Ailədə yayılan yoluxucu xəstəliklər - Boşanmaya səbəb olur

Azərbaycanda artıq 2 ildən çoxdur nikaha daxil olmaq istəyənlər məcburi tibbi müayinədən keçirlər.

Xəstəliklərin vaxtında aşkar edilməsi əks tərəfi qorumaq məqsədi daşıyır. Bu da ölkədə sağlam ailənin formalaşmasına yardımçı olur.

Lakin bu gün keçici infeksiya, dəri-zöhrəvi və cinsi xəstəliyi olan bəzi şəxslər nikaha girməzdən öncə qarşı tərəfə bu barədə məlumat vermirlər. Nəticədə, qarşı tərəfin də həmin xəstəliyə yoluxmasına səbəb olurlar. Bu cür hallar çox vaxt boşanmalara belə gətirib çıxara bilir.

Hüquqşünas Asif Abdullayev Metbuat.az-a açıqlamasında bildirib ki, təcrübəsində psixoloji və cinsi problemlə bağlı boşanmalar baş verib:

“Müəyyən xəstəliklər var ki, onun yoluxdurulmasında cinayət məsuliyyəti nəzərdə tutulur. Buraya infeksion, cinsi və dəri-zöhrəvi xəstəliklərini aid etmək olar. Bu xəstəlikləri gizlədib, qarşı tərəfə ötürmək məsuliyyətə səbəb olur. Amma bu məsələ xəstəliyin növündən də asılıdır. Cinayət Məcəlləsində dəri-zöhrəvi xəstəliklərin yayılması ilə bağlı maddə var. Həmin maddəyə görə, şəxsin zöhrəvi xəstə olduğunu bilə-bilə bu xəstəliyin başqa şəxsə ötürülməsi cinayət məsuliyyəti yarada bilir”.

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, ailəli ola-ola dəri-zöhrəvi xəstəliyə tutulmaq, bunun fonunda ailə daxilində konfliklərin yaranmasına gətirib çıxarır:

“Bütün hallarda ailədə bir-birinə qarşı güvən vacib məsələdir. Bunlar ailə prosesində ələ alınmalıdır. Bu gün Azərbaycanda ailə qurarkən tək fiziki hazırlıq deyil, psixoloji hazırlıq da nəzərə alınmalıdır. Evlilik prosesində bəzən psixoloji hazırlığı ciddiyə almırlar. Bu gün ailəqurma prosesində yaxşı olardı ki, tibbi müayinə ilə yanaşı psixoloji dəstək göstərilsin. Ailə daxilində konflikt yaranarkən, bunu kökləri psixoloji olarsa, onların psixoloji dəstək alması məqbul hesab olunur”.

Ginekoloq Ləman Əliyeva isə açıqlamsında evləndikdən sonra infeksiyaya yoluxma ilə bağlı müraciət edənlərin çox oduğunu bildirib:

“QİÇS kimi xəstəliklərə bizim baxmağımıza icazə yoxdur. Onlar müraciət edən zaman dəri - zöhrəvi dispanserə göndəririk. Həmin xəstələr orada mütləq şəkildə qeydiyyatda olmalıdır. Ora gedən cütlüklərin mütləq ikisi də müayinədən keçir. Orada heç vaxt tək şəkildə müalicə etmirlər. İnfeksiyalarla bağlı da bizə çox müraciət edənlər olub. Biz müraciət edən xəstənin təkcə özünə yox, yoldaşına da yazırıq”.

Qeyd edək ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 min 284 nəfər keçib. İndiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 131 olub.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda bu siqaretlər UCUZLAŞDI – FOTO – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR