"Ermənistan bunu gizlədəcəkdi” – Ekspert

Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi cəbhə zonasında erməni əsgərlərin ölümü və ya yaralanması ilə bağlı məlumatı gizlətməyə çalışır. Bir neçə gün öncə erməni hərbçilərin yaralanması xəbərini də gizlətməyə çalışsalar da, bunu uzun müddət bacarmayıblar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, cəbhə zonasında baş verən hadisələrə yanaşma zamanı bir şeyi xüsusi qeyd etmək lazımdır: “Ermənistan qoşunların təmas xəttində, cəbhəboyu ərazidə baş verən hadisələri gizlətməklə cəmiyyətdə yarana biləcək problemlərin qarşısını almağa çalışır. Yəni, cəbhə zonasında, Ermənistan hakimiyyətə baş verən hadisələrin üstündən keçməklə, onu qabartmamaqla erməni cəmiyyətində onlara qarşı yarana biləcək etirazların qarşısını almağa çalışırlar. Məsələnin əsas mahiyyəti budur. Digər tərəfdən isə Ermənistan çox yaxşı başa düşür ki, cəbhə bölgəsində baş verənlər, yəni, erməni əsgərlərinin, hərbçilərinin ölümü, yaralanması ilə bağlı hadisələr hakimiyyətin xeyrinə deyil. Cəmiyyətdə həmin hakimiyyətə qarşı müxalif mövqeyin artmasına gətirib çıxara bilər. Bu səbəbdən də baş verən bütün hadisələr konkret olaraq gizlədilir. Sonrakı mərhələlərdə isə həmin hadisələr mərhələli şəkildə açıqlanır”.

Ramil Məmmədlinin sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri zamanı da Ermənistan Azərbaycan tərəfinin ermənilərin itkiləri ilə bağlı açıqlamalarını gizlədirdi. Sonradan isə bu itkiləri müxtəlif yalanlarla – avtomobil qəzası, hərbi hissə daxilində baş verən hər hansı nizamnamədən kənar bir hadisə ilə bağladılar. Hərəsinin hansısa bir formada öldüyünü və ya xəsarət aldığını deyərək Ermənistan cəmiyyətini aldatdılar. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı ətraflı məlumatı var. Yəni Azərbaycan Müdafiə Nazirliyi çox yaxşı bilir ki, Ermənistan hərbi rəhbərliyi bu kimi halları gizlədərək özlərinə sərf edən zamanda sərf edən formada açıqlayırlar. Son günlər erməni əsgərlərin yaralanması məsələsinə gəldikdə isə Azərbaycan mediasında məlumat yayılandan sonra Ermənistanın Müdafiə Nazirliyi artıq etiraf etmək məcburiyyətində qaldı. Əgər, Azərbaycanda ermənilərin itkisi ilə bağlı məlumat yayılmasaydı, sizi əmin edirəm ki, Ermənistan Müdafiə Nazirliyi bununla bağlı heç bir informasiya verməyəcəkdi”.

Qeyd edək ki, Ermənistan ordusunda baş verən yaralılar haqqında rəsmi məlumat verilməyib. 2018-ci il yanvarın 4-də işğal altında olan Qarabağda yerləşən qondarma qurumun şimal-şərq istiqamətindəki bölmələrdən birində mina partlayışı nəticəsində 2 hərbi qulluqçu yaralanıb. Hadisə barədə rəsmi məlumat verilməyib. Erməni mətbuatının məlumatlarından məlum olur ki, yaralılardan biri Xankəndi hərbi hospitalında müalicə olunur. Yaralı erməni hərbi qulluqçusunun sağ ayağı amputasiya edilib və vəziyyəti orta ağırdır. Digər yaralı hərbi qulluqçu yanvarın 8-də İrəvan mərkəzi hərbi hospitalına aparılıb və onun sol ayağı amputasiya edilib.

Günay Elşadqızı / METBUAT.AZ

“Pilotlarımızın uçuş saatları postsovet məkanında birincilər sırasındadır” - Polkovnik

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI