Nikaha daxil olmaq istəyən 3891 nəfərdə talassemiya aşkarlanıb

Nikaha daxil olmaq istəyən 3891 nəfərdə talassemiya aşkarlanıb
12:33 10 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 135 990 nəfər tibbi müayinədən keçib.

Publika.az xəbər verir ki, bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O qeyd edib ki, ötən il 143 694 nəfər müraciət etmişdisə, bu il müraciətlərin sayında azalma müşahidə edilib:

“Bu göstərici nikahlardan asılıdır. Nikaha girmək istəyən cütlüklər icbari tibbi müayinədən keçirlər. Onlarda hər hansı daşıyıcı xəstəlik aşkarlanarsa, bu barədə özlərinə xəbərdarlıq edilir. Cütlüklər institutumuza müraciət edir və genetik analizlər aparılır. Daha sonra hamiləliyin 12-18 həftəsində döldən maye götürülərək onun vəziyyəti müayinə edilir. Nəticədə daşıyıcı və sağlam dölün sonlandırılmasına imkan verilir. Xəstə uşaqlar isə tibbi abort yolu ilə götürülür. Ötən il 24 hamilə müayinə olunub. Onlardan 6-da xəstə uşaq aşkarlanaraq, tibbi abort yolu ilə götürülüb. 13 daşıyıcı və 4 sağlam uşaq isə dünyaya gəlib”.

Direktorun sözlərinə görə, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib. Bu günə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

Z.Əlimirzəyeva 2017-ci il ərzində isə 135 990 nəfərin tibbi müayinələrə cəlb edildiyini bildirib:

“Müraciət edən cütlüklərdən 3891 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. 449 nəfərdə sifilis, 119 nəfərdə QİÇS qeydə alınıb. 41 nəfər cütlüyün hər ikisində isə talassemiya daşıyıcılığı aşkarlanıb”.

Könül Cəfərli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR