Mağazalardakı saxta endirimlərə DİQQƏT - 6000 manat CƏRİMƏSİ VAR

Paytaxtdakı mağazalarda bayram günlərindən əvvəl başlanan endirimlər bu gün də davam edir.

Çox vaxt bu mağazalarda müştəriyə təklif olunan endirim kampaniyaları həqiqəti əks etdirmir. Qiymətlər ya təklif olunan endirimdən aşağı göstərilir, ya da bəzi mallara heç şamil belə edilmir. Endirim adıyla mağazaya daxil olan müştəri məyus şəkildə geri qayıdır.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bu gün paytaxtda olan endirimlərin böyük bir qisminin saxta olduğunu bildirir:

Azərbaycandakı endirimdən sonrakı qiymətlər bir çox hallarda endirimdən əvvəlki qiymətlərdən yüksək olur. 50%-70% endirimlər qiymətlərin aşağı düşməsinə deyil, artmasına gətirib çıxarır. Bu baxımdan, saxta endirimlərə qarşı mübarizə çox vacibdir. Qonşu Rusiyada saxta endirimlərlə bağlı qanun var. Qanunvericilik saxta endirimləri qadağan edir. Azərbaycanda da saxta endirimlərlə bağlı mübarizənin gücləndirilməsi və qanunvericiliyə daxil edilməsinə ehtiyac var. Qanunvericilik saxta endirimləri qadağan etməlidir. Endirim edən mağaza əvvəlki real qiyməti və endirim olunan qiyməti göstərməlidir. Bu sahədə monitorinqnlərin aparılmasına ehtiyac var.

Bir çox hallarda mağaza 70% endirim yazır. Amma müştəri mal alan zaman məlum olur ki, mağaza bütün mallara endirim etməyib. Müştəri bu halda aldadılır. O, yalan informasiya ilə mağazaya cəlb edilir”.

Vəkil Xəyal Bəşirov isə açıqlamasında bu cür hallar zamanı istehlakçıların hüquqlarının pozulduğunu bildirir:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi (Reklam haqqında qanunvericiliyin pozulması) mövcuddur. Həmin maddənin tələbinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir. Qeyd olunan hərəkətlər istehlakçıların hüquqlarının pozulmasına səbəb olduqda, həm də İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi yəni, İstehlakçıların hüquqlarının pozulması maddəsi ilə də məsuliyyət yaranır. Həmin maddəyə əsasən bu cür hərəkətlər istehlakçıların hüquqlarının az miqdarda (yəni 100 manatadək) pozulmasına səbəb olduqda inzibati məsuliyyət yaranır və bu zaman fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR