Muğamlarımızı ermənilərin ironiyasından qurtaran kişi - HABİL KAMAN

O, ağac kimi də bitsəydi, su kimi də axsaydı, yenə Habil Əliyevin istedadını daşıyacaqdı.

Buludlar kimi dolub yağsaydı, yollar kimi uzanıb getsəydi, yenə Habil Əliyev adlı zamanın dev sənətkarının alın yazısını daşımalı olacaqdı.


Günlərin şah bir günündə Ağdaş torpağının ab-havasını dünyanın ab-havasına calayır. Habil kaman Ağdaş qədər qədim və əzəli bir yurddan betər olur.

Barmaqları iy bilirmiş kimi gedib gözdən-könüldən uzaq kaman adlı musiqi alətinin simlərini tapır.

Qohumlar əlində kamanı inlədən bu balaca uşaqdan narahat olmağa başlayırlar. "Bizi kamançası ilə biyabır edəcək, bu uşaq”- DEYİRLƏR. Hələ Ağdaşdadır. Barmaqları nə qədər musiqi alətinin simlərində vargəl edirsə, bütün bədəni də bu səhnədə onu seyr edənlərin üzündə təbəssüm, maraq, gözlərində vurğunluq nişanəsi qoyur.

O, bəlkə də ifa elədiyi havadan çox, içində qaynayıb daşan işığın gücüylə dünyanın havasını ifadə eləmək istəyirdi. Habil Əliyevin öz etirafları var. O bilirdi ki, bu əzablı, çətin yolda üzə çıxmaq o qədər də asan olmayacaq.

Eləcə də olur. Sözsüz ki, son dərəcə istedad sahibiydi. Ancaq ona çıxdığı bu yolda dəstək vermək, uğurlarını görüb qiymətləndirmək lazım idi. Habil Əliyev Ağdaşdan Bakıya gələndə mərkəzdə əksər kamança çalanlar ermənilər idi.

Yad əllərdə doğma haqqı, bərəkəti, mənəviyyatı görmək hər oğlun işi deyil. Habil yad əllərdən kamançanı kişi kimi almağı bacardı. Onun gördüyü digər bir vəhşət də vardı. Erməni sənətkarlar kamançada muğamın başına min oyun açırdılar.

Muğamı ironiya edir, ələ salırdılar. O, bizə muğamı başqa bir ehtiramla qaytardı. Bu gün onun kamançasından muğamlarımızı dinləyən dost da, düşmən də məcburən bu millətin mənəvi səltənətinə ehtiram nümayiş elətdirir.

Çünki, muğamlarımız bizim həqiqətimizdir. İlahi yaxşılıqlarımızdır. Fikrət Əmirov isə onun yaratdığı musiqini bilirsinizmi nəyə bənzədib? Qısa, yığcam, amma aləmlərə meydan oxuyan bir məna: “Onun ifa elədiyi musiqi cənnətdən gələn səsdir”.

Habil Əliyevin qəbul eləyə bilmədiyi məsələlər az deyil. Bəzilərinin musiqimizi zay eləməsi, bəzilərinin gözdən salmasına heç cürə dözə bilmir. Səsin vurğunu olan, sözün mahiyyətini də anlayar. O Füzulinin də vurğunudur. Bir damladan dəryanın dadını bilən kimi, bir misradan Füzulinin dünyasını dərk eləyəndir. Tanrı ona səsləri ayırd eləmək imkanı verir. Səslərin dibinə enir.

Kamançasındakı səslərə nəsə əlavələr etmək onun varlığını gecə-gündüz tərk eləmir. Bu da atdığı addım. Kamançanın səsini apardığı eksperimentlərlə dəyişir. Kamançanın səsinə ürəyinin səsini qatır. Indi bu alətin çıxardığı haray ruhumuzun dilinə çevrilib. Onun haqqında çox söz demək mümkündür. Heç indiyə kimi az deyilməyib də. Ancaq deyilənlərin başında bir fikir də gəlir:

Habil Əliyev kamançanı Azərbaycan musiqisinin milli aləti eləməyi bacardı. Elə bilirsiniz bu qədər yığnaq içində, çoxluq ortasında təzəlik, yenilik eləmək asan məsələdir? Başı çox bəlalar çəkib. Ona qarşı haqqsızlıqlar az olmayıb.

Habil müəllimin də bu qaragüruhdan, onların qaramatından zara gəldiyi anlar zamana sığmaz. Ancaq bu cür sənətkara qarşı yanlış addımlar atanlar bilmirlər ki, onların addımları, xalqın ruhuna atılan daşlardır.

O kimdir, balaca bir musiqi alətinin başına aləmlərin oyununu açan. O kimdir eləcə kimliyini və kimliyimizi bir alətin simlərindən dünyaya car çəkən. o kimdir barmaqlarının ucunda simləri tarıma çəkib iki dünyanın sərhəddini pozan?

O kimdir beləcə cinayət törədən?

Xanəmir Telmanoğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR