Play Store

Azərbaycanda fərqli dəfn adətləri olan topluluq - Din qəbul etmirlər, öz əlifbaları, bayraqları var

Hər bir xalqın, hər bir cəmiyyətin özünə məxsus adətləri olur. Müxtəlif dinlərin insanlara ehkam kəsdiyi normalar fərqli olduğu kimi, inancları, nikah və dəfn mərasimləri də fərqli rituallarla keçirilir. Şamanizm eləcə də, buddizm dini inanclarına görə, ölülərin cəsədləri yandırılır. Əhalisinin hinduizmə sitayiş etdiyi ölkələrdə də mərhumun tonqalda yandırılması (kremasiya) praktikası mövcuddur. Onlar inanırlar ki, tonqalda yanan cəsədin ruhu təmizlənir. Çinin cənub-şərqindəki Tibetdə də aparıcı din budduzmdir. Ancaq onlar mərhumları son mənzilə “səmavi dəfn” adlı ritual vasitəsilə yola salırlar. Belə ki, ölüləri çöllükdə oturaq vəziyyətdə qoyaraq vəhşi quşlara yem edirlər. Quşlar cəsədləri sonacan yeyənə qədər insanlar dua edir. Bunun mənası odur ki, insan həyatının bütün mərhələlərində ətrafdakı canlılara xeyir verməlidir. Yaponiyada da bizə təəccüblü görünə biləcək adətlər var. Orada öncə ölüləri yuyur, daha sonra onun qulaq, burun və ağız nahiyələrinə pambıq yerləşdirib sinəsinə bıçaq sancırlar. Ardınca mərhumun cəsədi şəxsi əşyaları ilə birlikdə buz parçası ilə dolu tabuta yerləşdirilir.

Azərbaycanda da fərqli inanc sistemi olan topluluq var: Asif Ata Ocağı.

Ocağın qurucusu Asif Əfəndiyev başqa adı ilə desək, Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetində, (indiki BDU) “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubda Azərbaycan və onun mahiyyəti, ruhani dəyərləri, o çağı və gələcək taleyi ilə bağlı təbliğatlar aparıb. Sonradan klub fəaliyyətini dayandırır. 1978-ci ilin noyabrından yenidən fəaliyyətə başlayan klub Asif Ata Ocağına çevrilir. Asif Əfəndiyevin sədrlik etdiyi ocaqda onun ardıcılları toplanır. 1997-ci ildə Asif Ata vəfat etsə də, onun tərəfdarları bu toplumu qoruyub saxlayıb. Onların bütün daxili qaydaları toplumun lideri tərəfindən müəyyən edilir. Asif Ata Ocağının üzvləri İslam dinini insanları kölələşdirən, cənnət ilə müjdələyərək “oyuncağa” çevirən xurafat adlandırır. Eyni zamanda, onlar özlərini ateist də adlandırmırlar.

Asif Ata Ocağının aparıcı nümayəndəsi Soylu Atalı bütün bu fərqliliklər barədə danışıb:

- Soylu bəy, Asif Ata Ocağının ritualları cəmiyyətin oturuşmuş ənənələrindən nə ilə fərqlənir?

- 38 ildən çoxdur fəaliyyət göstərən Asif Ata Ocağının üzvləri heç bir dinə inanmır. Biz insanları idarə edən, qorxudan, kölə kimi yaşamağa vadar edən heç bir dini qəbul etmirik. Bu günə qədər yer üzündə saysız-hesabsız dinlər mövcud olub ki, bunların hər birində insan öz ümidini özündən kənardakı qüvvəyə bağlayıb. O kənar qüvvə isə insanın özü tərəfindən uydurulan bir şeydir. İnsanların bir qismi bu gün Allah anlayışını uydurma, mifik obraz kimi tanıyır. Biz də bunu qəti surətdə qəbul eləmirik. Allah bizim üçün elmi cəhətdən, fəlsəfi cəhətdən anlamı olan bir şeydir. Biri var “Allah” anlamı, biz onu qəbul edirik. Biri də var dinlərin təqdim etdiyi “Allah obrazı”, bax, bundan imtina edirik. Ruhaniyyət ilə biz insanlara nəyi təbliğ edirik bilirsizmi?

- Nəyi?

- İnsanlığın qanunları əsasında yaşamağı təbliğ edirik. Vicdan, mənəviyyat, insana, heyvana, təbiətə münasibət əsas götürülür. Digər dinlərdə isə vəziyyət tamam başqa cürdür. Bütün dinlər insanları aldadaraq siyasətə yer verirlər. Allah bu gün 70% insan tərəfindən yanlış tanınır. Biz ümumilikdə heç bir dinə sitayiş etmirik. Ətrafda cərəyan edən ictimai-siyasi proseslər bizə təsir etmir. Bizim ardıcıllarımız bilir ki, biz milli-bəşəri düşüncəli, əqidəli bir Ocağın insanlarıyıq. Bizim üçün millilik, türkçülük çox dəyərlidir. Asif Atanın "Azərbaycanımız – Azərbaycanlığımız" dəyər sisteminə Azərbaycanın tarixi, qədim dəyərləri: mənəvi təmizlənmə ideyasının qaynağı olan Zərdüştlüyümüz, azadlıq mübarizəmizin ideyası olan Xürrəmdinliyimiz; İnsana, bütün bəşər tarixində, ən böyük qiymət verən Hürufiliymiz; eşq vasitəsilə insanı tanımaq harayı çəkən Füzuliliyimiz; insanın pillə-pillə saflaşıb tanrıya qovuşmaq yolu olan Muğamlığımız; Tanrıçılıq hikmətindən doğan Sazçılığımız daxildir. Asif Ata bu sistemə "Dünənimiz" deyib. Gələcəyimiz isə “Mütləqə İnam” sistemi ilə bağlıdır. Mütləqə İnam (yəni Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənasına inam); Kamil İnsan (İnsanlaşma); Xəlqi Birlik; Müstəqil Vətən; Özümlü Şərq (klassik Şərq dəyərlərinin öyrənilməsi, bəşərə gərək olan səviyyəsinin qorunması); Ləyaqətli Bəşər (Hər bir xalq özü bir dünyadır. Heç bir xalqın başqa xalqı əzməyə, mədəniyyətini sıxışdırmağa, basqı altına almağa haqqı yoxdur).

- Bəs haradan maliyyələşirsiz?

- Bütün bu işləri az sayda ocaqçılar öz ailələrinin boğazından kəsməklə həyata keçirirlər. Asif Atanın bir neçə kitabını, ayrı-ayrı ocaqçıların da kitablarını 300-500 tirajla çap edirlər. Onu da deyək ki, Ocağın bütün işləri, çalışmaları üzdədir, heç bir gizli işimiz, əməlimiz yoxdur. Yalnız 80-ci illərdə (Sovet dönəmində) Asif Ata gizli fəaliyyət göstərib: Milli düşüncələrinə görə o çağlarda sovet DTK-sı tərəfindən təqiblərə məruz qaldığı üçün, başqa sözlə, milli düşüncələrinə yasaq qoyulduğu üçün. Ancaq Azərbaycan müstəqillik əldə edəndən sonra Asif Ata ölümünə qədər, Ocaq isə ondan da sonra açıq fəaliyyət göstərib. Deməliyik ki, Asif Ata Ocağı milli-mənəvi-fəlsəfi dünyagörüşdür, sekta-filan deyil. Heç bir qıraq qüvvə ilə bağlılığımız-filan yoxdur, maliyyəmiz boğazımızdan kəsdiyimiz qəpiklərdir. Ona görə hər kəsdən xahiş edirik, topluma yalan informasiya verməyə çalışmayın.

- Belə bir söhbət var ki, ocaqçılar gizli söhbətlərini Asif Atanın yaratdığı əlifba ilə aparırlar. Doğrudurmu?

- Bu, yalandır! Asif Atanın sağlığında bu əlifba işlənilmirdi. Onun ölümündən sonra, öncələr ocaqçı olmuş, vətənsevər bir filoloq Orxun-Yenisey əlifbasında xırda təkmilləşdirmələr eləməklə bu əlifbanı ortaya qoymuşdur. Əlifbada 33 hərf var, sonuncu hərf “k”dır. Bu əlifba babalarımızın yaratdığı türk dəyəridir. Biz, bütün dəyərlərimiz kimi, ona da sahib çıxırıq. Bu əlifbada biz gələcək nəsillərimiz üçün Ocaq kitablarını çap edirik. Bu əlifbada yazılan bütün mətnlər latın qrafikalı Azərbaycan əlifbasında da yazılıb. Bu informasiyanı yayanlar zəhmət çəkib, gizli niyyətimiz nə imiş onu da ortaya çıxarsınlar. Niyə çıxara bilmirlər? Çünki uydurmadı. Biz öz aramızda, gənclərlə görüşlərimizdə də əlifbamızda yazışır öz dilimizdə danışırıq. Onlara bunu təbliğ edirik.

- Gəlin bir məsələni dəqiqləşdirək: Siz sekta deyilsiniz, dinləri qəbul etmirsiniz, bəs sizin kəsimi necə xarakterizə etmək olar?

- Asif Ata öz inamını miflərdən kənarda yaradıb. Biz daha çox fəlsəfəyə istinad edirik. Mütləqə inanırıq. Biz inanc adamlarıyıq. Tanrısal sistemdə əyrilər var, onlar aradan qaldırılmalıdır.

- Bizi bir də ən çox sizin dəfn adətləriniz maraqlandırır. İslamı qəbul etmirsiniz deyə, vəfat edən Ocaq üzvlərini bu dünyadan necə yola salmanız maraq doğurur…

- Anamız bizi layla ilə böyüdüb, alt şüurumuz bu laylalarla formalaşıb. Biz öz dilimizin gözəlliyi ilə azadıq, özümüzü, milli kimliyimizi bu dildə tanıyırıq. Hər kəs kimi biz də ölümüzü yuyur, bükür, dəfn edirik. Başqa nə edə bilərik ki?! Bu qədər qəribələşdirəcək heç nə yoxdur. Biz sadəcə bəzi ənənə halı almış ardıcıllıqları qəbul etmirik. Yəni anam öləndə onu niyə ərəbcə yola salmalıyıq, torpağa tapşırmalıyıq? Yaxud yas yerlərində mollalar ərəblərin tarixindən, şəxsiyyətlərindən danışır. Məgər bizim öz şəxsiyyətlərimiz yoxdur? Yas yeri bir auditoriyadır. Burada millətə millətin özünü tanıtmaq lazımdır.

- Siz üzünüzü İslamın qibləsinə, yəni Məkkəyə doğru tutaraq dua edirsiniz, yoxsa yox?

- Mənim qibləm, yönüm niyə Ərəbistan olmalıdır axı?! Məgər mənim ölkəmdə bir müqəddəs yer, məkan yoxdur? Niyə mənim vətənimin özü, paytaxtı müqəddəs olmasın? Biz üzümüzü gündoğana tuturuq.

- Cənnət və cəhənnəm anlayışı sizin ocaq üçün nə ifadə edir?

- Biz bunu da qəbul eləmirik. Bu alleqoriyadı, heç biri yoxdur. Və mən deyərdim ki, insana insanlığa qarşı çox iyrənc bir oyundur. Cənnətdə vəd edilən paklıq, hurilər və s. bunlar hamısı boş şeylərdi. Biz buna tüfeyli həyat deyirik. Əzab-əziyyət yoxdursa, zəhmət yoxursa, elə bu dünyada "cənnət" yaşayan o qədər insan var ki. Belə deyirlər də: "Allah doğmayıb, doğulmayıb, heç kimə də ehtiyacı yoxdur". Bir az dərinə gedəndə isə onun "köməkçiləri" meydana çıxır. Baş mələyi var, Cəbrayılı var, Mikayılı var və s. Biz bunun özünü də çoxallahlılığın qalıqları kimi qəbul edirik və bu o deməkdir ki Allahın əslində onlara ehtiyacı var. Mələklər vasitəsilə insanları idarə edir. Diqqət etsəz, İblis də mələklərdən olub. Sonradan Allaha tabe olmayan İblis qovulur və insanların mənəviyyatını məhv etməyə başlayır. Allah da buna tamaşa edir və insanları hədələyir ki, "sizi cəhənnəmdə cəzalandıracam". Bu nə qədər inandırıcıdır? İnsanları qorxu içərisində saxlamaqla itaətə məcbur etmək deyilmi?! İblisə uymayanlara cənnət vəd edilir. “Quran”ı oxumusuzsa, bilirsiz nələr vəd edilir, dərinliyə getmək istəmirəm. Cənnətdə doğulub törəmə yoxdur. Yalnız kef məclisləri vəd olunur. Bəs onda mən bir bəndə olaraq ailəsiz, uşaqsız bacı-qardaşsız hara dəvət olunuram? İslam dinində cənnət-cəhənnəm anlayışı bax budur. İnsanlar da buna müxtəlif adlar qoyurlar ki, Allah bunu bu səbəbdən deyir, cəhhənəmi buna görə yaradıb, cənnət deyəndə filan şeyi nəzərdə tutub və s. Başqa nə demək olar? Qərəzli məqamlar çoxdur, yəni.

- Bəs, dəfn zamanı necə, hansı duaları oxuyursuz, ritualları keçirirsiz?

- İnsan öldükdə Asif Atanın “Ölümlə görüş” yazısını oxuyuruq. Mərhum haqqında xatirələrimizi danışırıq.

- Yəni, “Fatihə” də oxumursunuz?

- Xeyr, “Fatihə” yad dildə olduğu üçün onu oxumuruq. Ərəb ayinləri bizə yaddır, türklük yoxdur bu ayinlərdə. Buna görə də onları qəbul etmirik. Guya onlardan kimsə nə isə başa düşür?!

- Bəs, hansısa yas məclisinə gedəndə və bu ayinlərin yerinə yetirilməsini görəndə necə reaksiya göstərirsiniz?

- Əlbəttə, biz də yas məclislərində iştirak edirik. Ancaq bu ayinləri yerinə yetirmirik, sakitcə müşahidə edirik. İnsanların anlamadığı ərəbcə dualara salavat çevirməsi mənə qəribə gəlir. Bir tərəfdən də bu çox gülməli görünür.

-Ehsan necə, verirsiniz?

- Xeyr, biz ehsana da qarşıyıq. Ölü sahibi bilmir ölüsünə ağlasın, yoxsa camaatın qarnını doyuzdursun. Götürək, cümə axşamlarını. Niyə insanlar öz vəfat etmiş yaxınlarını məhz həmin gün yad etməlidir? Bu da ərəb adətidir. Çünki ərəblərdə həmin gün istirahət günündən əvvəlki gündür.

- Sizin öz əlifbanız, diliniz, inancınız, üstəlik bayrağınız var. Bəs siz Azərbaycanın rəsmi dövlət rəmzi olan üç rəngli bayrağı necə xarakterizə edərdiz?

- Həmin bayraq yarananda elə çağ idi ki, müxtəlif baxışlar vardı. Ona görə də ötən əsrin əvvəllərində ADR rəhbərləri həmin baxışları uzlaşdıraraq, belə bir bayraq ortaya qoydu.

- Asif Ata Ocağı olaraq, bu bayrağı qəbul edirsiz, yoxsa necə?

- Əlbəttə, dövlət rəmzimiz olaraq qəbul edirik. Eyni zamanda, hesab edirik ki, bu rəmzdə bəzi dəyişikliklər edilməlidir. Çünki oradakı rənglər bir-birinə zidd mənalar ifadə edir. Dövlətin rəmzi ancaq tam milli konsepsiyadan doğan atributlar olmalıdır. //Publika


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR