Play Store

Böyük yazarların sirli həyatı: Artur Konan DOYL - Robert ŞNAKENBERQ

Artur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi. O, uydurduğu detektiv qəhrəmanı sayəsində qucaq-qucaq pul qazandı və bu qəhrəman ədəbiyyat aləminin ən məşhur alver simasına çevrildi. Əgər bir insanın məzar daşı üzərindəki adının qarşısında "ser" sözü yazılırsa, demək, o, həyatda nəyisə səhvsiz edib.

Şotland əsilli Konan Doyl həyatını əsl ingilis centlmeni kimi yaşamışdı. Anası oğlunun adını Çarlz Dikkensin, Valter Skottun əsərlərindən tanıyıb sevdiyi tarixi şəxsiyyət - kral Arturun şərəfinə qoymuşdu. O, Edinburq Universitetində tibb təhsili almış, bir müddət gəmi həkimi işləmişdi. Sonra isə sevimli yazıçısı Dikkensin doğulduğu Portsmutda məskunlaşmışdı. Doyl hər zaman xəstə azlığından şikayətlənərdi, amma sonralar yol qəzalarında həyatını itirən adamlar ona təcrübəsini artırmaqda kömək etdi. Yazıçı 1885-ci ildə pasientlərindən birinin bacısı Luiza Hokins ilə evlənmişdi.

Konan Doyl detektiv hekayələr yazmağa başlasa da, yaratdığı Şerlok Holms obrazı tezliklə şöhrət tapa bilmədi. Şerlok Holmsın macəralarından bəhs edən ilk hekayə - "Qırmızı çalarlı etüd" 1887-ci ildə "Viton" dərgisinin Milad bayramı sayında işıq üzü gördü. Üç il sonra Konan Doyl İngiltərəni tərk edib Vyanaya, oftalmologiya təcrübəsi qazanmağa getdi. Amma bu dəfə də onun göz həkimi kimi şöhrət tapmağına pasient qıtlığı mane oldu və peşə fəaliyyətində iki dəfə uğursuzluğa düçar olan Doyl yenidən yazıçı kimi fəaliyyət göstərməyə başladı.

O, tarixi əsərlər müəllifi kimi şöhrət qazanacağını güman etsə də, "Mixey Klarkın macəraları" (1889) romanı və daha sonra qələmə aldığı bir çox əsərlər tənqid və oxucular tərəfindən yaxşı qarşılanmadı. Nəhayət, 1891-ci ildən yeni nəşrə başlayan "Strend" dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. Axır ki, K.Doyl şöhrət buzunu əridə bildi. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı "Şerlok Holmsın son işi" (1893) hekayəsində qəhrəmanını öldürdü.

O dövrdə Holms yüz minlərlə oxucunun sevimli qəhrəmanı idi və son hekayədən sonra yazıçının evinə sevimli qəhrəmanın ölümündən narazı qalan saysız-hesabsız oxucu məktubları axışdı. Hətta sevimli xəfiyyəsinin ölümünə kədərlənib qoluna qara lent bağlayanlar da vardı. 1902-ci ildə Doyl Holmsı diriltmək qərarına gəldi və bu "xortlama" yazıçnın bank hesabını zəngiləşdirdi. Bu vaxt artıq o, həkimlik fəaliyyətindən uzaqlaşmış, Cin Lekki adlı başqa bir qadına aşiq olmuşdu, lakin yazıçının vərəmdən əziyyət çəkən arvadına xatir bu münasibətlər platonik səviyyədə idi. 1906-cı ildə Luiza vəfat etdi və K.Doyl axır ki, Cin ilə ailə qurdu.

Dünya şöhrəti qazanan Konan Doyl insan haqlarının müdafiəçisi kimi fəaliyyət göstərməyə başladı. O, iki hay-küylü məhkəmədə iştirak edərək ictimaiyyətin diqqətini qanunsuz yerə ittiham olunan məhkumlara yönəltməyə çalışdı. Eyni zamanda Britaniya siyasətini təmsil edərək ingilis-Afrika müharibəsi dönəmində patriotik və ritorik çıxışları ilə kütlə qarşısında sevildi, bu fəaliyyətinə qarşılıq olaraq yazıçı kimi cəngavər titulu aldı. İki dəfə parlamentə düşməyə cəhd etdi və ikisində də uğursuzluğa düçar oldu. Daha sonra Doyl diqqətini spiritisizmə yönəldərək ölülərlə danışmağa cəhd etdi və pərilərin mövcudluğunu sübut etməyə çalışdı. Yazıçının rasional təfəkkürə meyli onun həyatında dönüş yaratdı. Ədəbiyyat cameəsinin gülüş hədəfinə çevrilən yazıçı yeganə dəstəyi ikinci arvadından aldı. 1930-cu ildə, yazıçının ölümündən sonra qadın mərhum əri ilə spritistik seans keçirmək üçün xüsusi təyyarə sifariş etdi. Göylərə yaxın olmaq - ruhlara yaxın olmaq idi.

BÜTÜN DÖVRLƏRİN ADAMI

Konan Doyl yaxşı idmançı idi və daha çox kriket, qolf və xizək sürməklə ad çıxarmışdı. Boksu idmanın ən yaxşı növü hesab edən yazıçı bəzən axşamlar evə gələrkən kostyumunu soyunmadan boksla məşğul olurdu.

1914-cü ildə Nyu-Yorka səfərində "Filadelfiya atletika" və "Nyu-York yaniki" komandaları arasında keçirilən beysbol yarışına baxmışdı. Bir dəfə tərkibində Ceyms Barri və Edvard Vudli kimi ulduz yazıçılar olan kriket komandasının tərkibində yarışmışdı. İngilis futbol fanatları bu günə qədər Konan Doyla minnətdar olmalıdırlar, çünki məhz o 1884-cü ildə Portsmut futbol klubunun əsasını qoymuşdu. Doyl eyni zamanda A.A.Smit adı ilə həmin klubun birinci qapıçısı kimi oyunlarda iştirak etmişdi. Həmin dövrdə nüfuzlu bir adamın futbol oynamağı cəmiyyətdə birmənalı qarşılanmadığı üçün yazıçı başqa adla çıxış edirdi.

ƏZİZİM, ŞERRİNQ FORD!
Əgər Konan Doyl öz məşhur xəfiyyəsinin adını ilkin variantda olduğu kimi Şerrinq-ford Xoup saxlasaydı, o zaman dünya (hələ ingilisi demirəm) ədəbiyyat tarixi tamam başqa mənzərə ilə qarşılaşacaqdı. Bu adı bəyənməyən arvadı Luiza Doyldan başqa bir ad fikirləşməyi istəmişdi. Bu səbəbdən "Şerlok"u - sevimli skripkaçı Alfred Şerlokun şərəfinə, "Holms"u isə - məşhur vəkili Oliver Uendell Holmsın şərəfinə adlandırdı. Həmin dövrdə məşhur vəkil kriminal psixologiyaya həsr etdiyi kitabı təzə çap etdirmişdi. Nəzərə almaq lazımdır ki, Şerlok Holms və "Yaşıl sahələr" komediya serialının baş qəhrəmanı Oliver Uendell Duqlas eyni adamın şərəfinə adlandırılıb.

HOLMS NECƏ YARAŞIQLI OLDU

Əgər hər şey ilkin düşüncə ilə davam etsəydi, o zaman Holms təkcə axmaq adla tanınmayacaqdı, həm də bu obraz bizim uşaqlıqdan tanıdığımız qəhrəmandan çox fərqlənəcəkdi. 1887-ci ildə "Qırmızı çalarlı etüd"ün çapı ilə bağlı danışıqlar gedərkən Konan Doyl hekayənin illüstrasiyaları üçün o ərəfədə ruhi xəstəxanada müalicə olunan əyyaş atasının çəkdiyi rəsmlərdən istifadə edilməyi tələb etdi. Çarlz Doylun çəkdiyi rəsmlər qeyri-peşəkar idi. O rəsmlərdə Holms gonbul, saqqallı, balacaboy təsvir olunmuşdu və fransız rəssamı Anri de Tuluz-Lotrekaya oxşayırdı. Kitabın az satılmağının bir səbəbi də rəsmlərin uğursuzluğu idi. Lakin Holmsla bağlı əhvalatlar növbəti mərhələyə çatanda qərara alındı ki, bu işə peşəkar illüstrator-rəssam Sidni Pedcet dəvət olunsun. Rəssam böyük Doylun çəkdiyi şəkilləri birmənalı olaraq qəbul etmədi və Holmsu tamam başqa görkəmdə təsəvvür etdiyini söylədi. "Bu, o deyil, - Pedcet dedi, - qadınlar onu bəyənməlidir, bu 1890-cı illərin tələbidir. Mən elə bir Holms çəkmək istəyirəm ki, bütün qadınlar onu sevsin, bütün kişilər özünü ona oxşatmaq istəsin". Bu söhbətlərin nəticəsi olaraq təsvir olunan Holms bütün dövrlərin və xalqların sevimlisi oldu və bu sevgi hələ də davam edir.

MASANI TAQQILDATMAQ

Oğlunun və qardaşının Birinci Dünya müharibəsində həlak olmağı Doyla çox pis təsir etmişdi. O qədər pis təsir etmişdi ki, o, rasional düşüncə tərzini bir kənara qoyub, spiritisizmə, bir qədər sonra isə okkultizmə meyillənmiş, ölülərlə rabitə yaratmağa çalışmışdı. Hal-hazırda spritistik seansları tele-şoular çərçivəsində həyata keçirirlər və belə verilişlərə çıxan şarlatanlar özlərini ekstrasens, ruh çağıran adlandıraraq, adamları aldadırlar. Doylun zamanında isə ruhlarla görüşmək üçün masa arxasına toplaşmaq lazım idi. Əgər ruh çağıranlar məqsədlərinə nail olurdularsa, o zaman masa yerindən tərpənir, ya da taqqıltı səsi eşidilirdi. O dövrün ən məşhur cindarlarından biri olan nyu-yorklu xanım Marqaret Foks uzun illər ərzində çox varlı adamların etibarını qazanaraq iki bacısı ilə bir yerdə müştərilərinin doğmalarının ruhlarını çağırmaqla böyük pullar qazanmışdı və sonradan bütün bunların adi bir fırıldaqçılıqdan başqa bir şey olmadığı ortaya çıxmışdı. Amma elə adamlar da var idi ki, buna inanır və belə şeyləri müdafiə edirdilər, onlardan biri də Konan Doyl idi. Bu səbəbdən Doylun bəzi "sarsaq" çıxışları kütlə qarşısında gülüşlə qarşılanırdı. Hətta bir dəfə o, Nyu-Yorkdakı Karnegi-hollda bu mövzuda mühazirə də demişdi. Bu zaman yazıçının çıxışı hay-küy və fit səsləri ilə susdurulmuşdu. Yazıçı zalda eşidilən bir səsi "o dünyadan gələn səda" kimi qələmə verərkən onun sevincinə orada iştirak edən yaşlı kişi: "Bu mənim qulağımdakı səs aparatının xırıltısıdır", - deyərək, haram qatmışdı. Orada olanlar bu hadisəyə gülmüş və Şerlok Holmsu yaradan yazıçının ağılına şübhə etmişdilər.

SİZİN ÜÇÜN NƏ HOLMS

Konan Doylun okkultizmə meyli onun gəlirlərinə və kitablarının tirajına ciddi təsir edirdi və məhz yazıçının qeyri-adi keyfiyyətlərinə görə keçmiş SSRİ-də onun kitabları uzun zaman qadağan olunmuşdu.

PƏRİLƏR ÖLKƏSİ

Konan Doyl sanki özü-özünün düşməni idi. 1921-ci ildə çap etdirdiyi "Pərilərin zühuru" kitabı onun şöhrətinə bir qədər də kölgə saldı. Yazıçı ingilis kəndlərinin birində yaşayan yaxın qohumu olan iki bacının balaca, qanadlı məxluqların varlığı ilə bağlı dilə gətirdikləri cəfəngiyatı gerçək kimi qələmə almış və bu da cəmiyyətdə gülüşlə qarşılanmışdı. Pərilərin əhatəsində olan qızların fotolarının saxta olduğu isə ilk baxışdan məlum idi və Doyl bu addımı atmaqla özünü yenidən biabır etmişdi. Onun 1920-ci illərdə yazdığı məqalələrdə bu mövzu dəfələrlə qabardılırdı və oxucular onun belə yazılarını oxumadan keçirdilər.

HARRİ İLƏ SENANS

Konan Doylun o dövrün məşhur illüziyaçısı Harri Qudini ilə dostluğu da əslində, yazıçının bu adamın bacarıqlarına olan marağından doğurdu. Onların hər ikisi məşhur idi və ikisi də ruhlar aləminə meyl edirdilər. Qudini mediumlara inanmırdı və Doylla dostluğu sayəsində həmin fırıldaqçılarla tanış olaraq, onları ifşa edirdi. Doyl Qudinin adi bir gözbağlayıcı yox, əsl sehrbaz olduğuna qətiyyətlə inanmışdı. Amma onların yaxınlığı seansların birində gözbağlayıcının Doylun arvadının nənəsinin o dünyadan göndərdiyi xəbərləri dilə gətirməyi ilə pozulmuşdu. Belə ki, Qudini dünyasını dəyişən qarının sözlərini ingilis dilində çatdırmaqla özünü ifşa etmişdi, sən demə qarı ingilis dilini bilmirmiş. Bundan acıqlanan Qudini Konan Doylun spirtizmə marağını məsxərəyə qoyurdu. Köhnə dostlar bir neçə kəskin məktubdan sonra aralarındakı münasibətə birdəfəlik son qoymuşdular.

DOLABDAKI SKELET

Şerlok Holms kimi dünyaca məşhur qəhrəmanı yaradan bir adamın dünya mistifikasiya tarixində oynadığı mühüm rola nə deyirsiniz?

Antropoloq Con Uinslou 1983-cü ildə çap etdirdiyi məqaləsində Konan Doylun elmdə böyük mübahisələrə səbəb olan "piltdaun adam" qisminə aid olduğunu iddia etmişdi. 1912-ci ildə tapılan daşlaşmış sümüklərlə yazıçının sümüklərini müqayisə edən həkim Doylun meymuna yaxın bədən quruluşunu diqqətə çatdırmışdı. Həmin tapıntının saxta olduğunu sübuta yetirmək üçün antropoloqlar 40 il tər tökmüşdülər.

Yaxşı, bəs nə səbəbdən Konan Doyl əsas şübhəlilərdən sayılırdı? Çünki o həvəskar-arxeoloq Carlz Dousonla qonşu idi və həmin qalıqları da məhz o tapmışdı. Bundan başqa Doylun dostları arasında bir neçə frenoloq da var idi ki, onlar da kəllə sümüklərinin keçid formalarını araşdırmaqla məşğul olurdular. Məsələn, Doylun 1912-ci ildə çap etdirdiyi "İtmiş dünya" romanında həmin sümüklərin tapıldığı yerlərlə bağlı müəyyən məlumatlara rast gəlmək olurdu. Amma Konan Doylun belə qeyri-ciddi şeylərə marağı, ruhlara olan meyli yazıçının ömrünün son illərində başa çatmışdı və o, belə şeylərin mənasız olduğunu anlamışdı.

Tərcümə etdi: Əyyub QİYAS/ Ədəbiyyat qəzeti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR