişin, bütün dünya insanlarının tarixi, memarlğı, sənət zövqü sizlərə həvalə edilibsə, lütfən, buyurun, qoruyun.

  1. Hərdən mənə elə gəlir ki, Azərbaycanın, Azərbaycan mədəniyyətinin bağrında Qız qalası əsrlərin təlatümlü qoynunda yelkənini açmış gəminin dor ağacıdır. O dor ağacıdır ki, tarixin dözülməz keşməkeşlərinə baxmayaraq, mədəniyyətimizin qəriban gəmisini bu günümüzə kimi gətirib çıxara bilib.
  2. Mən bu qalanı nədənsə, elə hey bənzətmək istəyirəm. Bəlkə mənim bu bənzətmə duyğularımın aşıb daşmasının kökündə, bu qalanın bu tənhalığını, yalquzaqlığını az da olsa üzərindən götürmək kimi bir ehtimalı, təsəllisi durur. Bu qala hərdən də mənə mədəniyyətimizn tarixə baxan iman yerində minarəsi kimi görsənir. Bu minarə bir etnosun səsini digər mədəniyyətlərə bəlkə də çatdırmaq üçün varmış. Bu daş kitabənin varlığında bu yurdu bizə qoyub getmiş əcdadlarımızın qiyamətə qədər sürəcək zaman içində nəsillərin qəlbini dolduran ismarıcları, mesajları, demək istəyəcəkləri sözlər daşlaşıb bəlkə də.
  3. Çox qəribədir. Bir qism tədqiqatçılar bu qalanın 12-ci əsrin məhsulu olduğu qənaətini vurğulayırlar. 12-ci əsr həm də bizim üçün Nizami Gəncəvinin varlığı, onun yaratmış olduğu Xəmsəsi ilə də unudulmazdır. Müstəsna bir fürsətin yaxalanmasıdır. Ancaq təssüflər olsun ki, Qız qalası abidəmizin yozulacaq taleyi kimi, Xəmsənin də taleyi bu günə qədər qapalı qaldı, mahiyyəti heç zaman millərtin təfəkkürünə, zəkasına təslim edilmədi, hardasa da ötürülmədi.
  4. İşəri şəhərin özülləri üzərində inşa edilmiş belə bir daş kitabənin bu gün gələcək faciəsini görməməzlikdən gəlmək uzaq başı faci təfəkkürünü tarixin hələ yazılmamış səhifələri üzərində komediyaya çevirməkdən başqa bir şey deyildir. Ancaq komediyalar baş alıb getdikcə milli mədəniyyətin energetik ovqatında, nüvəsində çürüntülər, erroziyalaşmalar, dağıntılar gec-tez öz bəd sözünü deyəcək. O da ola ki, Nizaminin Xəmsəsindən, Dədə Qorqud dünyasının sirli-soraqlı aləmindən əslində heç bir fərqi olmayan bu möhtəşəm abidəmizin - bu Qız qalasının metafizik mesajlarını gözlədiyimiz bir dönəmlərdə, onu atəşin, alovun içinə atmağımız hansı araşdırmaya, hansı yeni elmi bəhrələrə rəvac verəcəyini heç cür kəsdirmək mümkün deyil.
  5. Bütün görüntüsü, quruluşu, forması, üzərindəki təsvirlərlə sirlər-sehirlər, möcüzələr yaşadan, daşıyan bu kitabənin Azərbaycan türk mədəniyyətinin ən qədim, ən dəyərli, hələ səhifələri açılmamış misilsiz bir yazısı olduğuna o qədər də can yandırıb, bağır basmadığımız nədən, ama nədən müəmma dolu suallar doğurur?
  6. Yanlışlıqları anlaya-anlaya , bilə-bilə bizlər onun adını kişi deyil qız kimi çağırırıq. Etnosun mədəniyyətinin metafizikasını, mifologiyasını oluşduran təfəkkürün kökündə erkəyi, kişisi, döyüşçüsü ola-ola, qız, qadın simvolunu heç cürə önə buraxmadığını da bilirik. Bədxah düşmənlərimiz bizi min yerimizdən vurduğu kimi, qız qalasının adında da təhrifləri apararaq istədiyi nəticəni əldə edə bilmişdi. Üstəlik uydurmalarını bir yarlıq kimi üzərimizə yapışdırıb heç bir şübhə yeri qoymamaq üçün, üstəlik bir əfsanə də uydurub məntiqlərini dəmirdən eləməyi də bacarmışdırlar. Yəqin atayla qız arasında keçən o bədnam məhşur, uydurulmuş əfsanəni qaşlarınızı çataraq xatırladınız. Bu yerdə Azərbaycan ədəbiyyatının misilsiz dühası Çəmənzəminlinin ədəbiyyatımzda hələ də öz tədqiqini tapmamış ” Qızlar bulağı” əsərini xatırlamadan keçmək doğru olmazdı. Bu əsəri diqqətlə oxuyan oxucu faciələrimizin kökünü dərindən, bütün yönləriylə görməyi bacaracaq. Sovet, rus imperiyasının qanlı bir dönəmində qələmə alınan bu əsərin mahiyyətində ata qız, və qardaş qız münasibətlərinin qoyuluşu bu gün baş verənlər, başımıza açılan, boyumuza biçilən dar, qeyri-etik qaftanların mahiyyətində hansı həqiqətləri dilə gətirmir ki?
  7. Yanlış etnik törəyişlər üzərində yanlış da təfəkkür formalaşacaq. Bu misilsiz abidəmizin adı Oğuz qalası ola-ola, niyə Qız qalası olmalıdır ki?..

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI