2017-ci il necə keçdi? - Yazarlar danışdı

2017-ci il artıq arxada qaldı.

Şair və yazarlarımız ili Metbuat.az üçün dəyərləndirdi.

Yazar Günel Eyvazlı 2017-ci ildən razıdır:

"2017-ci ilə "İlin gənc yazıçısı" adını almağımla başladım. "Ədəbiyyat qəzeti"ndə silsilə yazılarım bu il də davam etdi. Sonra TV verlişlər, antologiyalar, dərgilər, qəzetlərdə müsahibələrim, yeni şeirlərim, beynəlxalq müstəvidə tərcümə edilmiş poeziya nümunələrim yayımlandı. Bir sözlə, olduqca uğurlu il olaraq yaddaşımda qaldı. Sevdim 2017-ci ili.
Əslində nələrisə planlaşdırmamışdım. Məgər həyatımızı planla qururuq? Əsla. Həyatda uğura nail olmaq üçün 3 əsas şərt var. 1-ci çalışmaq, 2-ci yenə çalışmaq, 3-cü yalnız çalışmaqBir də ən əsası böyük məqsədləri olmalıdır insanların. Heç nə məqsədinə doğru gedən şəxsi yolundan azdıra bilməz. Dayandıra bilməz. Heç kimə görə, heç nəyə görə dayanmaq olmaz. Həyat hərəkətdir, xoşbəxtlik daxilində əzizlədiyin atmosferdir. Düşüncələrin pozitiv olduqca yaşayacaqsan. İşıq saçacaqsan günəş kimi. 2018-ci il hamımız üçün düşərli olsun. Gözləntilərimiz özümüzdəndir. Uğur, xoşbəxtlik, sevinc, səadət, bərəkət, məhəbbət bizimlə olsun. Yaxşı insanlar olsun əhatəmizdə."


Yazar Şəhla Aslan da bütün problemlərə baxmayaraq ili uğurlu hesab edir:

"2017-ci ilə nəzər saldıqda ən çox diqqətimi səbretmə qabiliyyətimi kəşf etməyim çəkir. Keçən illərdən qalma və gələcək illərim üçün saxladığım bütün səbr ehtiyatımı bu il xərclədim. Verilən bütün vədlərə, baş verən bütün hadisələrə səbrlə yanaşdım. Səbr kasamdakı bütün ehtiyatım tükəndi demək olar ki. 2018- ci il həyatıma qədəm qoyan kimi təcili səbretmə qabiliyyətimi gəlişdirməliyəm ki, ilin sonuna qədər təmkinimi qoruyub saxlaya bilim...Zarafat bir yana, 2017-ci il həm də əlamətdar hadisələrlə yadda qaldı. Gəzdik, yeni nəsnələr kəşf etdik, çalışdıq, itirdik, əsası yeni dostlar qazandıq...İl uğurlu oldumu sualına gəldikdə, ilin hansısa 3-5 gününün uğuru ilin adına yazılırsa, bəli, uğurlu oldu!"

Gənc şair Emin Akif ili bir o qədər də məhsuldar hesab etmədyini söylədi:

"Tənbəlliyim ucbatından bir o qədər də məhsuldar sayılmıram. Bu il boyu cəmi 8 şeir yazmışam. O şeirləri də yaradıcılığımın hələ ki ən yaxşı şeirləri hesab edirəm. Bu il mətbuatda müxtəlif saytlarla əməkdaşlığa başladım. İlə "Ədalət" qəzetində fəaliyyətə başlamaqla yekun vurdum. Bu ildən qismən razıyam və mənə görə qismən uğurlu il oldu. İt ili mənim ilimdir, dünya ədəbiyyatına çıxmağı düşünürəm."

Şair Emin Piri 2017-ci ili nəinki öz şəxsi həyatı, ədəbiyyatımız üçün də uğurlu hesab edir:

"Öz şəxsi həyatım və yaradıcılığım baxımdan götürsəm uğurlu sayardım. Amma 2018-ci ildən gözləntilərim daha çoxdu. Daha doğrusu əsas planlarımı 2018-ə hesablamışam. Əgər ədəbiyyatımız baxımdan da götürsək yeni poeziya nümunələri və kitabları baxımdan 2017-ni uğurlu adlandıra bilərik."

Gənc şair Ulucay Akif hesab edir ki, hər yeni il ötən ildən daha yaxşı olur:

"Hər yeni il bütün problemlərə, pis hadisələrə baxmayaraq özündən öncəki ildən daha yaxşı olur. Çünki bir yaş daha böyük olur, bir yaş daha təcrübəli. Ümid edirəm yeni il bizə daha gözəl təcrübələr, daha gözəl günlər yaşadar. Ölkəmiz və insanlarımız buna layiqdir! Hər kəsin yeni ilini təbrik edirəm!"

Tural İsmayılov / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR