Play Store

​“ABŞ-ın Azərbaycanla bağlı məruzəsini hazırlayan ya savadsızdır, ya da...” – Politoloqdan açıqlama ​

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti yanvarın 10-da Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırıb.

Metbuat.az-ın məlumatına görə, qurum ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağrılıb. Bəzi sahələrdə risklərin artdığı qeyd olunub. Dövlət Departamenti, həmçinin vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi və münaqişə ərazisində ABŞ vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyəcəyi barədə məlumat verib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi, mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova isə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib. O, bu gün keçirdiyi ənənəvi brifinqdə dəfələrlə Bakıda olduğunu, ölkəmizdə özünü rahat hiss etdiyini deyib: ““Bilirsiniz niyə? Çünki Azərbaycanda həm idman, həm də mədəniyyət sahələrində bir sıra beynəlxalq tədbirləri uğurla həyata keçirir.

Görünür, idman da daxil olmaqla bir sıra sahələrdə müxtəlif kütləvi tədbirləri uğurla həyata keçirən ölkələr Dövlət departamentində qıcıqlanmaya səbəb olur. Mən dəfələrlə Bakıda olmuşam və deyə bilərəm ki, özümü orada çox rahat hiss etmişəm. Bu məlumatları hazırlayanlar sadəcə Bakıda, Azərbaycanda olmayıblar. Azərbaycana turistlərin gəlməməsini məsləhət görmək sadəcə axmaqlıqdır. Bunu yalnız Azərbaycanı, onun mədəniyyəti, siyasi vəziyyəti, bu ölkənin xəritədə harada olduğunu göstərə bilməyənlər yazıblar”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ-ın bu məruzəsini hazırlayan adamlar peşəkar deyillər: “Onlar ümumiyyətlə regionu bilmirlər. Ermənistanda hər həftə şəhərin mərkəzində kriminalların toqquşması olur, güllə atırlar, yaralananlar, hətta ölənlər olur. Demək olar ki, ayda bir dəfə kriminalların atışması ölümlə nəticələnir. Əgər ABŞ vətəndaşları üçün İŞİD-in gülləsindən ölməklə erməni kriminalının gülləsindən ölmək arasında fərq varsa, mən bunu başa düşə bilmirəm. O məruzəni hazırlayan şəxslərin mövqeyini başa düşmək olmur.

İkincisi orada görünür ki, Azərbaycana qarşı qərəz var. Ola bilər ki, Azərbaycanı hansısa dövlətə, məsələn Rusiyaya və ya başqa ölkəyə qarşı qoymaq istəyirlər. ABŞ belə vasitələrlə Azərbaycana təzyiq edir. Bu, Azərbaycanın imici üçün yaxşı olmayan məsələdir. Çünki bizim nə deməyimizdən asılı olmayaraq, dünya dövlətlərinin hamısı ABŞ Dövlət Departamentinin rəyilə hesablaşır. Düşünürəm ki, Azərbaycan elə öz müstəqil yolunu getməlidir”.

Mariya Zaxarovanın ABŞ-a cavabına gəldikdə isə politoloq bildirib ki, o, həqiqətən də regionu bilir: “Mariya Zaxarova özü də etiraf edir ki, dəfələrlə Bakıda olub, burada dəfələrlə konfranslar, beynəlxalq tədbirlər keçirilib. Keçirilən tədbirlərdə həmçinin 10-12, bəzən 15 fəaliyyətdə olan prezident və eks prezidentlər iştirak edib. Bildiyiniz kimi, prezidentlər və ya eks prezidentlər hər hansı ölkədədirsə, onların təhlükəsizliyi kifayət qədər həssaslıq tələb edir. Əgər hansısa tədbirə bu qədər prezident və eks prezident gəlirsə, demək o dövlətlərin xüsusi xidmət orqanlarının məlumatında da bildirilir ki, Bakıda təhlükəli bir şey yoxdur. Bu məruzəni hazırlayanların savadsızlığı özünü həm də onda göstərir ki, Ermənistanın özünün açıqladığı rəsmi məlumatlara görə, il ərzində guya sayca 869 nəfər arzuolunmaz şəxs İŞİD-lə əlaqəli olduğuna görə, Ermənistana buraxılmayıb. Bunların ən azı 10%-i Ermənistanın içinə giribsə, görün orada nə vəziyyətdir. Ermənistan necə sakit ölkə ola bilər ki, orada pasport, viza açıq satışdadır. Ona görə də düşünürəm ki, bu, ya ABŞ Dövlət Departamentinin həmin məruzəni hazırlayan mütəxəssisinin savadsızlığıdır, ya da Azərbaycana qarşı qərəzidir. Amma Mariya Zaxarovanın mövqeyi təbii ki, mütəxəssis mövqeyidir və öz fikrini də çox gözəl, düzgün şəkildə açıqlayıb”.

Qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də açıqlama verib.

XİN rəsmisi bildirib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: “Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır: “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycan bu sahədə əvəzolunmaz ölkəyə çevrilir – Millət vəkilləri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI