Play Store

Sən demə, 17 yaşında... Oya Ergünün cavan qalmağının qəribə sirri - MÜSAHİBƏ/FOTOLAR

Bu dəfəki müsahibimiz Türkiyədə və Azərbaycanda kifayət qədər məşhur olan və sevilən tanınmış vokalçı, opera sənətçisi Oya Ergündür. Hələ uşaq yaşlarından Azərbaycan musiqisinə vurulan Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində konsertlər verib, operalarda uğurlar qazanıb. Bir çox nüfuzlu mükafatlara layiq görülüb. Uzun müddət Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Hazırda İncəsənət Universitetində çalışır.

- Oya xanım, bu yaxınlarda “Niye şarkı söylüyoruz” adlı məqaləniz yayımlandı. Müsahibəmizə elə bu maraqlı sualla başlamaq istərdim. İnsan niyə mahnı oxuyur? Bu ehtiyac nədən yaranıb?

- Bəli. Bu sualın cavabını həmin məqalədə geniş şəkildə vermişəm. İnsan oğlunun mahnı oxumasının arxasında o qədər dərin, qədim, çoxşaxəli psixoloji məqamlar var ki, bunları bir-bir söyləmək çox uzun zaman alar. Buna görə də sualınıza çox qısa formada cavab verim: İnsan özünü ifadə etmək və dünya ilə əlaqə qura bilmək üçün mahnı oxuyur. Bu vaz keçə bilməyəcəyimiz bir ehtiyacdır yəni.

- Həqiqətən elədir... Məsələn, ruhumuzun qidasına çevrilən mahnılardan biri də “Ayrılıq”dır. Bu mahnının möhürünü Ququş və Yaqub Zurufçu vurub. Sonra onlarla fərqli, unudulmaz ifalar oldu. Sizin ifanızda da “Ayrılıq” çox təsirli və fərqli səslənir. Ququşla Yaqub bəyin ifasına ifasına münasibətiniz necədi?

- Bu mahnı Türkiyədə də çox məşhurdur. Əksər həmkarlarımın sevə-sevə oxuduqları nadir mahnılardandır. Təbii, Yaqub Zurufçunun ifasında daha çox dinlənilir. Hələ Bakıya 5 il öncə gəldiyim vaxtda bir proqrama dəvət almışdım. Həmin proqrama Yaqub Zurufçu da qatılmışdı. Mən həmin mahnını orda da ifa etmişdim. Bu mahnı Azərbaycan üçün tamam başqa anlam daşıyır.

- Yaranma səbəbi ilə maraqlanmısınızmı?

- Həmin proqram vaxtı Yaqub Zurufçu bu mahnının hekayəsini mənə danışdı. Vətən həsrətindən bəhs edən bir mahnı imiş. Əslində bu mahnı ana, ata, bacı, sevgi həsrəti çəkənlərə də həsr edilib. Bu mahnı mənim üçün özəldir.

- Oya xanım, sözsüz ki, ümumi götürdükdə Türkiyə ilə Azərbaycanın musiqi tərzləri, mədəniyyəti eynidir. Amma təbii ki, hər bir coğrafiyanın öz oxu tərzi var. Baxmayaraq ki, biz eyni mədəniyyətin daşıyıcısıyıq, bizim aramızda yerləşdiyimiz coğrafiyanın, keçdiyimiz tarixi yolun yaratdığı xeyli fərqlər var. Sizin əsas diqqətinizi çəkən hansı fərqlər var?

- Çox yerində verilmiş sualdır. Məni ən çox maraqlandıran üslub bilgisidir. Hətta universitetdə, konservatoriyada da tələbələrə bu barədə daha çox şeylər öyrətməyə çalışıram. Çünki hər ölkənin, hər musiqi janrının özünəməxsus üslubu var. İnsan buna vaqif deyilsə, həmişə əldə etdiyi nəticələr mənfi olacaq. Məsələn, mən opera oxuyuramsa, yüngül bir mahnı ifa edəndə çox diqqətli olmalıyam. Ya orijinal bir şey yaratmalıyam, ya da estrada janrını yaxşı bilməliyəm. Mən Hollandıyada təhsil alarkən müəllimim bizə fərqli üslublarda oxumaq üçün çox məsləhətlər verirdi. Yəni fərqli üslublarda oxumaq təkcə gözəl səslə bağlı bir şey deyil. Həm də yetərli savad sahibi olmalısan.

-"Beni kör kuyularda merdivensiz bıraktın” da oxumusunuz. Kimdir sizi darda qoyan?

- Bu mənim mahnım deyil. Allaha şükürlər olsun, məni kor quyulara atan yoxdur. Ancaq bu mahnı çox gözəldir. Mənim sevdiyim türk musiqisidir. Bəstəkarı və ifaçısı Münir Nurəddin Səlcuqdur. Mən ona çox heyranam. Türk sənət musiqisində möhtəşəm iz qoymuş şəxslərdəndir. Müğənni həssas olur. Bu mahnı mənə çox təsir etdi. Buna görə də oxudum. Biz insanlar eyni dildə gülüb, eyni dildə ağlayırıq. Ancaq o acıları çəkənlərin acısını hiss etdiyim üçün oxumuşam. Müğənninin işi duyğulardır. Biz duyğuların fəhləsiyik.

- Oya xanım, qardaş Türkiyəmizin bəzi müğənniləri zaman-zaman Azərbaycan mahnılarını oxuyaraq, “anonim” kimi təqdim edirlər. “O Səs Türkiyə” yarışmasında da bununla dəfələrlə rastlaşdıq. Buna münasibətinizi bilmək istəyirəm.

- Buna görə həqiqətən çox üzülürəm. Təəssüf ki, bir dəfə mən də bu səhvi etmişəm. Çox üzgünəm. Mən Fərman Hacıyevin “Lalələr” mahnısını “anonim” kimi oxumuşdum. Çünki mənə musiqiçilər onun xalq mahnısı olduğunu söyləmişdilər. Ancaq sonra bildim ki, bu Fərman Hacıyevin bəstəsidir. Onu araşdırdım, çox gözəl bəstəkar olduğunu öyrəndim. Başqa əsərləri ilə də tanış oldum. Əslində bu səhvi etməməliyik. Oxuduğumuz mahnını daha yaxşı araşdırmağımız lazımdır.

- “O Səs Türkiyə” demiş, layihədəki iştirakçılar necə oxuyurlar? Necə qiymətləndirirsiniz?

- Açığını deyim ki, belə yarışmaları çox da dəstəkləmirəm. Təbii, mahnı oxumaq hər kəsin haqqıdır, ancaq profesional tənqid etmək üçün 100 faiz yaxşı təhsil almalısan. Bu yarşmalar populyar şou yarışmalarıdır. Belə yarışmaların gerçək sənətlə, təhsillə, tədrislə, ixtisasla əlaqəsi yoxdur. Belə proqramlar xatırlanmaq, məşhurlaşmaq üçün təkan ola bilər. Amma insanları zədələyə də bilir. Bir misal çəkim: Mənim bir tələbəm həmin layihənin Azərbaycan versiyasında çıxış etdi. Çox gözəl səsi, bacarığı vardı. Amma finala çıxmadı. Buna görə də oxumağı atdı, bu sahədən uzaqlaşdı. Tənqidlər onu çox üzdü, həvəsdan saldı. Bu kimi səbəblərdən yarışmaları düz saymıram.

- Müasir Azərbaycan bəstəkarlarından və müğənnilərindən kimləri xüsusi izləyirsiniz?

- Azərbaycan musiqisində çox bəstəkar var ki, onları sevirəm. Tək-tək çox adamın adını sadalaya bilərəm. Məsələn, Firəngiz Əlizadə, pionist Nərgiz Əliyeva, müğənnilərdən çox ürəklə ifa edən Aygün Bəylər, dünya şöhrətli Alim Qasımov, opera sənətçilərində İlham Nəzərov. Bunlar sadalaya biləcəklərimin kiçik bir qismidir.

- Heç xoşunuza gəlməyənlər var?

- Əlbəttə, var. Həm də çoxdur.

- Daha çox hansı tərzlər xoşunuza gəlmir?

- Hər tərzdə yaxşı oxumayanlar var.

- Bizim tanınmış ifaçılar arasında tələbələriniz varmı?

- Yoxdur. Amma Azərbaycanda tələbələrim var.

- Oya xanım, bayaqdan musiqidən, mədəniyyətdən danışa-danışa dönüb-dolaşıb beynimdən bir sual keçir. Verməsəm, olmaz.

- Buyurun.

- Çəki baxımından ideal görünürsünüz. Dəriniz də çox gözəldir. Bu gözəlliyi qoruyub saxlamaq üçün nələr edirsiniz?

- Hər qadın gözəldir. Sağlam qidalanmağa çalışıram. Təbii görüntüdə olmağa daha çox önəm verirəm. Abartılı makiyajlar və qüsurları düzəltmək xaric əməliyyatların əleyhinəyəm. Sağlamlıq üçün də artıq çəkiyə nəzarət etmək məsləhətdir. 17-18 yaşlarımdan yoqanın xatxa və raja yoqa növü ilə məşğul oluram.

- Necə qidalanırsınız?

- Axşam saat 6-dan sonra yemək yemirəm. Qonaq getdiyim yerlərdə də bunu qorumağa çalışıram. Düzünü desəm, ana olmazdan əvvəl çox düzənli qidalanmam var idi. İndi tam ürəyimcə deyil. İndi hər səhər yuxudan oyanan kimi, 1-2 idman hərəkəti edirəm, sonra oğlumu məktəbə aparıram. Demək olar ki, günüm burdan başlayır. Səhər yeməyimə çox diqqət edirəm. Yaşıl tərəvəzlər, pendir, çörək... Günorta və axşam yeməklərində çörək, heyvan mənşəli yağlar yemirəm. Əti, balığı həftədə 1 dəfə yeyərəm. Daha çox tərəvəz, zeytun, qoz, fındıq və digər meyvələrdən istifadə edirəm. Gün ərzində isə bol-bol su içirəm. Ən azı 1-1.5 litr. Arabir masaja gedirəm. Üzməyi də sevirəm. Ancaq üzgüyə yayda gedirəm. Belə vaxtlar hovuzlarda xəstəlik çox olur. Daha çox hərəkət etməyə çalışıram. Hər gün addım sayan aparatdan istifadə edirəm. Əslində gün ərzində 10 min addım atmalıyam, ancaq 6 min addımlıq gəzirəm.

-Bəs, dərinin gözəlliyi üçün nələr edirsiniz?

- Heç nə. Yalnız qidalanmama diqqət edirəm. Üzüm üçün kimyəvi olmayan kremlərdən istifadə edirəm. Yaxın dostlarım mənə Yeni İl hədiyyəsi olaraq üz kremləri hədiyyə etdilər. Çox xoşuma gəldi. İlk dəfə üz üçün krem istifadə edəcəm.

- Oya xanım, diləyirik ki, həmişə belə sağlam və gözəl qalasınız. Müsahibəyə vaxt ayırdığınız üçün minnətdarıq.

- Çox sağ olun. Siz də gözəlsiniz. Siz də gözəl qalasınız. Təşəkkür edirəm.

Metbuat.az\\ Tahirə Əlirzayeva.

Foto: Sərvan Şəldiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR