"Mən özüm də bu səhvləri edirəm" - Səlim Babullaoğlu

Sosial şəbəkələrdə yazarların, jurnalistlərin ədəbi dilin normalarına uyğun olmayan yazılar yazması ciddi tənqid olunur.

Mövzu ilə mağlı Metbuat.az-a açıqlama verən şair Səlim Babullaoğlu bu halın onda da qıcıq doğurduğunu vurğulayıb.

"Bir dəfə kafeyə girdim. Menyünü gətirdilər. O qədər səhv vardı ki… Möhkəm ac olsam da iştaham qaçdı, yemədim. Kafenin sahibini dəvət elədim masaya və bir az söhbət elədik. Ona izah eləməyə çalışdım ki, belə olmaz. Bu təxminən yeməyə duz atmamağa, yaxud hansısa bir ədvanın olmamasına oxşayır. Demək müştəri narazı qalacaq. Bir neçə gündən sonra menyünü dəyişmişdilər. Biz o kafenin sahibi ilə indiyə qədər dostuq. Bəli, Facebook və digər sosial şəbəkələrdə yazılan şərhlər, paylaşım və mövqelərdə orfoqrafik xətalar, hərf səhvləri çox olur. Bu, şəxsən məni qıcıqlandırır. Amma bəla burasındadır ki, mən özüm də bu cürə səhvləri ara-sıra edirəm və sonra da özüm özümə olmazın əsəbiləşirəm. Düşünürəm ki, mənim kimi adamların səhvləri tələskənlikdən və vaxt darlığından irəli gəlir. Elələri də var ki, onlar yazı qaydalarını bilmirlər. Amma bir qism də var ki, bilirlər, amma qaydalar onlara vacib görünmədiyinə görə ona əməl eləmirlər. Hər üç hal pisdir. Sonuncu ikisi lap pisdir. Əminəm ki, bu şüuraltında anlamadığımız qədər ağır izlər qoyur. Fikrimi izah etməyə çalışım. Vizual üç predmet təsəvvür edin: alma, şar, qələm. İndi bur predmetləri söz ilə vizual təsəvvür edin: “alma”, “şar”, “qələm”. İndi sonuncuya bir də baxın: ama, war, gələm ( sosial şəbəkələrdə tez-tez rast gəlinən səhvlərlə). İndi səhv yazılmış predmetləri təsəvvür edin: o “alma” ya qurdlu, ya dişlənmiş və xarab kimi görünəcək sizə (hələ onu demirəm ki, siz ümumiyyətlə “ama”nın nə olduğunu bilmir və onu təsəvvür etməyə də bilərsiz); “şar” dönüb olur ya ingiliscə müharibə- “war”, ya da ki, yenə heç nə ; “qələm” də olur təxminən “kələm” kimi bir şey… ya da rusdillilərin ifadə tərziylə yenə “heş zad”. Yəni bu sözlər və predmetlər zədələnir. Hər şey sözdür bu dünyada və demək biz zədələnirik. Şüurumuz zədələnir. Əslində bu bilirsiz nəyə oxşayır (ola bilsin mənim təxəyyülümdə) ?! Sanki zəlzələ baş verir. Amma sanki kimsə prosesi yavaşıdıb, kadrları ləng-ləng verir. Hər şey kərpic-kərpic düşür, zədələnir, dağılır, amma heç kim də ciddi şəkildə bunun fərqində deyil. Başqa tərəfdən biz rəmzlər, smayliklər əsrindəyik. Gündəlik və lazımsız (!) informasiya yükü o qədər çoxdur ki… zaman hədsiz böyük sürətlə axır. Adamların nəinki düzgün yazmağa və ümumiyyətlə yazmağa, heç düzgün düşünməyə vaxtı qalmır."

Tural İsmayılov / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR