“Azərbaycan Qüds məsələsində prinsipial mövqeyini ortaya qoydu” - Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilib və 14 üzv ölkə qətnaməni təsdiq edib. ABŞ qətnaməyə veto qoyub. ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

Buna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub. Ölkəmiz öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib.

Baxmayaraq ki, bir çox İslam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayıb və daha aşağı səviyyədə təmsil olunublar. Bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan isə ümumiyyətlə türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər.

Məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığını daha da genişlənməsinə verdiyi mühüm töhvələrin nəticəsidir ki, Bakıda keçirilmiş “2017 – İslam Həmrəyliyi İli” dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplayıb. Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlar və s. daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir.

Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.

Millət vəkili Aydın MirzəzadəMetbuat.az-a açıqlamasında qeyd edib ki, Qüds məsələsi bu gün dünyanın ən aktual məsələlərindən birinə çevrilib: “Amerika Birləşmiş Ştatlarının gözlənilmədən Qüdsü İsrailin paytaxtı elan etməsi dünyanı seçim qarşısında qoyub. Azərbaycan bu məsələdə beynəlxalq hüquq normalarına uyğun özünün prinsipial mövqeyini ortaya nümayiş etdirib. Azərbaycan Qüdsün iki dövlətə aid olduğunu qeyd edib və Şərqi Qüdsün Fələstinin paytaxtı kimi qəbul edib. Azərbaycan bu mövqeyini İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-də İstanbulda keçirilən sammitində də səsləndirib. BMT Təhlükəsizlik Şurasında Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verən 128 prinsipial dövlətdən biri olub”.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz bununla beynəlxalq birlikdə bütün məsələlərin beynəlxalq hüquq normalarına uyğun hər bir dövlətin maraqlarının nəzərə alınması ilə həll edilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın bu mövqeyi onun konkret və ümumən beynəlxalq birlikdə stabilliyin qorunub-saxlanmasına xidmət edən siyasət yeritdiyini göstərir”.

Günay Elşadqızı / METBUAT.AZ

QÜDS: Bu şəhəri müqəddəs edən nədir? - 52 hücum, 23 işğal...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI